"Söz verirəm ki, məğlubiyyətin əvəzini çıxmaq üçün əlimdən gələni edəcəyəm"

17:51 - 16 Dekabr 2013

Fariz Məmmədov: "Matias Pelklə revanş matçına çıxacam" 
 
“Hazırlığım yüksək səviyyədə keçmişdi. Demək olar ki, karyeramın ən yaxşı formasında idim. Amma idmanda gözlənilməyən, plandankənar hadisələr olur".
 
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycanı və “Qəbələ”ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Matias Pelklə döyüşdən sonra klubun rəsmi saytına açıqlamasında deyib.
 
"Təəssüf ki, döyüşə 2 həftə qalmış çiynimdən ağır zədə aldım. Sağ çiynimin bağları qopdu. Zədədən sonra həkimlər mənə döyüşməməyi məsləhət gördülər. Hətta buna qadağa qoydular. Amma müqavilələr bağlanmışdı, Almaniyadan promouter ölkəmizə gəlmişdi. Həm də çempionluq, kəmərə sahib olmaq həvəsim qarşısıalınmaz idi. Düşündüm ki, zədə 2 həftəyə sağalar. Müxtəlif tibbi vasitələrin köməkliyi ilə zədəmin bərpa olunacağını fikirləşdim. Əsasən də öz xarakterimə güvəndim. Amma bu 12 raundluq peşəkar boksdur. Zədə özünü 2-ci raunddan sonra biruzə verdi. Artıq 3-cü raundda özümü hiss etmirdim. Ağrılarım hədsiz şiddətli idi. Ona görə də döyüşü sona çatdıra bilmədim” - deyə F.Məmmədov bildirib.
 
Avropa çempionluğu uğrunda görüşdə Almaniya təmsilçisi ilə qarşılaşan boksçumuz bir müddət sonra revanş döyüşünün keçirilməsinin mümkünlüyündən bəhs edib. Fariz Məmmədov döyüş zamanı ona dəstəkləyən azarkeşlərə təşəkkür etməyi də unutmayıb:
 
“Müəyyən müddət sonra Matias Pelklə revanş matçına çıxmağı planlaşdırıram. Pelk döyüşdən sonra  mənimlə Almaniyada revanşa hazır olduğunu söyləyib. Yəqin ki, onunla yenidən üz-üzə gələcəyik. Yanvar ayında görüşün tarixi dəqiqləşəcək. Dekabrın sonunadək zədəmin bərpası ilə məşğul olacağam. Bərpa prosesinin ardından məşqlərə başlayacağam. Fevralın əvvəlində sınaq xarakterli reytinq döyüşünə çıxmağı planlaşdırıram. Daha sonra matç-revanşa hazırlaşacağam. Mənə dəstək verən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Söz verirəm ki, məğlubiyyətin əvəzini çıxmaq üçün əlimdən gələni edəcəyəm”.  

Xəbər xətti