"31"-in sirri və ya 31 qol istəyi

01:53 - 1 Dekabr 2013

"Hər matçda qol vursam, bəlkə də 31-ə çata bilərəm"
 
Daniel Subotiç. Zaqrebdə doğulan, milliyətcə bosniyalı olan və ikili vətəndaşlıq (İsveçrə və Serbiya) daşıyan bu hücumçu “Qəbələ”yə gələn gündən diqqət mərkəzinə düşüb, az müddətdə çox tanınıb.
 
Sportal.az xəbər verir ki, FİFA-dan transfer vərəqini xeyli gözləməli olan 24 yaşlı legioner debütünü sentyabrda gerçəkləşdirib.
 
Elə ilk matçında siftə edən Daniel ardınca qolları sıralayaraq çempionatın bombardirləri sırasına düşməyi bacarıb. Ancaq bu dəfə onun haqqında söz açmağımız başqa məqamla bağlıdı. Söhbət Danielin daşıdığı nömrədən gedir.
 
Əslində, “31” futbol aləmində adi rəqəm sayılır və xüsusiliyi ilə seçilmir. Hər halda, futbol ulduzlarının formasında görməyə adət etdiyimiz 7, 9, 10 kimi nömrələr daha populyardı. Ancaq həmsöhbətimiz “31” rəqəmini boynunun arxasına da yazdırıb. Deməli, bu rəqəm Subotiç üçün adi deyil.
 
Bəs nədir “31”in sirri? Daniel deyir ki, ilk vaxtlar nömrələrin fərqinə varmayıb. Amma Ukraynaya və Azərbaycana gələndə 31 rəqəmi ilə maraqlanıb: “Əslində, 31-ci nömrənin elə bir sirri yoxdu. Yanvarın 31-də dünyaya gəldiyimdən, bu rəqəmi özümə doğma bilirəm. Buna görə də, bu rəqəm yazılan formada oynamaqla yanaşı, boynuma da həkk etdirmişəm. Amma heç də həmişə “31”i daşımamışam. Karyeramın ilk illərində hansı nömrə ilə çıxış etməyimin fərqi yox idi. Ancaq Ukraynaya, Lutsk şəhərinə gələndə bu nömrəni soruşdum. Dedilər ki, “31” yazılan forma var. Beləcə, “Volın”da “31”lə
oynamağa başladım. “Qəbələ”yə keçəndə də soruşdum və boş olduğunu biləndə, sevindim. İmkan olarsa, karyeramın sonuna kimi 31 nömrə altında çıxış edəcəyəm. Ümumiyyətlə, bu, mənim üçün uğurlu rəqəmdi və bir növ, talismanımdı”.
 
Döymə yazıya gəlincə, bunun tarixçəsi futbolçunun Rumıniyada top qovduğu dövrlərə gedib çıxır. Belə ki, Daniel “Universitatya”, “Tırqu Mureş” klublarında forma geyindiyi vaxtda “31” rəqəmini boynuna həkk etdirib: “Hələ Rumıniyada oynayarkən, tatuaj etmək istəyinə düşdüm. Hərçənd, orada, bu nömrə altında çıxış etmək mənə nəsib olmayıb. Bu, 3 il öncəyə təsadüf edir. “31”i boynuma döydürdüm. Məncə, yaxşı görünür. Ad günümü xüsusi təmtəraqla qeyd etməsəm də, imicimə fikir verən adamam. Bu cür görünmək xoşuma gəlir. Ancaq bu, mənim şəxsi həyatıma aid olan məqamdı. Futbol meydançasında olanlar isə başqa şeydi. Azarkeşlər ilk növbədə komandamın çıxışını, yaxşı oyunumu diqqətdə saxlayır”.
 
Subotiç yəqin ki, “Qəbələ”də 31 qol vurmağı düşünür - elədir? Həmsöhbətim bunu təbəssümlə qarşılayır: “Bu, çox yaxşı olardı. Ancaq gerçəkləşdirmək çətindi. Çünki güclü çempionatda çıxış edirəm. Hər matçda qol vursam, bəlkə də 31-ə çata bilərəm”. ("Qəbələ" qəzeti)

Xəbər xətti