Lomaya:"Rauf Əliyev hiyləgər tələmə düşdü"

17:00 - 1 Dekabr 2013

"Cücəni payızda sayarlar amma futbolda yayda sayırlar"
 
"İnter"in qapıçısı Giorgi Lomayanın Sportal.az-a müsahibəsi
 
- Bu gün “Bakı” sizdən daha yaxşı oynadı?
- Bəli, üstünlük rəqibdə idi, “Bakı” topa daha çox nəzarət edirdi. Biz komanda oyunu göstərdik, rəqibin bir səhvindən istifadə edib lazım olan qolu vurduq. Əsasən də sona qədər mübarizə aparıb qələbəni haqq etdik.
 
- Birinci dövrədə evdə “Bakı”nı məğlub edə bilməmişdiniz. Belə çıxır ki, bərabərlik təsadüfü idi?
- Nəzərə alın ki, mövsümə yaxşı başlamamışdıq, bunu da komandaya yeni qoşulan futbolçularla əlaqələndirirəm, bundan sonra avrokuboklardakı yorğunluqları da nəzərə alıram. Belədə oyunumuz istədiyimiz kimi alınmadı və xeyli xallar itirdik. Demək olar ki, son oyunlardakı qazanılan qələbələr uğursuzluq zolağından çıxmağımıza səbəb oldu. Artıq komanda pik nöqtəsinə doğru gedir. Sözsüz ki, qış fasiləsinə qədər bütün oyunları qələbə ilə başa vurub fasiləyə üstünlüklə yollanmaq istəyirik. 
 
- Qış fasiləsində komandanın güclənməsinə ehtiyac var?
- Bunu daha yaxşı baş məşqçi bilər.  Hələ ki, yeni gələnlər  formaya düşüb özlərini doğrultmaq üzrədir. 
 
- Bu heyətlə “İnter” istəyinə  çata biləcək?
- Yəqin ki, çempinluğu nəzərdə tutursunuz. 
 
- Məgər başqa nə fikirləşirdiniz?
- Sözsüz ki, “İnter”in qarşısında dayanan məqsədi çempion olmaq və yüksək uğrunda mübarizə aparmaqdır. Düzdü, mövsümə yaxşı start götürə bilmədik, lakin, hələ gec deyil. “Neftçi”, “Qarabağ” və “Qəbələ” bizdən xeyli xal fərqi ilə irəlidə olsa da, heç nə itirilməyib. Əsas odur ki, sona qədər mübarizə aparasan. Bir yaxşı deyim var ki, “Cücəni payızda sayarlar” amma futbolda yayda sayırlar. 
 
- Səncə, çempionluq uğrunda mübarizə kimin arasında gedəcək?
- İstəmirəm, ad çəkim. Turnir cədvəlinin ilk “beşliy”ində yer alan komandaları çempionluq yaraşından silmək olmaz. 4 dövrəlik sistemdə yenə bu komandalar üz-üzə gələcəklər. Mənə elə gəlir ki, bu sistem Azərbaycan futbolunda rəqabəti daha da artırıb. Oyunların sayı da çoxalıb. Ona görə də, indidən kiminsə çempion olacağını demək çətindir.
 
- “Bakı” ilə oyundakı penalti epizoduna gələk. Hakimin verdiyi qərarla razısan?
- Bu epizodu hakim mükəmməl gördü, top mübarizə anında Brüs Abdulayenin əlinə dəymişdi, ona görə də hakimin penalti qərarı haqlı idi.
 
- Bəs necə oldu ki, penaltini qurtara bildin? Rauf Əliyev topa yaxınlaşanda sol əlinlə sol tərəfi işarə edirdin. Bu sənin yeni fəndindir?
- Mən Raufa əlimlə göstərdim ki, qapının sol küncünə vur. O da elə bildi ki, mən həmin cinaha tullanacam. Əslində Raufu aldadıb onun vurduğu səmtə reksiya göstərdim. Qapıçı kimi mənim yeni hiyləgər sirrimdir. Bu tələyə Rauf düşdü.
 
- Bəs Ettonun Baçana Tsaxadadzeyə qarşı hərəkətinə nə deyə bilərsən?
- Həmin epizodda hakim səhv qərar verdi. Əslində Orxan Məmmədov Ettoya qırmızı vərəqə göstərməliydi. Etto hücumçumuza bilərəkdən dirsəklə zərbə endirmişdi. Baçana bu səbəbdən beyin silkələnməsi keçirdib oyunu davam etdirə bilmədi. Qırmızı vərəqə qalsın bir yana, heç Ettoya sarı vərəqə də göstərilmədi. Hakimin bəzi qərarları səhv idi. Ümumilikdə isə oyunun nəticəsinə təsir edəcək bir səhvə yol verilmədi.  
 
Şahin Oğuz 

Xəbər xətti