Samir Abbasov:"İndi danışsam, cəzamı artırmış olaram"
"Sumqayıt"ın kapitanı Samir Abasov qırmızı vərəqə aldığı “Neftçi” ilə Premyer Liqanın XV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
- 1:2 hesabı ilə uduzdunuz. Oyun barədə nə deyə bilərsiniz?
- Matça yaxşı hazırlaşmışdıq. Lakin oyuna 1 gün qalmış bizə dedilər ki, 3 futbolçunuz “Neftçi”yə qarşı çıxış etməyəcək. Bununla belə layiqli müqavimət göstərdik. Hətta qələbə də qazana bilərdik. Amma təmiz penaltimiz verilmədi. Halbuki əllə oynayan rəqib futbolçu Erik Ramosun özü də dedi ki, təmiz penalti idi. Elə burada da klub rəsmilərinin yanında dedi ki, penalti var idi.
- Nəyə görə sizə qırmızı vərəqə göstərildi?
- Fariz Yusifova dedim ki, niyə təmiz penaltini vermədin? O isə söyüş söydü. Daha nə dediyini açıqlamıram. Mən də ağzıma gələni ona dedim. Vəssalam!
- Paltardəyişmə otağına yollanarkən, sanki yan xətt hakiminə də söyürdünüz...
- Xeyr, yan xətt hakimini söymürdüm.
- Hakimə hansı formada irad bildirdiniz?
- Açığı, kobud formada “Orda penalti var idi, niyə vermədin?” söylədim. Amma elə söyüş deyildi ki, o cür cavab verilsin. Amma elə pis cavab verdi ki....
- Təcrübəli futbolçu kimi ikinci hissədə hiss etmirdinizmi ki, baş hakimin “Sumqayıt”ı uduzdurmaq üçün fəaliyyəti pik nöqtəyə gəlib çatacaq?
- Öz komandamıza, öz oyunçularımıza çox güvənirdim. Deyirdim ki, kənardan müdaxilə olmasa, qol buraxmayacağıq. Yəni, rahat idim. Hətta hakimin də heç nə edə bilməyəcəyini düşünürdüm. Sadəcə, məni əsəbiləşdirən o idi ki, “Neftçi”nin oyunçusu topun əlinə dəydiyini dediyi halda, Yusifov fiti ağzına tutub penaltini vermək istəyir, amma vermir. Halbuki hər şey düz gözünün qabağında baş vermişdi. Bunun səbəbini bilmək istərdim.
- Sizcə, referi bu halda penalti vermirsə, səbəb nə ola bilər?
- Nə bilim? Bunu onun dininə, insafına buraxaq.
- Yəqin ki, AFFA İntizam Komitəsi sizə böyük cəza verəcək. Bu halda reaksiyanız necə olacaq?
- Cəzanı versinlər, sonra danışarıq. İndi danışsam, cəzamı artırmış olaram.
saytlarin hazirlanmasi