"Xəzər Lənkəran"ın qapıçısı Azərbaycandakı həyatından danışdı MÜSAHİBƏ

19:31 - 4 Noyabr 2013

Duqlas Leyte:"Futbolda hamı bir-birini bir kəlmədən başa düşür"
 
“Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leyte Braziliya KİV-nə müsahibəsində Azərbaycana öyrəşməsi, Lənkərandakı şərait haqda danışıb.
 
Sportal.az  Duqlas Leytenin müsahibəsini diqqətinizə çatdırır.
 
- Azərbaycanda necə yaşayırsınız?
- Çox sakit. Biz Bakıda qalırıq, bura ölkənin paytaxtıdır. Əhali iki milyon nəfərdən azca çoxdur. Bu şəhərdə lazım olan hər şey var – ticarət mərkəzləri, parklar. Bura çox təhlükəsizdir. Düzdür, son vaxtlar alışmadığım qədər hava sərinləyir.
 
- Azərbaycan müsəlman ölkəsidir?
- Bəli, burada gündə üç-dörd dəfə dua edirlər. Ancaq qadınlar pərəncə daşımır, çox sərbəst geyinirlər. Azərbaycan çox liberal ölkədir.
 
- Sizə bura alışmaq çətin oldu?
- Yox. Biz Bakıya çox tez öyrəşdik. Qızım xüsusi məktəbə gedir. Heç bir problem yoxdur.
 
- Bəs mətbəx?
- Həyat yoldaşım Braziliyadan çoxlu ərzaq gətirib. Ancaq mən də yerli mətbəxi sevməyə vaxt tapmışam. Evdə olanda əsasən Braziliya mətbəxindən yeməklər yeyirəm. Səfərdə olanda isə bütün komandanın qidalandığı kimi qidalanıram.
 
- İşinizin şəraiti necədir?
- Şərait çox yaxşıdır. Klub lazımlı hər şeylə təchiz olunub. Azərbaycan Super Kubokunda qələbə bizə vacib idi. Bu, “Neftçi” üzərində gözəl qələbə idi. Biz nailiyyətlərimizdən çox xoşbəxtik.
 
- Yerli dili öyrənməyə vaxt tapmışınız?
- Futbolda hamı bir-birini bir kəlmədən başa düşür. Meydandan kənarda ingiliscə danışmağa çalışırıq. Portuqalcadan tərcüməçimiz var. Yerli əhali ilə ünsiyyət qurmaq çətindir. Hər azərbaycanlı ingiliscə bilmir.

Xəbər xətti