"Azarkeşlərimizi çox sevirəm"
"Qəbələ" azarkeşlərinin sevgisini qazanan, onlar tərəfindən daim diqqət mərkəzində saxlanan Dodo öncəki tur ("Qəbələ"-AZAL 1:0) "qırmızı-qaralar"ın heyətində Premyer Liqada 75-ci oyununa çıxdı. Bu oyunlar ərzində 14 dəfə fərqlənən braziliyalı "qırmızı-qara" formanı ən çox geyinən futbolçulardandır.
Sportal.az xəbər verir ki, yubiley matçını qələbə ilə qeyd edən Dodo növbəti tur - "Rəvan"la səfər oyunu öncəsi fikirlərini klubun rəsmi saytı ilə bölüşüb. Dodo azarkeşlərlə münasibəti, planları, komandanın çıxışı və "Rəvan"la oyun barədə danışıb:
"Çox sevincliyəm ki, "Qəbələ"də 3-cü mövsümümü keçirirəm. Artıq çempionatda 75 matçda meydançada yer almışam. "Qəbələ" mənimçün çox doğmalaşıb. Amma bu klubda hədəflərim böyükdür. Qəbələdə daha böyük yubileylər qeyd etmək istərdim. Azarkeşlərimizi çox sevirəm. Onlarla özəl münasibətimiz var. Meydançada və meydançadan kənarda etdiklərimiz bizim sevilməyimizi və ya əksinə nifrət qazanmağımızı şərtləndirir. Mən pozitiv insanam, daim gözəl şeylər barədə düşünürəm. Meydançada təslim olmağı sevmirəm, komandam üçün sona kimi ürəklə döyüşürəm. Bu faktorlar azarkeşlər üçün çox vacibdir. "Qəbələ" ildən ilə dəyişir, inkişaf edir. Komandamızın heyətinə güclü futbolçular cəlb olunur. Təcrübəli və hər dəfə yeni bir şey öyrəndiyimiz baş məşqçimiz var. İnanıram ki, bu kollektivlə böyük uğurlara imza atacağıq. O ki, qaldı növbəti oyuna - "Rəvan"la qarşılaşmaya rəqibimiz aşağı pillələrdə olsa da, son turlarda daha yaxşı oyunla yadda qalır. Bizi çətin və gərgin matç gözləyir. Bakıya 3 xal dalınca yollanacağıq".
saytlarin hazirlanmasi