Klubun rəsmi saytı baş hakimin idarəçiliyini belə şərh etdi
"Simurq" ötən gün Premyer Liqanın XII turunun açılış matçında "Bakı" ilə keçirdikləri oyunun idarəçiliyindən narazı qalıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, matçın baş hakimi Ramil Diniyevin idarəçiliyi belə şərh olunub:
"İlk dəqiqələrdən azərkeşlərin maraqlı oyunun şahidi olacağı açıq-aydın ortada idi. Ancaq oyun başlayar-başlamaz görüşün baş hakimi Ramil Diniyevin həngaməsi başladı. 18-ci dəqiqədə müdafiə xəttində buraxdığımız səhvdən sonra qapımıza penalti təyin etdi. Bundan öncə isə rəqibin meydanın mərkəzindəki sərt oyununa göz yuman referi, Əfranın dəqiq zərbəsindən sonra komandamızı yenidən meydanın mərkəzinə dəvət etdi. Oyunda üstün tərəfin “Simurq” olduğunu görmək çətin deyildi. Topa daha çox nəzarət edir, oyunun ipini əlində saxlamağa çalışan komandamız ilk hissənin sonlarına qədər rəqib qapısı ağzında qol axtardı. Əvvəlcə cərimə zərbəsindən sonra ev sahibinin futbolçusunun əlinə dəyən topu görməyən Diniyev növbəti dəfə Rəşad Eyyubova qarşı cərimə meydançasında rəqibin sərt oyununu penalti ilə cəzalandırmayandan sonra haqq öz yerini tapdı. Sona qədər mübarizə aparan Patrik Osiako 43-cü dəqiqədə hesabı bərabərləşdirdi. Elvin Məmmədovun komandamızın kapitanı Ruslan Poladova qarşı sərt oyunundan sonra ikinci sarını verməyən baş hakim ilk hissəni 1:1 hesablı heç-heçə ilə qapadı. Fasilədən sonrada meydanda “Simurq”un üstünlüyü davam edirdi.
Oyuna ağırlığın qoyan komandamız rəqibi məğlub etmək üçün hər şeyi nəzərə alsa da, görüşün baş hakimini diqqətə ala bilməmişdi. Adi ikili top mübarizəsində belə əleyhimizə qərar verən Diniyev artistliyinin pik nöqtəsini 74-cü dəqiqədə elədi. Heç nədən növbəti penaltini qapımıza təyin etdi və Əfrana görüşdə dubl etmsinə imkan yaratdı. Bundan üç dəqiqə sonra artıq qərəzli qərarlardan bezən və oyundan düşən Zaqatala təmsilçisi qapısında üçüncü qolu gördü. 82-ci dəqiqədə Nicat Qurbanovun zərbəsindən sonra hesab arasındakı fərq minimuma ensədə, məğlubiyyətdən xilas olmağa kömək etmədi. Ancaq son dəqiqədə Salif Ballo baş zərbəsin dəqiq yerinə yetirə bilsəydi, səfərdən ən azı bir xalla qayıda biləcək olan “Simurq” bu mövsümdə 4-cü məğlubiyyətə məruz qaldı".
saytlarin hazirlanmasi