Kamran Quliyev: "Azarkeşlərimiz də komandamızdan bunu gözləyirlər"
"Sumqayıt"ın prezidenti Kamran Quliyevin Sportal.az-a müsahibəsi
- Autsayderlərin oyunu maraqlı keçdi?
- Bunu autsayderlərin dueli kimi qiymətləndirmək olmaz. Əslində oyunun sürətinə baxanda heç də turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandaların oyunundan geri qalmırdı. Həqiqətən də oyun çox maraqlı və gərgin keçdi. Hər iki komanda qələbə qazanmaq üçün vuruşurdu. Hardasa hava şəraiti əlverişsiz olması bir qədər komandaların oyununa təsir edirdi. Buna baxmayaraq mənə elə gəlir ki, azarkeşlər baxımlı futbol izlədilər. Xüsusən də "Sumqayıt"ın timsalında.
- Sizcə, "Sumqayıt" iki xal itirdi?
- Əlbəttə, qol epizodlarının çoxluğunu nəzərə alsaq, komandamız iki xalı əldən verdi. Birinici hissədə yüz faizlik iki qol epizodunu əldən verdik. "Rəvan" bir dəfə də olsun qapımızda təhlükə yarada bilmədi. O ki qaldı onların bir qolu, onu da öz səhvimiz üzündən olduğunu qeyd edərdim. Hardasa müdafiədə baş verən anlaşılmazlıq belə bir qolla nəticələndi.
- Qolda qapıçının səhvi var idi?
- Ola bilsin ki, səhvi oldu. Bunu mən yox, məşqçilər korpusu ayırd edir. Yəqin ki, onlar matçın videoyazısına baxıb səhvin haradan başlandığını müəyyən edəcəklər. Bizim bərabərlik qoluna gəldikdə isə, bu bizim yaratdığımız ardıcıl qol vəziyyətlərinin nəticəsi oldu. İkinci hissədə bir neçə qol epizodumuz olsa da bundan yararlana bilmədik.
- Pərdis Fərcad Azad bir neçə qol vəziyətindən yararlana bilmədi. Bunu onu göstərmir ki, o hələ tam hazır deyil?
- Yalnız Pərdis deyil, Orxan Əliyev də hələ tam formaya düşməyib. Vurğun Hüseynov və Pərdis Azad millinin üzvüləridi. Təbii ki, onlar komandamızın aparıcı üzvləri sayılırlar. Ancaq xeyli müddətdir ki, yaşıl meydanlardan kənar qaldıqları üçün oyun praktikaları istənilən səviyyədə deyildi. Samir Abbasov zədədən yeni qayıtmasına baxmayaraq daha yaxşı təsir bağışladı. Buradan da görünür ki, təcrübə böyük önəm daşıyır.
- Bu gedişlə "Sumqayıt" sonuncu pillədən canını qurtara biləcək?
- Sonuncu oyunlar göstərir ki, komandanın oyununda irəliləyiş var. Bütün oyunçularımz tam formasına düşəndən sonra komanda sonuncu pillədən qurtulub bir qədər irəli gedə bilər. Azarkeşlərimiz də komandamızdan bunu gözləyirlər. Əgər belə davam edərsə, meydanda əvvəlki "Sumqayıt"ı görə biləcəklər. Bunu deməklə hesab edirəm ki, növbəti oyunlarımızda sıçrayışlar olacaq. İndiki halda mən də "Sumqayıt"ın oyunundan razı deyiləm.
- Mətbuatda dolaşan xəbərlərə görə futbolçuların maaşları gecikir. Hətta bəzi oyunçular buna görə oyuna yaxşı motivatsiya ola bilmirlər. Bu nə dərəcədə doğrudur?
- "Sumqayıt" yarandığı gündən indiyə kimi heç bir futbolçuya borclu qalmayıb. Bu vaxta kimi çalışmışıq ki, maaşlar stabil olaraq futbolçulara vaxtında verilsin. Düzdür, gecikmələr də olur. Elə bir yer yoxdu ki, maaşlar bir-iki gün də olsun gecikməsin. Bu, hər bir komandada ola bilər. Ancaq bu əsas vermir ki, futbolçu oyuna ürəyini, var-gücünü qoymasın. Ən azında futbolçunun komanda ilə müqaviləsi var və o, şərtləri yerinə yetirməlidir. Razıyam, əgər, futbolçunun maaşı verilməsə, yığılıb aylarla qalsa, futbolçu iradını bildirə bilər. Bizdə isə belə hal olmayıb.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi