"Belə bir şey olsa, evdə də, səfərdə də cəzalana bilərik" MÜSAHİBƏ

14:16 - 29 İyul 2013

Qara Qarayev: "Şəxsən polşalılardan bunu gözləmirdim"
 
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin Sportal.az-a müsahibəsi
 
- Səfərdə “Pyast” sizə çətin anlar yaşatdı, amma növbəti mərhələyə keçən tərəf “Qarabağ” oldu. Ümumiyyətlə oyunu neçə xarakterizə edərdin? 
- Oyun istədiyimiz kimi başladı. İlk qolu vurduq. Sonra ard-arda gözlənilmədən iki qol buraxdıq. Ancaq oyunu burxmaq ağlımızdan belə gəlmədi. Tez bir vaxtda toparlandıq. Şükürlər olsun ki, vacib qolu vurub məhz növbəti mərhələyə biz çıxdıq.
 
- Oyunun əlavə vaxta kimi getməsinin səbəbi nə idi?
- Sizə deyim ki, ilk hissədə bir neçə qol vurmaq üçün yaxşı epizodlarımız oldu. Onlardan istifadə edə bilmədik. Əgər istifadə edə bilsəydik, oyun bu qədər uzanmazdı. Biz Polşaya gedəndə hər şeyə hazırlaşmışdıq. Penaltilərə belə hazır idik. Bu futboldu, meydanda sona kimi mübarizə aparmaq lazımdı.
 
- İlk qolu vurduqdan sonra iki qol buraxmağınız arxayınlaşmaqdan irəli gəlirdi?
- Onlar hücuma gəlirdi, biz isə əks hücumda onları tutmağa hazırlaşırdıq. İlk qolu vurduqdan sonra arxayınlaşmadıq. Vurduqları qollar da çox sadə epizodlardan vurdular. Bir anlıq diqqətsizliyin qurbanı olduq.
 
- Artıq növbəti mərhələdə İsveç klubu “Gefle” ilə qarşılaşacaqsınız. Ümumiyyətlə bu komanda haqqında hansı biliklərə maliksən?
- Hələ bu komanda haqqında çox məlumata sahib deyiləm, amma necə komandadı, necə oyuna üstünlük verirlər onu bilirəm. 
 
- Dünən “Gefle” İsveçin güclü klubu “Malmö” klubunu öz meydanında məğlub edib. Evdə uduzmayan komandaya qarşı necə mübarizə aparacaqsınız?
- İlk oyunu evdə oynayırıq. Burada lazımlı nəticəni qazansaq səfərdə daha rahat oynaya bilərik. Güclü komandaya qarşı oynayacağımızı bilirik və bu oyuna çox ciddi hazırlaşırıq.
 
- Rəqibiniz “Gefle” fair-play qaydalarına əməl etdiyi üçün düşüb Avroliqaya. Bu arxayınçılıq yaratmaz komandaya?
- Bizdə bu barədə qətiyyən belə fikir yoxdu. Belə bir şey olsa, evdə də, səfərdə də cəzalana bilərik. Onların buraya necə düşməyi bizim üçün əhəmiyyəti yoxdu. Bizim üçün vacib öz oyunumuzdu.
 
- “Pyast”la oyunda ermənilər Dağlıq Qarbağın tanınmayan bayrağını tribunadan qaldırdılar. Sənin buna münasibətin necə oldu?
- Oyun vaxtı bizim xəbərimiz olmadı. Ehtiyyatda oturan məşqçilərimiz, menecerimizin xəbəri olmuşdu. Oyundan sonra xəbər bildim və çox pis oldum. Biz “Qarabağ”ın adından meydanda mübarizə aparırıq. Çox təəssüf ki, onlar təxribatçılıqla məşqul oldular. Şəxsən polşalılardan bunu gözləmirdim.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti