Baş tutmayan transferlərdən biri də Uilrix Kapolonqo ola bilərdi
Ötən həftə “Qarabağ” Qarabağ üçün vətənpərvərlik dərsi keçdi. Hamımıza.
***
Mən polyak dilini bilmirəm. Amma 25 iyulda “Qarabağ” – “Piast” oyununa polyak dilində şərhlə baxdım. Ləzzət elədi. Oyun da, qələbə də, növbəti mərhələyə çıxmağımız da öz yerində. Amma mənə ləzzət eləyən polyak dilində eşitdiyim bu kəlmələr oldu. “Nakornu Karabah”, “Aqdam”, “okupajia” və sairə. Məlum olurdu ki, şərhçilər Dağlıq Qarabağ problemi və Ağdamın hazırda işğal altında olduğundan danışır. Avropanın mərkəzində, Şərqi Avropa ilə Qərbi Avropanın qovşağında bəlkə də yüz minlərlə tamaşaçı bu reallıqlara qulaq asmağa məcbur edilmişdi. Avropanın mərkəzində insanları bu həqiqətləri eşitməyə “Qarabağ”, futbol şərhçilərinin dili ilə desək, Qurban Qurbanovun yetirmələri məcbur etmişdi.
***
2013-cü il başlayandan bütün əcnəbi və milli politoloqlarımız bir ağızdan deyir ki, bu il Qarabağ münaqişəsi ilə bağlı heç bir tərpəniş olmayacaq. Əslində son 20 ildə heç bir tərpəniş yoxdur. Cəbhə xətti dəyişməyibsə, deməli, tərpəniş yoxdur. Danışıqların heç bir nəticə vermədiyini isə ölkə Prezidenti İlham Əliyev də dəfələrlə bildirib. Ordumuzun 95 illiyində çıxışında Prezident bunu bir daha vurğuladı: “Əfsuslar olsun ki, danışıqlar nəticə vermir”. Danışıqları aparan Prezidentdirsə və o deyirsə ki, heç bir irəliləyiş yoxdur, bu məsələdə mübahisə və müzakirə yersizdir. Qayıdaq 2013-cü ilə. Görünür, 2013-ü itirilmiş il hesab edən politoloqlarımız “Qarabağ” barədə düşünməyiblər. 2013 Qarabağ üçün itirilmiş olmadı. “Qarabağ”, futbol şərhçilərinin dili ilə desək, Qurban Qurbanovun yetirmələri sayəsində.
***
Vətənpərvərliyini hərə bir cür izhar edir. Amma vətənpərvərliyin izhar forması elə seçilməlidir ki, xeyir əvəzinə ziyan vurmasın. Təxminən bir il əvvəl “Qarabağ” komandasına canı yanan həmkarlarım bir kampanya başladılar ki, komandanın dislokasiya yeri Ağdam şəhərinin müvəqqəti inzibati mərkəzi olan Quzanlı kəndi olmalıdır. Mən buna etiraz etdim. Məni qınadılar. Mənim həmişə hörmətini saxladığım Aqil Abbas, xətrini dünyalar qədər istədiyim Rey Kərimoğlu və bir çoxları qınadı. Mənə qınayaraq nələr dedilər, sadalayıb vaxtınızı almayım. Hətta “bu, Ağdamın komandası deyil” də dedilər. Mənim arqumentim isə çox bəsit idi: Bizə “Qarabağ”ın Quzanlıda oynamağındansa, Avropaya çıxması daha çox lazımdı. “Qarabağ” bu il Quzanlıda oynayıb, ağdamlıları sevindirmədi, amma Avropada oynayıb bütün Azərbaycanı sevindirdi.
***
Bu il “Qarabağ” bir xeyli əcnəbi oyunçuları transfer etdi. Məncə, “Qarabağ” Quzanlıda dislokasiya olunsaydı, həmin transferlərin bəzisi baş tutmaya bilərdi. Bunun obyektiv və subyektiv səbəbləri ola bilər. Baş tutmayan transferlərdən biri də Uilrix Kapolonqo ola bilərdi.
“Piast”la oyunda qələbə qolunu vuran oyunçu. O, ağdamlı deyil, qarabağlı deyil, azərbaycanlı deyil, türk deyil. Heç bizim irqdən də deyil. Qaradərilidir. Amma Uilrix Kapolonqo bizə sevinc yaşatdı. Əsas məsələ onun bizə yaşatdığı sevincdə də deyil. Əsas məsələ ondadır ki, onun vurduğu qolla “Qarabağ” İsveçin “Gefle” klubu ilə qarşılaşacaq. “Eurovision – 2012”-nin qalibi Lorenin yerliləri ilə. Bu dəfə İsveç şərhçiləri öz dillərində “Naqornu Karabah”, “Aqdam” deyəcək, nələrisə izah edəcək... Bizim həqiqətlər Avropada səslənəcək. Lorenin səsləndirmədiyi həqiqətlər. Əslində Lorendə də günah yoxdu. Ona nə tapşırmışdılar, onu da eləyirdi. Amma “Qarabağ”, Uilrix Kapolonqo və Qurban Qurbanovun digər yetirmələri heç bir tapşırıq olmadan isveçliləri Qarabağ barədə danışılanlara qulaq asmağa məcbur edəcəklər.
***
Sonda bir daha vətənpərvərlik barədə. Bakıda oturub populist çıxışları ilə erməniləri asıb-kəsənlərə üzümü tuturam: siz heç biriniz bu gün Uilrix Kapolonqo qədər vətənpərvər deyilsiniz. Vətənpərvərlik odur ki, əməlin Vətənə xeyir versin, ziyan yox. Millət vəkili Zahid Oruc vətənpərvər deputatlardan biri hesab olunur və o deyir: “Azərbaycan hər gün atəşkəsi pozmalıdır”. Ermənilər bunu əllərində dəstəvuz edib “bizi qırırlar, qoymayın” deyə şivən salır. Və dünya onların şivəninə inanır. Çünki əks tərəfdə Zahid Orucun bəyanatı var. İndi Siz özünüz fikirləşin, bu anda kim daha çox vətənpərvərdir: Uilrix Kapolonqo, yoxsa Zahid Oruc. Ürəyindən Lorenin Azərbaycan üçün daha gərəkli olduğunu keçirənlərin nəzərinə. Onun bizə ümumiyyətlə dəxli yoxdur. O həmvətənlərinin qisasını almağa gəlmişdi, aldı, getdi.
***
Maraqlananlar üçün növbəti vətənpərvərlik dərsinin yeri və ünvanını xatırladıram: 1 avqust, Tofiq Bəhramov adına Respublika Stadionu.
Qafqazinfo.az: Asəf Quliyev
saytlarin hazirlanmasi