"Onu bilirəm ki, rəhbərliyin məni buraxmaq fikri yoxdur"
Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin müsahibəsi
- Dünya çempionatının seçmə qrup mərhələsində İsraillə 1:1 hesabı ilə başa çatan oyun haqqında nə deyə bilərsiniz?
- Gözəl nəticə əldə etdik. Düzdür, ilk hissədə istədiyimiz kimi oynaya bilmədik. Ancaq nəticə yaxşı alındı. Biz qalib gələ də, uduza da bilərdik. Ancaq şükür Allaha ki, pis nəticə deyil. Son 20 dəqiqədə doğrudan da gözəl oynadıq.
- “Xəzər Lənkəran”dan qovulmağınızla bağlı nə fikirləşirsiniz?
- Belə deyilir. İnşallah, kluba qayıdıram. Görək, nə deyilir...
- Səbəb nədi axı?
- Səbəb odur ki, nizam-intizamı pozmuşdum. Görək, barəmdə nə qərar veriləcək.
- Con Toşak çıxışınızdan da narazıdır...
- Özü üçün deyir də...
- Nizam-intizam deyiləndə oyunda çox vərəqə almağınız nəzərdə tutulur, yoxsa klub daxilində qaydaları pozmusunuz?
- Onsuz da məni tanıyanlar necə futbolçu olduğumu bilirlər. Burda komanda daxilindəki intizamsızlığım nəzərdə tutulur.
- Bəs Toşak sizi komandadan çıxartsa, bundan sonra nə edəcəksiniz?
- Heç nə. Futbolu atacağam.
- Transfer vərəqiniz veriləcək?
- Mən heç kimə ağız açan deyiləm. Onu bilirəm ki, rəhbərliyin məni buraxmaq fikri yoxdur.
- Bəs özünüz bundan sonra komandada qalmaq istəyirsiniz?
- Əlbəttə ki, qalmaq istəyirəm. Ancaq məni komandadan çıxartsalar da, buna görə heç kimə heç nə deməyəcəm. Özləri bilər. Belə edəcəklər, mən də karyeramı bitirəcəm, bundan kim itirəcək, Azərbaycan futbolu. Mən elə oğlanam ki, sözümün üstündə dayanıram. Heç kimə heç nə deməyəcəyəm. Bundan ölkə futbolu, bir də “Xəzər Lənkəran” itirəcək. Məni yandıran odur ki, çempionatın ortasında məni atırlar. Bir ay əvvəl olsaydı, başqa kluba keçərdim. Ancaq sənədimi alsam, yaxşı kluba keçəcəyəm.
- Berti Foqtsun bu məsələyə münasibəti nə oldu?
- Hələ qərar yoxdur axı. Toşak da mənim gəlməyimi gözləyir. Bilirsiniz, belə səs çıxıb, jurnalistlər də bir az şişirdib. Məncə, komandada qalacağam. Çıxartsalar da, uduzan onlar olacaq. Mənim qəlbim qırıldısa, futbolu atıb gedəcəyəm.
Apasport.az
saytlarin hazirlanmasi