Əyalət təmsilçisindən növbəti heç-heçə
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti - dördüncü yoxlama oyununu keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Qazaxıstanın "Spartak" klubu ilə qarşılaşıb. Yuri Syominin komandası rəqibə qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
I hissə: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, İbrahima Niasse, Nizami Hacıyev, Rafael Santos, Luis Hilario Dodo, Davron Erqaşov, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi.
II hissə: Anar Nəzirov, Müşfiq Teymurov, Volodomir Levin, Deyan Kelhar, Şirməhəmməd Məmmədov, Murad Musayev, Nikola Valentiç, Elmar Baxşıyev, Lorival Assis, Leonardo da Silva, Abdulvahid Afolabi
Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. "Qəbələ" oyuna qara sarğı ilə çıxıb.
Görüşün ilk hissəsi bərabər mübarizə şəraitində keçib. Müdafiədə diqqətli oynayan komandalar hesabın açılmasına imkan verməyiblər. İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqlənməyi bacarıb. Baujan Turusbekin qoluna 74-cü dəqiqədə Leonardo cavab verib. Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki oyunlarda Türkiyənin "Maltəpəspor klubu ilə heç-heçə (1:1) edib , Qazaxıstan təmsilçisi "Tobol"a qalib (2:1) gəlib, "Konyaspor"a (Türkiyə) isə məğlub (2:4) olub.
"Qəbələ" toplanış çərçivəsində növbəti oyunu yanvarın 22-də "Volqa"ya (Rusiya) qarşı keçirəcək.
saytlarin hazirlanmasi