"Qapıçı heç vaxt səhv etmir, səhv edən komanda olur"MÜSAHİBƏ

12:00 - 11 Noyabr 2013

Ruben Qonzales:"Olanlar meydanda qaldı"
 
"Bakı"nın müdafiəçisi Ruben Qonzales "Neftçi" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. 
 
Sportal.az həmin müahibəni təqdim edir:
 
- Qarşılaşma haqqında fikirlərinizi bildirərdin..
- Ümumi götürdükdə, uduzmamalı idik. Rəqib erkən qol vurdu. Düzdür, sonradan azlıqda qaldılar. Bizim də fərqlənmək üçün xeyli şansımız oldu. Demirəm ki, biz mütləq qələbə qazanmalı idik. Məncə, qarşılaşmanın ədalətli nəticəsi heç-heçə idi. 

- Qol epizodlarından istifadə edə bilməməyiniz nədən qaynaqlanır? Bəlkə hücumçuların ustalıq səviyyəsi aşağıdır?
- Futbolda vacib elementlərdən biri qol epizodları yaratmaqdır ki, biz də bunu yaradırıq. Sadəcə, idman xoşbəxtliyi deyilən bir anlayış var. Yəni, uğurlu və uğursuz gün olur. Görünür, bu gün bizim üçün uğursuz gün idi ki, həmin epizodlar zamanı qapıya yol tapa bilmədik. Belə deyək, bu gün “Neftçi”nin bəxti gətirdi.

- Əfran İsmayılovun zədələnməsi sizin oyununuza təsir etdi?
- Elə də çox hiss olunmadı. Onun əvəzinə başqa futbolçu daxil oldu. O da onunla eyni səviyyədə çıxış etdi. Futbolda heç kim zədədən sığortalanmayıb. Belə şeylərə alışmaq lazımdır. 

- “Bakı”nın sabit oyun nümayiş etdirə bilməməsini nə ilə izah edirsiniz?
- Unutmayaq ki, bu gün “Neftçi”yə qarşı oynamışıq. Rəqibimiz güclü komandadır. Artıq bu matçı unutmalıyıq. Çünki qarşıda “Xəzər Lənkəran”la çətin görüşümüz var. 

- “Neftçi”nin futbolçuları xüsusilə də sizin kobud çıxışınızdan şikayət edirdilər...
- Meydanda hər şey ola bilər. Gördüyünüz kimi, olanlar da meydanda qaldı. Oyundan sonra hər biri ilə görüşüb, dostcasına ayrıldıq. 

- Qapıçınız ikinci qolda kobud səhvə yol verdi. Bu futbolçularda ona qarşı inamsızlıq yaratmırdı?
- Qapıçı heç vaxt səhv etmir, səhv edən komanda olur. Birinci qolu rəqib əks-hücum zamanı vurdu. Biz onları buraxmamalı idik. İkinci qolda isə ortada boşluq buraxdıq, topu itirdik, nəticədə onlar qol vurdular.

Xəbər xətti