"Xəzər Lənkəran" yaxşı nəticə göstərməsə də..."

15:11 - 30 Avqust 2013

Ürfan Abbasov: "Qolda mənim səhvim böyük idi"
 
"Qəbələ"nin gənc futbolçusu Ürfan Abbasov Sportal.az-a müsahibə verib. Yarımmüdafiəçi komandasının ilk 4 turdakı çıxışını dəyərləndirib və sabah "Xəzər Lənkəran"la oynayacaqları oyun haqqında fikirlərini bölüşüb.
 
- “Qəbələ”nin Premyer Liqanın ilk 4 turundakı çıxışı haqqında nə deyərdin?
- Premyer Liqaya çox yaxşı başladıq. İlk 2 turda çətin rəqiblərlə oyunda qələbə qazandıq. Amma son iki turda məğlub olmuşuq. Həm “Sumqayıt”a, həm də “Qarabağ”a qarşı yaxşı oyun göstərsək də, məğlub olduq. “Qarabağ”la oyunu xüsusi qeyd edərdim. Əlimizə o qədər imkan düşdü, amma yararlana bilmədik. Son oyunda qapımıza vurulan qolda mənim böyük səhvim var idi. O səhv olmasaydı, bəlkə komanda tamam başqa nəticə qazanrdıq. Amma bu futboldur və hər şey olur. Bizim komanda yaxşı komandadır. Bundan sonra daha yaxşı oynamağa çalışacağıq.
 
- Son iki oyunda şanslarınız çox oldu amma qol vura bilmədiniz. Bunu bəxtlə əlaqələndirmək olar?
- Düzdü, son iki oyunda bəxtimiz gətirmədi. “Sumqayıt”la oyunda tez qol buraxmağımız və Levinin qırmızı vərəqə almağı komandanı sarsıtdı. Hakim iki penaltimizi vermədi. Biz onları da vursaydıq, qalib olardıq. Bəxtimiz heç gətirmədi. “Qarabağ”la da oyunda ən azı 12 real qol epizodumuz oldu. Bu çempionat ərzində heç bir komandanın belə şansları olmamışdı. Demək olar ki, boş qapıya hücumçularımız topu göndərə bilmirdilər. Bütün bunları bəxtimizin gətirməməyi ilə əlaqələndirərdim
 
- Məğlubiyyətlərdən sonra Syomin nə dedi?
- Syomin heç bir şey demədi. O da qeyd etdi ki, bəxtimiz gətirmədi. Fürsətləri boşa verdik. O, bizə dedi ki, artıq hər şey arxada qaldı. İrəliyə baxmaq lazımdır. Bundan da yaxşı oynaya bilərik. Hələm qarşıda 32 tur var.
 
- “Qəbələ” hər mövsüm avrokuboklar uğrunda mübarizə aparır. Amma buna nail ola bilmir. Bu mövsüm buna nail olacaqsınız?
- İnanıram ki, bu mövsüm artıq tilsimi qıracağıq. Əlimizdən gələni edəcəyik. Mən komandama güvənirəm.
 
- “Qəbələ”də son mövsümdə 3 məşqçi dəyişsə də, bütün məşqçilərin dövründə meydan olmusan daim. Hədəfin nədir?
- Əvvəlcə burda olan yerimi daim qorumalıyam. Özümü yaxşı tərəfdən göstərib daim meydanda olmalıyam. İnanıram ki, bu alınacaq. Həmçinin milli komandaya dəvət almaq fikrindəyəm. Əsas “Qəbələ”də möhkəmlənməkdir. Sonra da yığmadan dəvət gözləyəcəm.
 
- Sabah “Xəzər Lənkəran”la çətin oyun var...
- “Xəzər Lənkəran” yaxşı nəticə göstərməsə də, yaxşı komandadır. Onlar da gəliblər ki, Qəbələdən xalla dönsünlər. Çünki çempionatda xalları az olduğu üçün qələbə qazanmaq arzusundadırlar. Amma doğma meydandır. Biz burdan qalib ayrılmalıyıq. 
 
- Çempionluğa layiq olan hansı komandaları görürsən?
- Çempionluğa layiq birinci özümüzü layiq görürəm. Təbii ki, Premyer Liqada güclü komandalar çoxdur. “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran” və digər komandalar güclüdür.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti