Qurban Qurbanov: "Gefle" ilə oyunda İlk öncə qol buraxmamağa çalışacağıq"

20:49 - 31 İyul 2013

"Komandada zədəli oyunçularla bağlı bir neçə problemlərimiz var"

 

"Öz oyununu təsdiqləmiş bir rəqibə qarşı oynayırıq. Onların öz üslubu var. "Gefle" bir neçə oyun üslübunda oynaya bilir. Səfərdə tam başqa, evdə tam başqa oyun nümayiş etdirirlər. Biz də onlara qarşı bir neçə oyun üslubunda hazırlaşmışıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri bu gün "Qarabağ" - "Gefle" oyunundan öncə keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Rəqibin fərqli üslublarda oynamağı bacardığını deyən təcrübəli mütəxəssis fikrini belə izah edib:

 

"Yenə də rəqibi canlı görməsək, onlara qarşı meydanda tam rahat ola bilmərik. "Piast"da olduğu kimi "Gefle"nin də irəli xəttində iki ucaboy futbolçusu var. Digər oyunçuları da ucaboydur. Nəticənin necə olacağını meydanda görəcəyik. İlk oyundur. Ehtiyyatlı olub, qələbə qazanmalıyıq. Hazırda komandada zədəli oyunçularla bağlı bir neçə problemlərimiz var. Belə ki, Vüqar oynamayacaq, Reynaldonun isə oynama ehtimalı azdır. Maksim Medvedevlə bağlı da problemimiz var. Hesab edirəm ki, ikinci oyuna daha yaxşı hazırlaşacağıq. Çünki rəqibi daha yaxşı tanıyacağıq".  

 

Sual: "Ansi Aqolli və Admir Teli "Neftçi" - "Skenderbeu" oyunundan əvvəl alban klubunun düşərgəsinə gedibmi? "

"Bu barədə danışmayaq."

 

Sual: "Qarabağ"ın bu oyundan istədiyi nədir? Qol buraxmamaq, yoxsa 2 top fərqi ilə qalib gəlmək?"

"Bu oyunlar elədir ki, maksimum hazırlaşmaq lazımdır. İlk öncə qol buraxmaq istəmirik. Sonra da qalib gəlmək istəyirik ".

 

Sual: "Qarşıda çempionat var və "Qarabağ" avroliqada qruplara düşsə, çempionat oyunlarında təxirəsalınmalar olacaq?"

"bacardığımız qədər çalışacağıq ki, olmasın".

Xəbər xətti