Nadir Qasımov: "İnter" ustalıq səviyyəsinə görə "Tromse"ni keçə bilmədi"
Dünən 3 klubumuz Avropa Liqasının təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxdı.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran" və "İnter" bu mərhələdə mübarizəni dayandırdılar. "Qarabağ" isə növbəti mərhələyə keçməklə Azərbaycanı sevincə qərq etdi. Bütün klublarımızın Avrokuboklarda çıxışını dəyərləndirəmək üçün "Şuşa" klubunun baş məşçisi Nadir Qasımovla əlaqə saxladıq. Qasımov bütün klublarımızın çıxışlarını belə şərh etdi:
“Neftçi” pis oyun sərgiləmədi. Sadecə olaraq “flaqman”da “qol vuran maşın” çatışmadı. Öz meydanında qol vurmamağı da öz sözünü dedi. Mən həmişə demişəm ki, futbol birinci qapıdan başlayır. Müdafiə xəttində çox səhvlərə yol vermək olmaz. Axırıncı 30 dəqiqədə “Neftçi” çox savadsız futbol oynadı. Bu oyunla “Neftçi” göstərdi ki, lazımı şəkildə oyuna hazırlaşa bilməyib komanda. Elə görünürdü ki, doyublar nədənsə. Nədən doyublar? Uğurdan? Neynəyiblər ki, doysunlar? Arenaya çıxanda 20-30 min azarkeş işini-gücünü atıb gəlir futbola baxmağa. Bir az məsuliyyət hiss etməlidirlər. Biz də elə oyun sərgiləyirik ki, Allah göstərməsin. Bu komandanı keçmək olardı. Bu gün “Neftçi”də nə çatışmır? Pul deyirsən var, hazırlıq prosesi üçün bütün şərait var. Elə bir şey yoxdu ki, deyəsən “Neftçi”də bu yoxdu. “Flaqman” psixoloji cəhətdən oyuna hazır deyildi. Böyükağa Hacıyev elədiyini elədi. Yerinə gələn görək nə edəcək “Neftçi” üçün.
“İnter”ə gəldikdə isə mən Kaxanın məşqlərini izləyirəm. O, çox məzmunlu məşqlər keçir. Onların çatışmayan ən böyük cəhəti odur ki, düzgün transferlər etmədilər. Bu bütün bizim klublarımıza aiddir. Zəif xəttləri doldurmaq lazımdır. Transfer pəncərəsində “İnter”in aldığı oyunçular keyfiyyətli deyil. “İnter” ustalıq səviyyəsinə görə “Tromse”ni keçə bilmədi.
“Xəzər Lənkəran” barəsində danışmağa dəyməz. Mənə çox müəmmalı qalır ki, “Xəzər Lənkəran” kimi komanda niyə bu günə qalıb? Mübariz müəllim kimi bir insanın komandası niyə belə çıxış edir? Şəxsən mən baxıram onların oyunlarına, ürəyim ağrayır. Bü gün gətirdikləri məşqçilər zəif məşqçidi? İstərdim ki, bu sualıma cavab versinlər. Avroliqanın cavab matçına çıxan komandaya “Fənərbaxça” ilə ilə yoldaşlıq oyunu vacib idi? Nə məqsəd güdülür burada? Bu səviyyəsiz bir şeydi. Bu qadağan olunan bir şey idi. “Fənərbaxça” bu gün Avropanın adlı-sanlı klublarından biridir. İstər-istəməz futbolçu yüklənir və mühüm bir oyuna hazırlaşmaqda çətinlik çəkir. Çox savadsız bir addım idi. Dünən ki oyun da belə bir nəticə ilə sonlandı. “Makkabi”yə biabırçı məğlubiyyətin səbəbkarı Con Toşakdı. İlk növbədə o təqsirkardı.
Mənim həmişə öz futbolçularıma belə bir söz deyirəm: “Yaxşı futbol sərgiləmək, komanda olmaq üçün ilk növbədə ailə olmaq lazımdı”. “Qarabağ” bu ailəni formalaşdırıb. Bir ailənin 11 qardaşı 22 nəfərlə dava etsə, inanın ki, o, 11 qardaş qalib gələcək. Çünki onlar döyülənə kimi meydanda qalacaq. 22 nəfərdən birinə yumruq dəyən kimi qaçıb gedəcək. Ona görə də ailə olmaq lazımdı. “Xəzər Lənkəran”a aiddi bu. Komandanı yaradanda ailəni də yaratmaq lazımdı. Ammə təəssüflər olsun ki, “Xəzər Lənkəran” kimi komandanın, belə bir bölgənin klubu uçuruma yuvarlanır. Mən “Xəzər Lənkəran”a qarşı çox oyunlarda qarşılaşmışam. Onların qonaqpərvərliyi, Mübariz müəllimin sadəliyini görmüşəm. Ancaq mənə çatmır ki, niyə belə uğursuz çıxış edirlər? Qurban Qurbanov “Qarabağ”da bir ailə formalaşdırıb. Bir-birinin sözünü qəbul edən komanda yaradıb. Hər dəfə Ağdam təmsilçisi Avroliqada öz oyunları ilə bizi sevindirir. Bütün klublarımız öz çıxışlarını dayandırdılar, amma “Qarabağ” yoluna davam edir. Mən onlara uğurlar arzulayıram. O gün olsun ki, “Qarabağ” qruplara düşsünlər. Onlar bu yerlərə layiqdirlər”.
saytlarin hazirlanmasi