"Sabah necə olacaq bilmirəm"

00:15 - 29 Avqust 2013

"Bu, psixoloji cəhətdən futbolçularımıza təsirsiz ötüşməyə bilməz"
 
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubuna qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o bu gün baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:
 
“İlk oyundakı məğlubiyyətə (0:2) baxmayaraq, Almaniyaya yaxşı əhval-ruhiyyədə gəlmişik. Bizim üçün belə bir komanda ilə, bu cür arenada oynamaq çox xoşdu. Yaxşı oyun göstərmək istəyirik”.

Qurbanov meydan sahiblərinin daha şanslı olduğunu bildirib:
 
"Ayntraxt"ın şansları daha yüksəkdi. Amma biz də yaxşı oyun sərfiləməyə çalışacağıq. Sona qədər mübarizə aparacağıq. Bundesliqa Avropanın ən güclü çempionatlarından biridi. ÇL-nın sonuncu finalında iki Almaniya klubunun üz-üzə gəlməsi təsadüfi deyildi. Bundesliqanı bizim Premyer Liqa ilə müqayisə etmək də olmaz."Ayntraxt" oyundan-oyuna daha da artırır. Deməli, öz oyunlarını tapıblar”.
 
“Qarabağ”ın çalışdırıcısı rəqibin fanatlarından da danışıb:
“Bizim üçün həm də ona görə çətin olacaq ki, belə güclü azarkeş ordusu qarşısında oynayacağıq. Lakin layiqli futbol sərgiləmək üçün hazırıq. “Eintracht”a qarşıdakı oyunlarında uğurlar arzulayıram. Dortmund “Borussia”sı ilə oyundan sonra biz onlara simpatiya bəsləyirdik, hər oyunlarını izləyirdik. Bundan sonra “Eintracht”ın da oyunları ilə eyni şəkildə maraqlanacağıq”.
 
Qurbanov Almaniyaya səfərlə bağlı yaranan problemə də toxunub: “Bizim bəlli proqramımız var idi. Almaniyaya əslində ötən gün gəlməli idik. Amma elə alındı ki, biz yolda doqquz saat keçirməli olduq. Əlbəttə, bu, psixoloji cəhətdən futbolçularımıza təsirsiz ötüşməyə bilməz. Amma ümid edirəm ki, oyuna qədər hər şey qaydasına düşəcək”.

İlk oyunu xatırlayan mütəxəssis bunları söyləyib:
 
“Bakıda biz fərqlənə bilərdik. Amma ələ düşən şanslardan yaxşı yararlana bilmədik. Futbolda hamı qol vurub, buraxmamağa çalışır. Sabah necə olacaq, bilmirəm. Lakin mütləq erkən qol vurmalıyıq. İlk oyundakı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın Almaniyada da azarkeş dəstəyindən məhrum olmayacağına ümid edirəm. Onların stadiona gəlib bizi dəstəkləməsini istəyirəm”.

Qurbanov almanların “Qarabağ”ı çox yaxşı öyrəndiyini də vurğulayıb:
 
“İndi istənilən komanda haqda məlumat toplamaq çox asandı. Bilirəm ki, "Ayntraxt"a komandamız barədə Bakıda da məlumat veriblər. Amma düşünmürəm ki, onlara verilən məlumatlar cavab oyununa hansısa təsir göstərsin”.

Xəbər xətti