Rüfət Nadirli: "Başqa kanallarda nəyin necə olması məni o qədər də maraqlandırmır"
Sportal.az "İdman zamanı" verilişinin aparaıcısı Rüfət Nadirlinin müsahibəsini təqdim edir
- "İdman zamanı" verilişinin istirahətə çıxması söz-söhbət yaratdı. Futbol ictimaiyyəti arasında fikir formalaşdı ki, sərt tənqidlərə görə veriliş bağlanacaq. Reallıq necədi?
- Əslində, verilişin istirahətə çıxması normal haldı və bu məsələ TV proqram qaydalarına uyğundu. Artıq “İdman zamanı”nın heyəti istirahətini başa vurub. Tezliklə - daha dəqiq desək, 10 gün müddətində fəaliyyətimizi bərpa edəcəyik. Qaldı ki, söz-söhbətlərə... Bu olan işdi, mənim də qulağıma çatırdı belə söhbətlər. Mənə pis təsir edən bilirsiz nədi? Verilişə gələndə özünü “İdman zamanı”nın doğma bir üzvü hesab edən və “hər dəfə izləyirəm, əladı” deyənlərin sevinməsiydi bu söz-söhbətlərə. Reallıq budu ki, veriliş dayanmayıb və yeni mövsümdə bütün futbolsevərlərə yenidən maraqlı proqramlar təqdim edəcəyik.
- Verilişdə həqiqətən sərt tənqidlər səslənirdi. Buna görə sizə hansısa təzyiqlər olurdumu?
- Tənqidə normal baxıram, ən gözəl şey tənqiddən nəticə çıxarmaqdı. Amma təəssüflər olsun ki, bəziləri bunu hələ də normal qəbul edə bilmir. Təzyiq isə istənilən şəraitdə olur. Burda da var, amma bunlar mənim üçün o qədər də əhəmiyyət kəsb etmir. Təzyiq olacaqsa, cavabı da veriləcək.
- Qonaqların seçimində sənə göstərişlər verilirmi, yoxsa bu yöndə tam sərbəstsən?
- Xeyr, tam sərbəstəm. Çünki verilişin aparıcısı olmaqla bərabər, həm də layihənin rəhbəriyəm. Ona görə də, qonaq seçimində azadam.
- Tənqidi verilişdən sonra AFFA, PFL və klub rəhbərləri hansısa bir şəkildə reaksiya bildirirlərmi?
- (gülür) Öncə onu deyim ki, bu verilişi artıq hər kəs izləyir - AFFA, PFL-də oturanlardan tutmuş, klublaradək. Özü də «İdman zamanı»nın videoyazısı bir çox idman saytlarında da yerləşdirilir. Fürsətdən istifadə edib həmin saytların rəhbərlərinə də minnətdarlığımı bildirirəm. Reaksiyalar olub, hətta elə qonaqlarım olub ki, onlar verilişdə ötən dəfə ona qarşı səslənən irad və tənqidlərə də münasibət bildiriblər.
- Yeni mövsümdə verilişdə hansısa bir yenilik müşahidə edəcəyik?
- Verilişin vaxtında yenilik olacaq. Ola bilsin ki, verilişin efir vaxtı artırılsın. Hər verilişin mövzusu olacaq və ona uyğun tamaşaçı fikirləri də yer alacaq. Amma dizayn dəyişməyəcək. Çünki dizayn yeni qurulub və ən yaxşılardan biridi.
- Əvvəlki xətti davam etdirəcəksiz, yoxsa tənqidlərin «doza»sı azalacaq?
- Niyə azalmalıdı ki? Nöqsan varsa, mütləq tənqid olacaq. Bir də ki, verilişdə heç kimi bilərəkdən tənqid etmirik ki? Olan hadisələrə münasibət bildirilir və nəticədə tənqid yaranır. Ona görə də, çempionatda az səhv olmalıdı ki, az tənqid də olsun. Yox, bu olmayacaqsa, onda yetərincə tənqid olunacaqlar, bundan tam əmin olsunlar. “İnterAz” TV -nin “İdman zamanı” verilişi həmişə obyektiv olub və olacaq da.
- Ayrı-ayrı telekanallarda yayımlanan futbol verilişlərinə zaman-zaman müdaxilə olunub. Həmin verilişlər ya bağlanıb, ya da tənqidlərin «doza»sı azaldılıb. “İdman zamanı”nı belə taleyin gözləmədiyinə əminsən?
- Başqa kanallarda nəyin necə olması məni o qədər də maraqlandırmır. Mən öz verilişimə cavabdehəm və belə bir şeyin olması da mümkün deyil. Veriliş bağlana bilməz və tənqid də olacaq.
"Komanda" qəzeti
saytlarin hazirlanmasi