Yuri Syomin digər klublara müraciət etdi

16:16 - 29 Oktyabr 2013

"Görün, biz azarkeşlərdən, futboldan nə qədər vaxt "oğurlamışıq"
 
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin futbolda böyük təcrübəyə malik insan kimi təkcə oyun planında deyil, müxtəlif mövzularda dəyərli fikirləri ilə diqqət mərkəzinə düşür. 

2013-2014 mövsümünün startından ölkəmizdə fəaliyyət göstərən rusiyalı mütəxəssis açıqlamalarında Premyer Liqanın səviyyəsindən razı qaldığını bildirsə də, çatışmazlıqların olduğunu da gizlətmir.
 
Sportal.az xəbər verir ki, artıq ölkə futboluna bələd olan çalışdırıcıdan çatışmazlıqlar barədə fikrini öyrəndikdə, oyunlar zamanı "Fair Play" qaydalarının tətbiqindəki problemləri xüsusilə qabardıb. 

Yuri Syomin "Qəbələ" klubunun saytına eksklüziv açıqlamasında bu barədə fikirlərini belə izah edib: "Bu məsələ ilə bağlı futbolçularıma verdiyim tövsiyələr haqda sizləri məlumatlandırmaq istəyirəm. Biz “Fair Play” qaydalarını alqışlayırıq, ona tabe oluruq. Ancaq bu prosesdə futbolçuların söz sahibi olmasına qarşıyıq. Həm “Fair Play”i, həm də oyunun dayandırılmasını hakim müəyyənləşdirir. Meydanda futbolçular arasında mübarizə çərçivəsində toqquşma olanda, biz oynamağa davam edirik. Fərqi yoxdur, bu, bizim, yoxsa rəqibin futbolçusudur. Mən bunu ilk növbədə azarkeşlərə görə deyirəm. Futbolsevərlər stadiona oyunçunun yerdə yıxılıb qalmasını, bir  dəqiqə sonra isə heç nə olmamış kimi mübarizəni davam etdirməsini izləmək üçün gəlmirlər. Belə hallar olanda, oyunu dayandırmağa məcburuq. Məsələn, “Sumqayıt”la səfər matçımızda 12 belə dayanma olmuşdu. Hər epizodu 40 saniyə ilə götürək, görün, biz azarkeşlərdən, futboldan nə qədər vaxt “oğurlamışıq? Təbii ki, ciddi zədələnən futbolçu olan zaman bunu hətta tribunadakı azarkeşlər də görürlər və belə məqamda oyunun dayandırılması normaldır”.

Baş məşqçi həm Premyer Liqamızda, həm də öz komandasında sürəti artırmalı olduqlarını bildirib. Syominin sözlərinə görə, hakimin fiti olmadan topu kənara çıxarmaq oyunun tempini aşağı salır: “Toqquşmadan asılı olmayaraq top bizdədirsə, mübarizəni davam etdirəcəyik. Hakim oyunu dayandırarsa, bu, onun hüququdur. Ancaq dayandırmazsa, biz bunu etməyəcəyik. Çünki hakim fitini verməmiş oyunu saxlamaq düzgün deyil. Nə FİFA, nə də beynəlxalq qaydalarda var ki, oyunçular ya komanda yoldaşı, ya da rəqib yerə yıxılanda oyunu dayandırmaqla bağlı özləri qərar versinlər. Futbolçunun buna ixtiyarı yoxdur. Digər komandaların məsələyə münasibətinə gəlincə, bu, artıq onların öz işidir. Bizimlə oyunda necə istəyirlər, elə də etsinlər. Ona görə digər komandalara müraciət edirik ki, biz hakimin fiti olmadan oyunu saxlamayacağıq”.

Xəbər xətti