Mindauqas Kalonas: "Mənə elə gəlir ki, 4 komanda çempionluq üçün yarışacaq"
"Bakı"nın litvalı hücumçusu Mindauqas Kalonasın Sportal.az saytına müsahibəsi
- “Bakı” “Simurq” üzərində qələbə qazandı. Oyun necə keçdi, nəticədən razı qaldınız?
- İlk dəqiqələrdən göstərdik ki, biz qələbə qazanmaq istəyirik və onun üçün mübarizə aparacağıq. Düşünürəm ki, oyunun axarına nəzarət edə bilirdik. Yaxşı futbol ortaya qoyduq və qələbə qazandıq.
- Bu, “Bakı”nın ikinci qələbəsi oldu. Sizcə, komanda artıq canlanır?
- “Bakı” komandası inkişaf edir. Komanda hər oyundan-oyuna dirçəlir. Bunu son oyunlarda aldığımız nəticələr də göstərir.
- Bir çox epizodlardan yaralana bilmədiniz. O anda nə baş verdi?
- 3 epizod oldu. Bilmirəm, orda nə baş verdi. Yaxşı ki, digər komanda yoldaşlarım qollar vurdu və 3 xalı qazandıq. Heç nə olmaz. Yəqin ki, növbəti oyunlarda bunun əvəzini çıxaram.
- Növbəti turda rəqibiniz “Neftçi”di...
- Məncə, yaxşı oyun olacaq. Rəqibi evdə qəbul edəcəyik. Bəlkə də bu amil bizə əlavə üstünlük verəcək. Ümid edirəm ki, o oyunda da xallar bizim olacaq.
- Dünənki rəqib - “Simurq” bir komanda kimi necə oyun sərgilədi?
- Əlbəttə, rəqib püxtələşmiş, mübariz, qələbə üçün oynayan kollektivdi. Həm mübarizə əzminə, həm də ustalıq səviyyəsinə görə göstərdilər ki, yaxşı komandadı.
- İlk iki turda “Bakı” uduzdu və hamı belə düşünməyə başladı ki, artıq bu komanda medallar uğrunda mübarizə aparmayacaq...
- Mən həmişə deyirəm ki, “Bakı” çempionluq üçün oynayır və bu yolda, ən yüksək yerlər uğrunda mübarizə aparacaq. O iki oyuna görə də komandaya qiymət vermək düzgün deyil. Bilmək olmaz ki, komanda sonra necə oynayacaq. Bəlkə də komanda hələ tam hazır deyil. Məncə, yalnız xeyli oyundan sonra bu haqda nəsə demək olar. Düşünürəm ki, biz ilk "üçlük"də olacağıq.
- Demək olar ki, 4 tur arxada qalıb. Sizcə, hansı komandalar çempionluq üçün oynayır?
- Əlbəttə, “Neftçi”, “Qarabağ” yüksək səviyyəli komandalardı. Mənə elə gəlir ki, 4 komanda – “Neftçi”, “Qarabağ”, “Qəbələ” və biz çempionluq üçün yarışacağıq.
- “Xəzər Lənkəran”ı bu yarışda görmürsüz?
- Hələ ki, “Xəzər Lənkəran” güclü futbol nümayiş etdirmir. Ola bilər ki, komanda çempionatın gedişində güclənsin, öz gücünü toplasın, ortaya qoysun. Amma hələ ki, onları çempionluq yarışında görmürəm. Fikrimcə, yuxarıda dediyim 4 komanda qızıl medallar uğrunda mübarizə aparmağa hazırdı.
- Keçən mövsüm “Rəvan”ın uğurları üçün çalışmısız. Hazırda isə komanda autsayderlər qrupunda qərarlaşıb...
- Əlbəttə, əvvəllər oynadığım komandanı belə görəndə təəssüflənirəm. “Rəvan” yenə də öz gücünü toplaya bilər. Orda yaxşı oyunçular var, onlara da uğurlar arzulayıram. Səmimi deyirəm onların qələbə qazanmasını, xallar toplamağını çox istəyirəm. Komandanın çox yaxşı rəhbərliyi var. Ümid edirəm ki, bir də uğursuz oyunları olmayacaq. Onlara da çempionatda uğurlar arzulayıram.
Şahin OĞUZ
saytlarin hazirlanmasi