Yuri Syomin: "Cənubi Koreya millisi fiziki cəhətdən çox güclüdür"
"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin dünən atılan "DÇ-2014"ün püşkünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan təcrübəli mütəxəssis ölkəsinin yığmasının düşdüyü qrupun elə də çətin olmadığını bildirib:
"Püşkün nəticəsini normal saymaq olar. Ümumiyyətlə dünya çempionatında zəif komanda olmur. Ancaq yenə də qrupumuzda ən zəif rəqib kimi Əlcəzairi göstərmək olar. Hər şey Rusiya millisinin turnirə hazırlığından asılı olacaq.
Belçika millisi güclü rəqibdir. Onların püşkdən öncə I səbətdə yer almaları bunu deməyə əsas verir. Bir neçə il bundan öncə onlarla qarşılaşmışdıq və yaxşı təsir bağışlamışdılar. Belçika gənc və istəkli komandadır və mundialda sürpriz edə bilərlər.
Cənubi Koreya millisi fiziki cəhətdən çox güclüdür. Çox çalışqan, sürətli və aqressiv komandadır. Son yoldaşlıq oyunları da onların necə təhlükəli rəqib olduğunu göstərdi. Düşünürəm ki, koreyalılara qaşı oynamaq çətin olacaq.
Əlcəzair haqda nəsə demək çətindir. Düzdür, futbolçularımızın Afrika yığmaları ilə oynamaq təcrübəsi var. Ötən il Fil Dişi Sahili yığması ilə yoxlama oyununda qüvvəmizi sınamışdıq. Ancaq Əlcəzair millisi nə Fil Dişi Sahili, nə də Nigeriyadır".
Syomin sonda "DÇ-2014"ün ən çətin "dörd"lüyü kimi D qrupunu fərqləndirib:
"DÇ-2014"ün ən çətin qrupu D qrupu oldu. Burada Uruqvay, Kosta Rika, İtaliya və İngiltərə kimi yığmalar qərarlaşıb. Həmin görüşləri izləmək çox maraqlı olacaq".
saytlarin hazirlanmasi