"Komandadan bəzi futbolçuları göndərəcəm"

14:57 - 26 Avqust 2013

Vladislav Qədirov: "Nodarın "Bakı" ilə oyunda etdiyi səhvlər uşaq səhvi idi"
 
"Rəvan"ın baş məşqçisi Vladislav Qədirovun Sportal.az-a müsahibəsi
 
- Sizin gəlişinizdən sonra “Rəvan” ardıcıl olaraq böyükhesablı məğlub olur. Ümumiyyətlə bu məğlubiyyətlərin səbəbini araşdırmısınızmı?
- Burada özümü günahlandırmaq istəmirəm. Komanda hələ tam komplektləşməyib. Bura kim gəlsə, komandanı qurmaqda çətinlik çəkəcək. Burada komandanı yenidən dəyişmək lazımdı, amma seleksiya işləri bir az çətin olacaq. 
 
- Belə çıxır ki, komandaya transfer olan futbolçular düzgün seçilməyib?
- Bu komandanın baş məşqçisiyəm və yeni komanda yaratmalıyam. Bir həftədir futbolçularla söhbət edirəm, amma fikirlərim onlara çatmır. Demək ki, bunların səviyyəsi budur. İlk qolu vururuq və bundan 3 dəqiqə sonra Varea 100%-lik qol vəziyyətindən yararlana bilmir. Futbol da belə səhvləri bağışlamır. Rəqib əks hücumda bizi tutdu və qol vurdu. Müdafiə xəttimiz çox zəifdi.
 
- “Bakı”ya məğlubiyyətdən sonra iki futbolçunu komandadan kənarlaşdırdınız...
-  Yenə də bəzi oyunçuları komandadan göndərəcəm. Çünki bu futbolçularla irəli gedə bilmərəm.
 
- Nodar Məmmədov və Bəxtiyar Soltanovun komandadan uzaqlaşdırılmasının səbəbi nədi?
- Nodar Məmmədovun göndərməkdə səbəb odur ki, daima əsas liqada, millidə, “Qəbələ”də oynamış futbolçu uşaq səhvləri edir. “Bakı” ilə oyunda Kalonas bizə qol vuranda Nodarın elə səhvi başa düşülən deyil. Nodarla heç bir problemim yoxdu, amma belə səhvləri bağışlaya bilmərəm.
 
- Belə çıxır ki, yenə bəzi futbolçular “Rəvan”dan gedəcək...
- Bəli. Biz bu gedişlə çox uzağa gedə bilmərik. Son iki oyuna baxanda, mən “İnter”i “Bakı”dan güclü komanda hesab edirəm. “İnter” 5 ildir ki, baş məşqçisi ilə birgə çalışır və kompektləşmiş komandadır. Amma “Bakı” bizə qolları səhvlərimizdən vurdu. “İnter”lə oyuna biz yaxşı başladıq. Biz bir qol buraxan kimi futbolçularımda inam itir. Komanda dağılır elə bilir. Mən deyirəm ki, komandada lider olmalıdır. Məşqdə futbolçuya deyirəm ki, səni komandanın lideri edirəm. Futbolçu isə meydana çıxır, amma özünü lider kimi aparmır.
 
- Bəs komandaya gələnlər olacaq?
- 5 gün qalıb. İstəyirəm ki, əvəzedicilərlə oyun təşkil edim və hazırlıqlı futbolçu tapım. Vaxtımız çox azdır. 
 
- “Bakı” ilə oyunda komandaya yeni qoşulmuş Kastro Telyo özünü yaxşı tərəfdən göstərə bilmədi və ilk hissə bitməmiş onu əvəzlədiniz...
- Bu oyunçu məndən qabaq qoşulub komandaya. Dünən də qol vurdu. O, legioner futbolçudu və komandaya uyğunlaşmalıdır. Mənim xoşuma gələn tacik futbolçu oldu. Hiss etdim ki, bu, bizi gücləndirə bilər. Qalanlar gəlirlər elə-belə məşq edib gedirlər. Məncə legionerler bizim oyunçulardan biraz güclü olmalıdır, amma mən bunlarda bu potensialı görə bilmirəm. Bir dənə bu tacikistanlı xoşuma gəldi.
 
- Məşqlərdə futbolçulara xəbərdarlıq etmirsiniz?
- Hər dəfə məşq olanda onlarla söhbət edirəm. Deyirəm ki, transfer pəncərəsi 5 günə bağlanır. Heç bir futbolçu ilə problemim yoxdu. Əgər kim oynamaq istəyirsə, qalacaq, istəməyəni isə yola salacam gedəcək. Bu məşqlər onların son şanslarıdır. 
 
- Nəzərə almaq lazımdı ki, çempionatda 10 komanda mübarizə aparır və lazımsız oyun yoxdu...
- Bizim ən böyük problemimiz bu seleksiya işləri oldu. Mən bura gələrək özümü pis vəziyyətə qoydum, amma bu belə olmayacaq. 30-40 faiz futbolçularla vidalaşmaq lazımdı.
 
-  Sizdən öncə çalışan Ramil Əliyevin də seleksiya işləri ilə bağlı səhvləri olub?
- Bu barədə heç nə demək istəmirəm. Çünki Ramil Əliyev mənim həmkarımdı. Hesab edirəm ki, komandanın bir neçə futbolçusu “Rəvan”da oynamağa layiq deyil. Bu futbolçular Premyer Liqada oynamaq gücünə malik deyillər.
 
- Bu heyətlə “Rəvan” Premyer Liqada yerini möhkəmlədə biləcək?
- Bizə bir az vaxt lazımdı. Komanda bir-birinə uyğunlaşmalıdır. Baxışa bəzi futbolçular gələcək və 31 avqusta kimi komandaya yeni futbolçular transfer edəcəyik. Çemionatda ən azı bir qələbə qazana bilsək, komandaya ruhyüksəkliyi gələcək. “Xəzər Lənkəran” kimi komandanın aktivində 3 xal var. Çempionat 36 turdan ibarətdir. Bir qələbə qazana bilsək, hesab edirəm ki, ardı gələcək.
 
- Bu məğlubiyyətlərdən sonra düşündünüz ki, artıq mən bacara bilmirəm?
- Mənim üçün problem deyil, deyərəm komandanı buraxıb gedərəm. Əsas “Rəvan”ı bu vəziyyətdən çıxartmaq lazımdı. 
 
- Bəs düzəldə biləcəksinizmi?
- Əlimdən gələni edirəm. Hesab edirəm ki, hər şey yaxşı olacaq. “İnter”ə məğlubiyyətə baxmayaraq biz nəsə göstərməyə çalışırdıq. Komanda artıq məni başa düşür ki, mən futbolçulardan nə istəyirəm. “Bakı” ilə oyunda heç nə görmədim. Komandam elə bil dağlarda, meşəlikdə idi. İki gündü özümə gələ bilmədim. “Rəvan”da belə şey olmamışdı. Sonra mənə dedilər ki, futbolçular hələ komandaya yeni gəlib.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti