"Leonardonu da dayandırmağın da yolu var"
“Qarabağ”ın və milli komandamızın müdafiəçisi Maksim Medvedevin müsahibəsi.
- Bazar günü əsas rəqiblərinizdən biri olan “Qəbələ”ni qəbul edəcəksiniz. Oyunla bağlı nə demək olar?
- Sizin də qeyd etdiyiniz kimi, ən yaxın izləyicimizlə qarşılaşacağıq. “Qəbələ”nin gücünə bələdik. Çox güclü komandadır, sürətli hücuma keçməyi bacarır. Hücumçuları xüsusi fərqlənir. Hamısı fərdi şəkildə çox güclüdür. Biz də rəqibi buna görə dəyərləndiririk və matça çox ciddi hazırlaşırıq.
- Sənin də qeyd etdiyin kimi, “Qəbələ”nin çox güclü hücum xətti var. Amma digər tərəfdən “Qarabağ”ın da müdafiəsi son 5 oyundur keçilməzdir. Bu oyun onların hücumçuları, yoxsa sizin müdafiəçiləriniz üçün çətin keçəcək?
- Əlbəttə ki, hər iki tərəf üçün. Onların hücumu nə qədər güclüdürsə, bizim də müdafiəmiz etibarlıdır.
- “Qəbələ” uzun ötürmələrə və sürətli hücuma, “Qarabağ” isə topa hakim olub, ağıllı futbol oynamağa üstünlük verir. Bu fərqli oyun üslubları hansı komanda üçün üstünlükdür?
- Həqiqətən də, “Qəbələ” çox sürətli əks-hücuma keçməyi bacarır. Amma bizim hücumumuz da güclüdür. Bu oyunda bizim yarımmüdafiə xəttimizin çıxışından çox şey asılıdır. Əgər orta sahəmiz günündə olsa, fikrimcə, bizim üçün oyun daha asan keçəcək. Bizim üstünlüyümüz ondadır ki, komanda şəklində hücuma keçirik və eyni formada da müdafiəyə çəkilirik. Öz oyun üslubumuzdan qopmasaq, qələbə qazanarıq.
- “Qəbələ”nin lider futbolçusu olan Leonardo da Silvanı zərərsizləşdirmək sənin öhdənə düşəcək. Bununla bağlı xüsusi haızrlığı varmı?
- Doğrudan da, Leonardo “Qəbələ”nin aparıcı oyunçularındandır və yaxşı formadadır. Amma onu dayandırmağın da yolu var. İlk növbədə top Leonardoya ötürülərkən önünü elə kəsməliyik ki, geriyə ötürmə verməkdən başqa yolu qalmasın. Yəni onun qapımıza tərəf dönməsinə icazə verməməliyik. Təkcə onun yox, ümumiyyətlə, “Qəbələ”nin bütün ön xətt oyunçularına bu cür davranmalıyıq.
- 12-ci turda “Neftçi” – “Xəzər Lənkəran” oyunu da keçiriləcək. Çoxları sizin qarşılaşmanın bu matçın kölgəsində qalacağını düşünür.
- Turnir cədvəlinə nəzər yetirsək, turun mərkəzi oyunu bizim matçdır. Çünki liderlər üz-üzə gəlirlər. “Neftçi” ilə “Xəzər Lənkəran” arasında olan münasibət onların oyununu ön plana çıxara bilər. Superkubokdakı məğlubiyyətdən sonra “Neftçi” indi ikiqat əzmlə çalışacaq ki, revanşı alsın.
- Yəqin ki, bu oyunda “Xəzər Lənkəran”a azarkeşlik edəcəksiniz.
- Düzdür, biz ötən turda “Xəzər Lənkəran”ı səfərdə 3:0 hesabı ilə məğlub etdik. Amma sizi inandırım ki, “Xəzər Lənkəran” çox güclüdür. Hətta deyərdim ki, komanda şəklində formada olanda dəhşətli oynayırlar. “Neftçi”nin işi heç asan olmayacaq. Əlbəttə ki, turnir cədvəlinə baxanda, “Neftçi”nin qələbə qazanmasını istəmərik. Amma digər tərəfdən “Xəzər Lənkəran” da liderlər qrupuna yaxınlaşmaq istəyir. (forvard)
saytlarin hazirlanmasi