"Bəzi futbolçular gələndə başqa cür, gedəndə başqa cür olurlar"
Hər bir komanda qalib gəldikdə əsasən futbolçuların və başqa məşqçilərin adları çəkilir. Amma bu qələbələrdə əməyi olan digər insanlar da var. Futbolçuların maddi təminatları ilə məşğul olanlar var. Məsələn texniki heyətin də qələbələrdə rolu böyükdür. Lakin komanda uğur qazanarkən onların adları çəkilmir. Bu dəfə Sportal.az-ın qonağı 9 ildir ki, "Xəzər Lənkəran"da texniki heyətdə çalışan Fərrux Ağayevdir. O, saytımıza komandaya gəlişindən və indiyə qədər gördüyü işlərdən danışdı:
- Artıq neçə illərdir “Xəzər Lənkəran”da işləyirsiz...
- 9 ildir bu komandadayam. Çox şeylər qazanmışam. Demək olar ki, ömrümün ən yaxşı illərini məhz bu komanda ilə keçirmişəm.
- Futbolda komandanın uğurlarının görünən və görünməyən tərəfləri var. Siz də bu görünməyən tərəfdə yer alırsız...
- Komanda qələbə qazananda bizim texniki heyət qədər sevinən olmur. Baş məşqçilər, futbolçular hamının sevinci görünür. Amma bizim sevincimiz görünmür. Heç kəs bilmir biz nə qədər sevinirik. İnanın ki, hamıdan çox sevinirik. Qucaqlaşırıq, sevincimizi qeyd edirik.
- Sizin əməyinizin görünməməyi sizdə ruh düşkünlüyü yaratmır? Yəni hamının adı çəkilir qələbədə, amma texniki heyətin yox...
- Bizim işimiz bundan ibarətdir. Arxanda planda oluruq.
- Bu qədər başqa məşqçilərlə işləmisiz. Daha çox kiminlə işləmək rahat olub?
- Bizim komandaya pis məşqçi gəlməyib. Hamısının yaxşı və pis tərəfləri olub. Düşünürəm ki, gəlib-getmiş məşqçilər arasında ən yaxşısı elə Con Toşakdır. O heç vaxt bizdən soruşmur ki, siz nə işlə məşğulsuz. Amma biz də öz işimizi görürürük. Biz bu işin içində “bişmişik”. Gör 9 il az vaxt deyil.
- Sakit insansınız. Komandada bu qədər adam var. Sakitliyiniz işinizə problem yaratmır ki?
- Əksinə, sakit olmaq daha yaxşıdır. Çünki bu qədər insan var burda. Onlarla demək olar ki, ən çox ünsiyyətdə olan insan bizlərik. Ona görə də sakitçiliyimiz bizə kömək edir, problem yaaratmır.
- Gəlib-getmiş futbolçulardan ən yaxşı münasibətin kimlə olub?
- Belə futbolçular çox olub. Onlarla işləmək daha rahat olub. Həm münasibətimiz yaxşı olub. Bunların içincə legionerlər də olub. Məsələn, İvan Svetkov, Oktay Dərəlioğlu. Onlar çox professional insanlar olublar. Amma bəzi futbolçular var ki, nəyisə gizlədirlər, aparırlar. Bu professionallıq deyil.
- “Xəzər Lənkəran”a futbola olan marağınızdan, yoxsa təsadüfən gəlmisiz?
- Heç vaxt futbola marağım olmayıb. Təsadüfən gəlmişəm. İndi də heç futbolla maraqlanmıram. Təkcə öz komdandamızın oyunlarına baxıram. Sadəcə o vaxtı dedilər belə bir iş var. Mən də işsiz idim. Gəldim götürdülər işə. Elə o vaxtdan burdayam.
- Heç nə vaxtsa demisiz ki, kaş burda işləməyəydim?
- Yox, nə qazanmışamsa, “Xəzər Lənkəran”a borcluyam.
- Komandanin xüsusi oyunları olur. Məsələn, “Neftçi”yə qarşı. Futbolçular, baş məşqçi bu oyuna xüsusi hazırlaşır. Texniki heyət də xüsusi hazırlaşırmı?
- Əlbəttə. Biz də həmin oyunlara xüsusi hazırlaşırıq.
- “Xəzər Lənkəran” uduzanda nə edirsiz?
- Komandamız uduzanda çox pis oluram. Hardasa bir saat danışa bilmirəm.
- İndiyə kimi “Xəzər Lənkəran”ın ən uğurlu dövrləri hansı illərə təsadüf edib?
- Yarandığı illərdə. O zaman komanda çox güclü idi. Hansı oyuna gedirdiksə, bilirdik ki, ordan qələbə ilə qayıdacağıq. Elə bir rəqibimiz yox idi. İndi bütün klublar bizə rəqib olub. Bütün komandalar inkişaf edib.
- Ən çox komandada nəyə əsəbləşirsiniz?
- Biz əsəbləşəndə də onu gizlətməyə çalışırıq. Amma ən çox məsuliyyətsizliyə əsəbləşirik. Bəzi elə futbolçular olur ki, komandaya gələndə necə olduqlarını mən görmüşəm. Amma pul qazandıqdan sonra hər şeyə məsuliyyətsiz yanaşırlar. Həmin futbolçular komandadan ayrılanda başqa cür ayrılırlar.
- Azarkeşlərin içinə siz daha çox çıxırsız. Sizə nədən şikayət edirlər?
- Çox şikayət edirlər. Futbolçuların xasiyyətlərini soruşurlar. Azarkeşlər bəzən səhv anlayırlar. Elə futbolçular olur ki, yaxşıdırlar, fanatlar onları pis tanıyır. Amma mən başa salıram ki, belə deyil. Məsələn deyirlər Rahid kapitandır, nə üçün yaxşı oynamır? Başa salıram ki, Rahid meydanda canını qoyan futbolçudur. Əlindən gələnin ən yaxşısını edir ki, komanda qalib gəlsin. Yaxşı uşaqları həmişə tərifləmişəm. Kim ki, çıxıb oynamır, demişəm düz deyirsən, həmin futbolçu oynamaq istəmir.
- Yerli futbolçularla xaricilər arasında nə fərq var?
- Mən yerlilərə daha çox üstünlük verirəm. Futbolçulara paltarları mən verirəm. Həmişə birinci yerli uşaqları çağırıram ki, gəlsin formaların ən yaxşı ölçülü olanlarını götürsünlər. Xariciləri sonra çağırıram (gülür). Bu məndən asılı olan bir şey deyil.
- Bu mövsüm “Xəzər Lənkəran” çempionatda yaxşı mövqedə deyil...
- Uduzanda nə danışmaq olur, nə də bir söz demək olur. Komandanın başında çox təcrübəli məşqçi var. Dünyanın böyük klublarında işləyib. O futbolu daha yaxşı bilir. Yaxşı olar.
- Komandanin ən çox hansı məğlubiyyətinə üzülmüsüz?
- Komandanın işçisi kimi yox, lənkəranlı kimi deyirəm ki, ən çox “Neftçi”yə məğlubiyyət olanda üzülürəm. 2005-ci ildə “Qızıl oyun”da aldığımız məğlubiyyət acı məğlubiyyət idi. Həmişə də istəmişəm ki, bizim rəqibimiz “Neftçi” komanda olsun. Hər komandanın pis dövrləri olur. İndi bu komanda yaxşı dövrəlrini yaşamır. Amma inanıram ki, Con Toşak bu komandanın belə vəziyyətdən çıxaracaq.
- Ən çox sevindiyiniz qələbə hansıdır?
- Çempion olduğumuz il kubokun finalında “İnter”i məğlub etməyimiz. Həmin qalibiyyət çox sevindirmişdi bizi.
- Komandada ən çox pislənən futbolçu Nildodur...
- O yaxşı insan və yaxşı futbolçudur məncə. Amma oyunu alınmır. AZAL-da oynayanda çox qol vurdu. O zaman onun “Xəzər Lənkəran”da oynamasını istəyirdim. İndi burda oyunu alınmır.
- “Xəzər Lənkəran”la ən böyük arzunuz nədir?
- Burdan məşqçiliyə getmək istəyirəm. Bu qədər məşqçilərlə işləmişəm və çox şey öyrənmişəm. Bilmirəm alınacaq və ya yox, amma məşqçi olmaq istəyirəm.
Hazırladı: Yusif HÜSEYN
saytlarin hazirlanmasi