"Yazdığımız tarix həmişəlik qalıb"

13:34 - 30 İyul 2013

Elvin Yunuszadə: "Bu barədə son sözü məşqçilərimiz deyəcək"
 
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin Sportal.az saytına müsahibəsi
 
- Komandada məşqlər necə gedir? Oyunlara hazırlaşa bilirsiz? Böyükağa Hacıyevin istefası klubda necə qarşılandı?
- Məşqlər yaxşıdı, pis deyil. Düzdü, Böyükağa Hacıyevin istefası xoş deyil. Amma irəli baxmaq lazımdı. Bundan sonrakı karyerasında ona uğurlar.
 
- “Skenderbeu” məğlubiyyətindən sonra komandada hardasa xoşagəlməyən hadisələr oldu. Bütün bunlar bu il çempion olmağınıza mane olmayacaq ki?
- Komandanın elə əsl gücü burda görünür. İnşallah, bu il çempion olub hər şeyi öz azarkeşlərimizə unutduracağıq. Unutdurmaq istəyirik. 
 
- Səncə, “Skenderbeu”ya məğlubiyyətin səbəbləri nə idi? Nə üçün 210 dəqiqəlik mübarizədən “Neftçi” məğlub ayrıldı?
- Məncə, birinci oyunda o qədər qol imkanlarından istifadə edə bilməməyimizin böyük rolu vardı. 
 
- Bu məğlubiyyət ötənilki uğurunuza kölgə saldı. Bununla bağlı nə deyərsən? Bu məğlubiyyətdən sonra çox söz-söhbətlər yarandı. 
- Yox, bu futboldu, gah qalib gəlirsən, gah da uduzursan. İnşallah, irəli baxmaq lazımdı. Yazdığımız tarix həmişəlik qalıb. 
 
- Karlos Kardosonun da komandaya gəlməsi sənin üçün əsas heyətə düşməkdə problem yaratmayacaq ki?
- Mən yenə də öz oyunumu göstərəcəm, öz məşqimi edəcəm. Qaldı ki, bu barədə son sözü məşqçilərimiz deyəcək.
 
- Premyer Liqada ilk oyununuz AZAL-a qarşı olacaq. Oyun haqqında nə deyərdin?
- AZAL yaxşı komandadı. Amma mövsümə qalibiyyətlə başlamaq istəyirik.
 
- Vobayin gedişi komandaya nə dərəcədə təsir edəcək?
- Bu, çempionatda bilinəcək. Amma inanıram ki, hər kim Vobayın yerinə oynayacaqsa, onun yerini layiqincə dolduracaq.
 
- Bir də Kanalesin yoxluğu komandada hiss olunurmu?
- Əgər hələ qol vura biməmişiksə, iki oyunda, məncə, yeri görünür. Amma mən inanıram ki, Bahodir Nasimov da, Melvin Platye də Kanalesin yerinə gələcək. Onlar onun yerini oyunlarda layiqincə dolduracaq.       
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti