"Son oyunu əlli min azarkeşin önündə oynadıq, indi isə..."

11:35 - 1 Sentyabr 2013

Qurban Qurbanov: "Cavab matçında məğlub olmamalıydıq"
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Sportal.az-a müsahibəsi:
 
- “Ayntraxt”la oyun haqqında nə deyə bilərsiniz?
- “Ayntraxt”la yaxşı oynadıq. Məğlub olsaq da, sonuna qədər mübarizə apardıq.  İkinci qolu buraxdıqdan sonra şanslarımız azalsa da yenə təhlükəli epizodlarımız oldu. Artıq o oyun geridə qaldı, çox istəyirdik qrup mərhələsində oynayaq. Amma rəqibimizi də nəzərə almaq lazımdır, güclü rəqib idi. Artıq o oyunu unudub bütün diqqətimizi çempionata yönəltməliyik.
 
- “Ayntraxt”ı keçə bilməməyinizin əsas səbəbi nə idi?
- Rəqib bizdən təcrübə və ustalıq baxımından üstün idilər. Rəqibin futbolçuları sərrast futbolçular idi. Amma səfərdəki oyunda məğlub olmalı deyildik. Ən azından bərabər hesablı nəticə ilə qayıda bilərdik. Həm də rəqib oynadığı çempionat baxımından da bizdən üstün idi.
 
- Sabah AZAL-la qarşılaşacaqsınız. Bu oyun haqqında nə deyə bilərsiniz?
 - Bu oyun bizim üçün çox ağır olacaq. Çünki “Ayntraxt” kimi bir komanda ilə oyundan sonra bu oyun oyunçuların konsantrasiya olması baxımından çətin olacaq. Vaqif müəllimin komandası da son oyunlar yüksəlişdədir, həmdə onun komandası fiziki baxımından həmişə yaxşı vəziyyətdə olurlar. Son oyunu əlli minə yaxın azarkeşin önündə oynadıq, indi isə tam fərqli olacaq. Çalışacağıq ki, ən  düzünü edək.
 
- “Ayntraxt”la oyunda aparıcı oyunçularınızdan Riçard Almeyda və Namiq Yusifov zədələnmişdi. İndi onların vəziyyəti necədir?
- Almeyda oyunda yorulmuşdu, ona görə ayağında zədə almışdı, Namiqin isə burnunda problem var idi. Ancaq elə də ciddi deyil. Yəqin ki, sabahkı oyua hazır olarlar.
 
- Son olaraq, sizin millimizin baş məşqçilik postuna gətiriləcəyiniz barədə söz söhbət gedir. Belə bir şey varmı?
- Yox, elə bir şey yoxdur. Hal-hazırda da “Qarabağ”dayam. Fikrimi yayındırmaq istəmirəm
 
- Əgər təklif gəlsə, millimizi çalışdırarsınızmı?
- Hələlik təklif yoxdur və o barədə də düşünmürəm
 
 
Yusif HÜSEYN

Xəbər xətti