"Şahin Diniyev futbolçulardan nə istədiyini yaxşı bilir"MÜSAHİBƏ

00:14 - 27 Noyabr 2013

Vareya:"Qarabağ” start fitindən final fitinə qədər hücum futbolu sərgiləyir"
 
“Rəvan”ın argentinalı hücumçusu Juan Vareanın  müsahibəsi.
 
- Başlayaq son oyundan. “Qarabağ”ın 90 dəqiqə hücum etdiyi matçdan “Rəvan” 1 xalla ayrıldı. Oyun barədə fikirlərin necədir?
- Çox çətin oyun oldu. Ancaq biz düzgün taktika seçərək, ağıllı oynadıq. Bütün futbolçular meydançada canlarını qoydular. Məhz bunun hesabına “Qarabağ” kimi komandadan 1 xal almağı bacardıq.
 
- Azərbaycana gələn əksər legionerlər “Qarabağ”ın oyununu bəyənirlər. Bu komandanın oyunu sənin də xoşuna gəlirmi?
- “Qarabağ” yaxşı komandadır. Onlar sistem oyunu nümayiş etdirirlər. “Qarabağ” start fitindən final fitinə qədər hücum futbolu sərgiləyir.
 
- “Rəvan”ın hazırkı baş məşqçisi Şahin Diniyevi bir məşqçi kimi necə xarakterizə edərdin? Onunla işləmək sənin üçün rahatdırmı?
- Diniyev çox yaxşı məşqçidir. O, futbolçulardan nə istədiyini yaxşı bilir. Hər oyundan öncə həmin matçın əhəmiyyətini izah edir. Bir sözlə, Diniyevlə birgə çalışmaq mənə çox rahatdır.
 
- Cari mövsümdə “Rəvan”dan hansı nəticəni gözləyirsən?
- İndidən konkret nəsə demək olmur. Ancaq mənə elə gəlir ki, “Rəvan” mövsümü yaxşı pillələrdən birində bitirəcək.
 
- Hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşmısınız. Səncə, autsayderlər cərgəsində yer almağınız nə ilə bağlıdır, komandanın problemi nədədir?
- Bizim problemimiz yoxdur. Düzdür, yaxşı nəticəyə imza ata bilmirik və bu səbəbdən 9-cu pillədə qərarlaşmışıq. Amma inanırıq ki, hər şey yaxşıya doğru dəyişəcək. Mən komandama güvənirəm.
 
- Çempionatımızda oynayan səviyyəli legionerlərdən birisən. Bu mənada, Azərbaycan futbolu və çempionatı ilə bağlı fikirlərin maraqlıdır…
- Güclü çempionatda oynayıram. Azərbaycanda səviyyəli futbolçular və yaxşı komandalar var. Bir sözlə, hərtərəfli yaxşı təşkil olumuş çempionatda çıxış edirəm. Karyeramı Azərbaycanda davam etdirməkdən məmnunam.
 
- Hücumçu olduğundan, müxtəlif müdafiəçilərə qarşı oynamalı olursan. Azərbaycanda hansı müdafiəçiyə qarşı oynayanda çətinlik hiss edirsən?
- Azərbaycanda 2 belə müdafiəçi var. Biri AZAL-da çıxış edən Junior Ailtondur, digəri isə “Simurq”da oynayan Anderson Olivyera. Hər iki braziliyalıya qarşı oynamaq çətindir.
 
- Bəs Azərbaycan çempionatında çıxış edən hansı hücumçunu ən yaxşı hesab edirsən?
- Nildonu. Onu bir hücumçu kimi bəyənirəm.
 
- Güclü futbolçu olduğundan, digər klubların maraq dairəsində olmağın normal haldır. Hazırkı vəziyyətdə hər hansı klubdan təklif almısanmı?
- Açığı, hansısa klubun mənimlə maraqlanıb-maraqlanmadığını bilmirəm. İndiki məqamda təklif gəlməyib.
 
forvard.az

Xəbər xətti