"Qəbələ"nin zədəlilərinin son durumu

00:46 - 9 Yanvar 2014

"Dieqo çox güman ki, komandamıza Azərbaycanda qoşulacaq"
 
“Qəbələ”nin uzun müddətdi zədəli olan müdafiəçiləri Rail Məlikovla qvineyalı Umar Kalabanenin problemləri həll olunub.
 
Sportal.az xəbər verir ki, bu barədə komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov klubun saytına açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, tam gücü ilə hazırlaşan Kalabanedən fərqli Məlikovun hələ ki, topsuz məşqlərdə iştirak etməsi səbəbsiz deyil: “Rail fərdi proqram üzrə çalışır. İnşallah, bu ayın sonuna kimi tam hazır olacaq. Məlikovun İstanbulda son müayinəsi əla nəticələr verib. O, fiziki baxımdan demək olar tam hazırdı və daha müayinəyə getməyəcək. Sadəcə, toplu məşqlərdə kontakt olacağı üzündən hələ ki. qoşulmur”. 
 
Məhərrəmov əzələ bağlarından biri qopan müdafiəçi Ürfan Abbasovun da probleminin qalmadığını söyləyib: “O, tam sağalaraq komandanın hazırlığında iştirak edir. Gənc müdafiəçimiz Sadiq Quliyev isə əməliyyatdan sonra bərpa prosesi keçir. Fərdi çalışan Sadiq artıq yüngül qaçışlara başlayıb. Quliyev Antalyadakı hazırlığımızın 2-ci mərhələsində komanda məşqlərinə qoşulacaq”.
 
Həkim-fizioterapevt braziliyalı qapıçı Dieqo Koşta Silvanın əməliyyatdan sonra vətənində bərpa prosesi keçdiyini deyib: “Belə məsləhətləşdik ki, onun reabilitasiyası da Braziliyada keçsin. Dieqo çox güman ki, komandamıza Azərbaycanda qoşulacaq”.

Xəbər xətti