"Foqtsun "Makkabi"ni misal gətirməsi düzgün deyil"

15:14 - 14 Avqust 2013

Şahin Diniyev: "Şanslar deyərdim ki, “Ayntraxt”ın xeyrinədir"

 
Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin Sportal.az-a müsahibəsi
 
- Bu gün yığma komandamız Malta millisi ilə qarşılaşacaq. Sizcə, rəqib seçimi düzdür? İsraillə oyunöncəsi bu matç bizə lazım idi?
- Reallıq budur ki, bizimlə oynaya biləcək komandalar azdı. Güclü komandalar bizimlə oynamaq istəmir. Onlarında qarşısında bir məqsəd var. Çünki özlərinə partnyor seçəndə çalışırlar ki, nəyəsə köklənə bilsinlər. Ona görə də güclü komanda tapmaq çətindi. Belə komandalar ilə oynamaq daha məqsədə uyğundur. İsraillə oyuna gəldikdə isə əlbəttə, bu oyun yığmanın növbəti oyun üçün quralacaq heyətin və taktikanın seçiminə təkan verəcək. 
 
-  Malta ilə İsrailin oyun üslubu üst-üstə düşür?
- Yox. İsrail Maltadan iki baş güclüdür.  Oyun sistemlərində dəyişikliklər çoxdur. İsrail millisi daha çox ispan futboluna üstünlük verir. Malta isə bizim kimi əks hücumlara bel bağlayır. Burada əsas qalib gəlmək yox, quracağın taktika, mövqelərdə oynadacağın oyun vacib olacaq.
 
- Berti Foqts açıqlamasında deyib ki, “Xəzər Lənkəran” legionerləri ilə birgə “Makkabi”yə 0:8 hesabı ilə məğlub olub. Mən isə ancaq yerli futbolçularla oyanayacağam”. Sizcə, Foqts özünü İsraillə matç öncəsi siğortalayır?
-Hər bir məşqçinin şəxsi baxışı var.  Bir şey var ki, bu milliyə dəvət olunanlar ən yaxşı futbolçulardı. “Makkabi” ilə baş verən məğlubiyyəti qabağa çəkmək düzgün deyil.
 
- Milli komanndamızın seçmə mərhələdə 3 oyunu var. Bu oyunlardan nə gözləyirsiniz?
- Biri var, xal almaq, biri də var oyun barəsində nəsə gözləmək. Bunların ikisi də mənə qaranlıq qalır. Rusiya və İsraillə oyunlarda xal almaq çətin olacaq. Bir ümid qalır ki, Şimali İrlandiya ilə oyunda xal almaq. 
 
- Bu seçmə mərhələdə daha çox xal toplamaq olardı?
- Burada komandaların düşməyindən də çox şey asılıdır. Mən belə hesab edirəm ki, əsas xal toplamaq yox, oyunu tapmaq lazımdır. Sistemi oturtmaq lazımdı. Bu günki gündə biz qarşımıza 2016 Avropa çempionatında çıxmaq məqəsdi qoya bilmərik. Bu bir az ağılsızlıq olar. Gərək bunu addım-addım edəsən. 
 
- Gələn həftə “Qarabağ” Avropa Liqasında “Ayntraxt”ı qəbul edəcək. Necə düşünürsünüz, “Qarabağ”ın Avroliqadakı uğuru milliyə təsir edə bilər?
- “Qarabağ”ın bir neçə futbolçusu millidə iştirak edir. Onlar Avropanın nəhəng klublarına qarşı oyunlar keçiriblər. Yığdıqları təcrübə hesabına onlar milliyə öz töhfələrini verə bilərlər.
 
- Ümumiyyətlə “Qarabağ”ın “play-off”dakı oyunlarından nə gözləyirsiniz?
- Adlara görə hər şey aydındır. Oyunöncəsi “Ayntraxt” “Qarabağ”dan güclüdür. Həm iki çempionatı götürəndə görürsən ki, Almaniya çempionatı haralardadır. Amma iki oyun üçün hardasa “Qarabağ”ın istəyi, arzusu çox ola bilər. Şanslar deyərdim ki, “Ayntraxt”ın xeyrinədir. Desəm ki, “Qarabağ”ın şansı sıfıra bərabərdi, bu yalıan olar. “Qarabağ”ın şansı var. Ancaq bu, olduqca çətin şansdır.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti