"Fənərbaxça"yla "Makkabi" ilə matçdan sonra oynasadıq, yaxşı olardı"

15:43 - 30 İyul 2013

Uğur Pamuk: "İnanıram ki, əsl azarkeşlərimiz bizi tək qoymayacaqlar"
 
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Uğur Pamukun Sportal.az-a müsahibəsi
 
- “Makkabi” ilə oyunda bəlkədə “Xəzər Lənkəran”, tarixinin ən böyükhesablı məğlubiyyətini aldı. Sən bu oyunla bağlı nə deyə bilərsən?
- Bu oyun barəsində heç kim danışmaq istəməz. Biz də istəməzdik belə olsun. Qələbə üçün meydana çıxmışdıq. İlk saniyələrdə qazandığımız o fürsətdən yararlansaydıq bəlkə də belə olmazdı. Amma hər şeyi bunun üstünə atmaq olmaz. Vurduqları birinci qoldan sonra özümüzü itirdik.
 
- Buraxdığınız iki qol kuryoz alındı. Bu qollar sizi ruhdan saldı?
- Bu barədə deməyə söz tapa bilmirəm. Belə nəticə üçün azarkeşlərdən üzr istəyirik.
 
- “Xəzər Lənkəran” azarkeşi bu məğlubiyyəti asan həzm edə bilmir. Siz bunu necə unutdurmaq istəyirsiniz?
- Bunu ancaq çempionatda unutdura bilərik. İlk oyunda “Sumqayıt”la oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Geriyə baxmaq istəmirik. Ancaq irəlidəki oyunları fikirləşirik.
 
- “Fənərbaxça” ilə yoldaşlıq matçının “Makkabi” ilə oyuna təsiri oldu?
- Məncə olmadı, amma “Makkabi” ilə oyundan sonra olsaydı daha yaxşı olardı. 
 
- Bir həftə ərzində 3 oyun oynadınız. Komandada yorğunluq olmadı?
- Yox. Belə baxanda İngiltərə Premyer Liqasında hər həftə iki oyun keçirirlər.
 
- O, məğlubiyyətdən sonra yenidən məşqlərə başlamısınız. Ümumiyyətlə komandada ab-hava necədir?
- Hamı bu məğlubiyyətə pis olub. Heç kim başa düşə bilmir ki, nə baş verib.
 
- Bu psixoloji vəziyyət çempionat oyunlarına mənfi təsirini göstərməz?
- İnşallah etməz. Bizim məqsədimiz çempionatda çempion olmaqdı. Qələbələrlə Lənkəran azarkeşlərini sevindirmək istəyirik.
 
- Qarşıda köhnə komandan “Sumqayıt”la oyununuz var. Ötən il də “Xəzər Lənkəran” “Sumqayıt”a qalib gələ bilmədi. Sən necə düşünürsən, bu sindromu qıra biləcəksiniz? 
- İlk turda qələbə qazanmaq istəyirik. Çalışacağıq ki, qələbə qazanıb azarkeşlərimizi sevindirək.
 
- Komandadan 4 futbolçu göndərildi. Onların yerini doldurmaq çətin olmayacaq “Xəzər Lənkəran” üçün?
- Bu barədə danışmaq istəmirəm. Heç bir futbolçunu günahlandırmaq olmaz.
 
- Sonda azarkeşlərə nə sözün var?
- İnşallah, bütün gücümüzü çempionata verib çempion olacağıq. Bir oyuna görə azarkeş bizi tək qoymaz. Oldu keçdi. İnanıram ki, əsl azarkeşlərimiz bizi tək qoymayacaqlar.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti