Emin Abbasov: "Qarabağ"ın heç kimin köməyinə ehtiyacı yoxdur"

01:06 - 20 Avqust 2013

"Lənkəranlı fanatlar həmişə “Qarabağ”a sevgi və hörmətlə yanaşıblar"

 

“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Emin Abbasovun sportal.az saytına müsahibəsi

 

 “Qarabağ”ı Avroliqada “Ayntraxt”la vacib matçlar gözləyir. Bu dəfə qrup mərhələsi xəyaldı, yoxsa reallıq?

 

Rəqibi nə kiçiltmək, nə də şişirtmək lazımdır. “Ayntraxt” birinci turda “Herta”ya 1:6 hesabı ilə məğlub oldu. Lakin ikinci turda “Bavariya” ilə oyunda qapısında cəmi 1 qol gördü. Bundesliqada mübarizə aparan komanda Avroliqaya vəsiqə qazanırsa, heç vaxt zəif ola bilməz. Ancaq etiraf edək ki, Frankfurt klubu “Borussiya” deyil və onlara qarşı oynamaq olar. Cütün favoriti almanlardır. Ancaq bu o demək deyil ki, biz vəsiqəni onlara hədiyyə edəcəyik. “Qarabağ” həmişəki kimi savaşacaq. İnşallah, 3-cü cəhddə qrup mərhələsinə vəsiqə qazanarıq.

 

“Qarabağ” çempionata da yaxşı başlayıb və 3 turdan sonra yüzfaizli nəticə göstərib. Lakin “Xəzər Lənkəran”la oyunda Rəhim Həsənovun hakimliyi qarşı tərəfin ciddi etirazlarına səbəb olub. Baş hakimin idarəçiliyinə necə qiymət verərdin?

 

Bu görüşdə ən çox müzakirə olunan məqam penalti epizodudur. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da etiraf edib ki, həmin epizodda Rəhim Həsənov yanlış penalti təyin edib. “Xəzər Lənkəran”ı çox yaxşı anlayıram. Komanda ikinci hissəyə xeyli fəal başlamışdı və penalti qərarı olmasaydı, nəticənin necə olacağını bilmək olmazdı. Bəlkə qonaqlar hesabı bərabərləşdirərdi, bəlkə elə 1:0 hesabı ilə sona çatacaqdı görüş. Səhv etmirəmsə, “Qarabağ” Azərbaycanda ilk klubdur ki, bu qədər intensiv oyunlar keçirir. Biz buna etiraz etmiriksə, deməli, xal itkilərini də göz önünə almışıq və belə halda çətin kimsə bizi uğursuzluğa görə qınasın. Hətta “Xəzər Lənkəran”a məğlub olsaydıq da, burada faciəvi heç nə olmayacaqdı. Biz acı məğlubiyyətlər də görmüşük, kifayət qədər parlaq qələbələr də qazanmışıq. “Qarabağ” üçün qələbədən də vacib məqamlar var. Bu gün biz ölkənin ən sevilən klublarındanıqsa, bu, bizim ən böyük qələbəmizdi. Ona görə də, tam səmimi deyirəm, “Qarabağ”ın heç kimin köməyinə ehtiyacı yoxdur. Biz nümayiş etdirdiyimiz oyunla istənilən rəqiblə mübarizə apara bilərik.

 

“Qarabağ” – “Xəzər Lənkəran” oyunundan sonra azarkeşlər arasında da qarşıdurma olub...

 

Biz belə halların əleyhinəyik. “İmarət” fanklubunun fəallarından olan Elnur bəylə bu barədə söhbətimiz oldu. Bu hadisənin “İmarət”lə əlaqəsi olmasa da, onlardan xahiş etdik ki, meydanda belə halların yaşanmasına mane olsunlar. “Qarabağ”ın rəhbərliyi çox kübar, alicənab insanlardır və rəqib komandanın ünvanına səslənən söyüşlər onlara da pis təsir edir. Bizim Avroliqa oyunlarımızda bütün klubların azarkeşləri meydana gəlib bizə dəstək verirlər. Hamı “Qarabağ”ın ətrafında birləşməyə çalışır. Lənkəranlı fanatlar həmişə “Qarabağ”a sevgi və hörmətlə yanaşıblar. Bizi hər zaman Lənkəranda isti qarşılayıblar. Gərək, biz də onlara eyni qonaqpərvərliyi göstərək.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov millinin son matçını AFFA prezidenti Rövnəq Abdullayevlə birlikdə izlədi. Bu o deməkdir ki, Qurban bəy millinin yeni baş məşqçisi olacaq?

 

Mən həmişə demişəm ki, millini bu durumdan yalnız Qurban Qurbanov xilas edə bilər. Həm savadlıdır, həm yerli futbolçuları yaxşı tanıyır və digər tərəfdən azarkeşlər də ona dəstək olacaqlar. Burda söhbət Avropa çempionatının final mərhələsinə çıxmaqdan getmir. Çünki bizim futbolumuz hələ o səviyyədə deyil. İnanıram ki, Qurban bəy döyüşkən milli yaradacaq və heç olmasa hər tsikl 10-12 xal toplayacaq. Bunun üçün ilk növbədə AFFA Foqts üçün yaratdığı şəraiti Qurbanov üçün yaratmalıdı. Əgər belə olsa, nəticə özünü göstərəcək. Ancaq bir məsələ var ki, “Qarabağ” rəhbərliyi gərək Qurban Qurbanovun millidə işləməsi üçün razılıq versin. Çünki “Qarabağ”ın Qurban bəylə əməkdaşlığı uzun müddətli layihəni əhatə edir və belədə onun klubu tərk etməsi də doğru olmaz. Ola bilər ki, eyni zamanda millidə və “Qarabağ”da çalışsın. Ancaq hələ ki, nə AFFA-dan təklif var, nə də Qurban Qurbanov bu məsələyə fikir bildirib.

 

Şahin OĞUZ

Xəbər xətti