15 il əvvəlki martı xatırladır bu günlər: bir gün ilıq, bir gün soyuq. Bakı növbəti mənasız, qarsız-boransız, qısır qışını başa vurmaqdaydı. Təbiət kimi auditoriyada oturub dinlədiyim dərs də darıxdırıcı idi. İnzibati hüquq müəllimi ötən dərsdən təkrarladığı mövzu ilə beynimizi yorurdu: “xuliqanlıq ictimai qaydanı kobud şəkildə pozmaq və cəmiyyətə qarşı açıq hörmətsizliklə müşayiət edilən qərəzli hərəkətlərdir və s....”
Gənc müəllim rus mənbələrindən tərcümə olunan kitabdan əzbərlədiyi cümlələrlə mühazirə deyir, tələbənin mövzunun daha yaxşı qavraması üçün ortaya özünün şərhini, izahedici fikrini qoymurdu. Onun dediklərini isə çoxumuz elə həmin o “İnzibati hüquq” kitabından oxumuşduq. Mənim kimi daha bir neçə tələbə yoldaşım da mühazirəni yazmırdı. Kimi yanındakı ilə pıçıldaşır, kimi arxa sırada mürgüləyir, daha bir neçə nəfər isə partanın altında tutdugu qəzeti gizlincə oxuyurdu. “Elnur, “Futbol+”un bir səhifəsini ver, mən də oxuyum” – pıçıltıyla dediyim bu sözləri tələbəlik illərində qazandığım ən yaxın dostum güclə eşitdi. 8 yerə parçalanmış 8 səhifəlik qəzeti 8 nəfər oxuyurdu. Mənim də bəxtimə 2-ci səhifə düşdü. Və dərhal da diqqətimi kiçik bir elan çəkdi: “Qəzetimiz tezliklə 16 səhifəlik formata keçəcək. Bu səbəbdən yazı qabiliyyəti olan və futbolla maraqlanan gəncləri əməkdaşlığa dəvət edirik. “Futbol+” ailəsinin üzvü olmaq istəyənlər martın 4-ü saat 15-də redaksiyamızda keçiriləcək müsabiqədə iştirak edə bilər. Ünvan: Əliəşrəf Əlizadə küçəsi, 13...”
Tənəfüsdə Elnurla müzakirə etdiyimiz mövzulardan biri də elə bu oldu. Dostum məni inandırmağa çalışırdı ki, müsabiqədən keçib qəzetçi ola bilərəm: “bilirsən ki, sənin digər universitet komandaları ilə keçirdiyimiz oyunlardan yazdıqlarını həmişə oxuyuram. Səndə pis alınmır. Məncə, “Futbol+”un müsabiqəsində iştirak etsən, seçilənlərdən olarsan”. Dostum qrupumuzun futbol komandasının oyunlarından yazdığım, sonradan auditoriyada yığışıb kütləvi şəkildə oxuduğumuz, yarızarafat, yarıciddi yazıları nəzərdə tuturdu. Mənim üçün isə jurnalistika əlçatmaz görünürdü. Düşünürdüm ki, hər adamdan jurnalist olmaz, yazarlar xüsusi istedada malik, seçilən şəxslərdən olar. “Sən özünü sınamaq üçün sadəcə orada iştirak et, bəlkə alındı. Alınmasa da heç nə olmaz, üzüyünün qaşı düşməz” - Elnurun növbəti təkidindən sonra razılaşdım: “bir şərtlə ki, sən də mənimlə gedəcəksən”. Razılaşdıq. Yeganə problem o idi ki, gələn həftənin çərşənbə axşamı saat 15-də dərsimiz var idi. Özü də ən sevdiyim fənlərdən olan “Cinayət hüququ”. Həm sırf ixtisas fənnimiz idi, həm də unversitetin ən tələbkar və ən sevilən müəllimlərindən olan Rauf Şəmsizadə tədris edirdi. Onda hələ uşaqlıq arzum – hüquqşünas olmaq istəyim tam ölməmişdi. Cinayət hüququ, kriminalistika, cinayət-prosessual hüquq, mülki hüquq və digər sahələri böyük maraqla öyrənirdim.
Filmlərdən sevə-sevə izlədiyim qanunpərəst prokuror Mehmanın, rüşvətə baş əyməyib 1 milyonluq yeyintinin üstünü açan müstəntiq Seyfinin obrazını yaratmaq istəyirdim həyatda (amma uşaqlıq xəyallarım elə tələbəliyin ilk illərində “suya düşdü”. Başa düşdüm ki, Mehmanlar, Seyfilər yalnız kinolarda, kitablarda olur). Məni tərəddüdən yenə Elnur qurtardı: “bir dərslə dünya dağılmaz, gedək “Futbol+”un müsabiqəsinə”.
Beləcə, dəli mart küləyinin Bakı küçələrini süpürdüyü bir gündə Elnurla dərsdən “qaçıb”, “Futbol+”in redaksiyasına üz tutduq. “Əliəşrəf Əlizadə 13”ü tapmaq elə də çətin olmadı. Keçmiç Çapayev (indiki Təbriz) küçəsindən bir tin aşağı düşən kimi redaksiyanın qarşısına toplaşan kütlə diqqəti cəlb edirdi. Müsabiqədə iştirak üçün gələn təxminən 50-yə yaxın gənci görəndə bir anlıq duruxdum. Beynimdən ani olaraq bu fikir keçdi: “yəni, bu qədər adamın arasında mən seçilə biləcəm?”. Elnur dərhal keçirdiyim hissləri anladı və tez ürək-dirək verməyə başladı. Ardınca da zarafatla əlavə etdi: “onsuz da dərsdən qaçmışıq, heç olmasa gəlməyimiz boşuna olmasın”. 3-ə hələ 15-20 dəqiqə qalırdı, ona görə hamı kimi biz də redaksiyanın önündə gözləməyə başladıq. Tezliklə bir nəfərin cır səsi qulaqlarımı dəlməyə başladı. Qardaş uca səslə Rusiya və Türkiyə kanallarındakı verilişlərdən, aparıcılardan danışır, “Sovetski Sport”a, “Sport-Ekspress”ə istinadlar edirdi. Ona baxanda düşünürdüm ki, müsabiqədən keçəcək iştirakçılardan biri bu olacaq. Zənnim məni aldatmadı. Hamının diqqətini özünə cəlb edən bu çoxdanışan oğlan hazırda “İdman Azərbaycan”da çalışan Rəşad Rafiqoğlu idi. Diqqətçəkən daha biri var idi. Sonradan biləcəkdim ki, başına aşıq papağına bənzər papaq qoymuş, ağır addımlarla gəzən, daha doğrusu, fırtınaya düşmüş gəmi kimi ləngər vuran bu adamın daxilində çox parlaq bir istedad, həm də güclü vətənpərvərlik hissi gizlənibmiş. Bu, elə indi də, o vaxt da yaşından xeyli böyük görünən Anar Şabanoğlu idi. “Futbol+”in reportyor seçimi üçün elan etdiyi ilk müsabiqənin ən gənc iştirakçısı idi, 16 yaşlı Anar...
Saat 3-də bizi 2-ci mərtəbəyə – redaksiya binasının akt zalına dəvət etdilər. Burada adətən, həmin binada yerləşən Azərbaycan Demokrat Partiyasının toplantıları keçirilirdi. Həmin gün partiyanın tədbiri olmadığından akt zalı “Futbol+”in ixtiyarına verilmişdi. İştirakçıları salamlayıb, müsabiqənin şərtlərini elan edən şəxsi dərhal tanıdım – qəzetin baş redaktoru Mahir Rüstəmli idi. Həm Mahir, həm də bəzən Vüsaqi, bəzən Fateh, bəzən də öz imzasıyla “köşə yazan” Vüsal Mahmudovu tanımaq çətin olmadı. Şəkillərini “köşə yazıları”nda görmüşdüm. Nisbətən yaşlı olan 3-cü şəxs isə tanış gəlmirdi. Ucaboy, qara sifətli bu adam İngiltərə yığmasının o vaxtkı müdafiəçisi Sol Kempbelli xatırladırdı. Elə məni daha çox suala tutanlardan biri də məhz o oldu. “Azərbaycan çempionatını izləyirsən” sualına yalandan “bəli” cavabı verdim. Halbuki SSRİ çempionatından sonra Azərbaycan birinciliyini, İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Nazim Süleymanovdan sonra isə hansısa futbolçunu izləmək “cəhənnəm əzabı” idi mənim üçün. “Qəzetimizlə bağlı hansı iradların var, “Futbol+-i necə görmək istəyirsən” sualı Mahir Rüstəmlidən gəldi. Baş redaktorun səmimi və mehriban danışıq tərzi məni necə ürəkləndirdisə, özüm də gözləmədiyim halda bir xeyli “üyüdüb-tökdüm”. 8 ay əvvəl başa çatmış “Fransa-98”i diqqət və maraqla izlədiyimdən dünya futboluyla bağlı suallar qarşısında çətinlik çəkmədim. Sonda Mahir Rüstəmli hamıya elə oradaca idmanla bağlı istənilən mövzuda yazı hazırlamağı tapşırdı. Hərə bir kənara çəkilib yazmağa başladı.
Mən rayonumuzun – Dəvəçinin (indiki Şabran) maliyyə problemləri üzündən dağılmış “Bərəkət” komandası haqda yazdım. Təxminən 1 saat da yazıya getdi və altında imza qoyub ilk işimizi Rüstəmliyə təhvil verdik. “Yazıları yoxlayım, 3 gündən sonra redaksiyaya zəng edib nəticələri öyrənə bilərsiz” – Mahirin bizə son sözləri bu oldu. Redaksiyadan çıxanda saat 5-i keçmişdi, “zavallı” Elnur isə 2 saatdan çox redaksiyanın önündə məni gözləmişdi. Dostumun “necə oldu” sualına “3 gündən sonra biləcəyik” cavabını verdim. 3 gün mənim üçün bəlkə də 1 il kimi keçdi. Nəhayət, deyilən gün yetişdi. Universitetin foyesindəki telefondan redaksiyanı yığdım, dəstəyi elə Mahir özü qaldırdı:
- Həə, müsabiqəyə görə zəng vurmusuz, adınız, soyadınız necə oldu?
Həyəcandan ağzımı güclə açdım:
- Xəlilov İlkin
- Təbrik edirəm, sən ilkin mərhələdən keçmisən və sınaq müddətinə götürülmüsən. Sabah, imkan varsa elə bu gün redaksiyaya gələ bilərsən.
Sevincimdən göyün yeddinci qatındaydım. Dərhal yuxarı qaçıb Elnuru qucaqladım. Qorxumdan onun yanında zəng vurmamışdım ki, birdən arzuolunmaz cavab alıb dostumun yanında pərt olaram...
Beləcə, mənim “Futbol+”li günlərim başladı. Sınaq müddəti aprelin 1-dək davam edəcəkdi. Müsabiqədən 6 nəfər keçmişdi, sınaq müddətindən sonra onlardan yalnız 4-ü ştata götürüləcəkdi. İndi əsas məqsəd o “dördlük”ə düşmək idi. Mahirin mənə ilk tapşırığı müsabiqədə yazdığım yazının davam etditmək, mövzunu daha əhatəli şəkildə işləmək idi. Bizim rayonun 1995-97-ci illərdə prokuroru olmuş Habil Qurbanov “Bərəkət” komandasının əsas himayədarlarından idi. O, işini dəyişdikdən sonra Şabranda komandaya sahib çıxan tapılmadı və 1-ci dəstədə liderlərdən olan “Bərəkət” fəaliyyətini dayandırdı. Mahir mənə həmin o prokuroru tapıb müsahibə almağı tapşırmışdı. “Nə bilim, indi Habil müəllim harada işləyir” – təbii ki, bu sualı Mahirə yox, öz-özümə verdim. Köməyimə tələbə yoldaşım Telman çatdı. Onun atası DİN-də yüksək vəzifə tuturdu, respublikanın hüquq-mühafizə sistemində ali mənsəb sahibi olanların çoxunu tanıyırdı. Məhz Telman atasından Habil Qurbanovun harada çalışdığını və iş telefonunu öyrəndi. Üstəlik mənə atasının diktofonunu də gətirdi ki, müsahibəni rahat ala bilim. 92-14-00 nömrəli telefona cavab verən katibə məni Habil müəllimlə calaşdırdı. “Futbol+” qəzetinin müxbiridir sizi narahat edən” sözlərini deyəndə, özümün də buna inanmağım gəlmirdi. Keçmiş prokuroru isə başqa məsələ təəccübləndirmişdi: “bala, sənə kim deyib ki, mən Dəvəçidə futbol komandasının yaranması üçün iş görmüşəm, komanda saxlamışam. Mən axı bunu nümayişkaranə şəkildə etmirdim?”
- Habil müəllim, mən Dəvəçidənəm. Özüm “Bərəkət”lə bağlı çox şeyin şahidi olmuşam.
- Onda saat 4-də səni gözləyirəm. “Baksovet” metrosu ilə üzbəüz, Ədliyyə Nazirliynin Cəzaların İcrasına Nəzarət İdarəsinə gəl.
Habil Qurbanov məni çox mehribanlıqla qarşıladı, Dəvəçidə kimlərdən olduğumu soruşdu, polis idarəsində şöbə rəisi olan dayımın, kənd soveti işləyən babamın vaxtilə onunla çörək kəsdiyi adamlar olduğunu bilincə çox səmimi bir müsahibə verdi.
...Evdə iri bir çertyoj kağızı tapdım. Bir cümlə yazır, sonra onu pozub yenisiylə əvəzləyirdim. Beləcə yazını gecə saat 3-də tamamladım. Səhər redaksiyaya gələndə yuxusuz olduğum dərhal sezilirdi. Mahir yazdığım kağızı görüncə gülməkdən özünü saxlaya bilmədi: “normal bir kağız tapmadın yazmağa?” Həqiqətən də yazı yazdığım kağız orta əsr şahlarının bir-birinə göndərdiyi namələrə bənzəyirdi: uzun və ensiz. Sonra redaktə başladı. Mahir hər şeyi çox gözəl anladır, səhvlərimizi izah edirdi. Onun redaktəsindən çıxmış yazım “Futbol+”in 11-15 mart 1999-cu il tarixli sayında dərc olundu. Mənimlə yanaşı həmin nömrədə hazırda “İdman Azərbaycan”da çalışan Elnur Məmmədlinin və indi ölkənin tanınmış futbol funksionerlərindən olan Vaqif Heydərlinin də yazıları çap olunmuşdu. Növbəti həftədə “Futbol+”-də Anar Şabanoğlu, Elşən Məmmədov, Rəşad Rafiqoğlu imzaları da göründü.
Aprelin 1-də isə biz – mən, Vaqif, Anar və Elnur ştata götürüldük. Artıq cibimizdə “Futbol+”in vəsiqəsi də vardı. Tezliklə ilk maaşın, ilk qonorarın sevincini yaşadıq. Tələbə üçün o vaxtkı pulla 55 min manat (indiki pulla 11 manat) pis maaş deyildi. İşdən sonra birgə gəzintilər, məclislər, futbol oynamaq, kompüter oyunları başladı. Tezliklə “Futbol+” ailəsinə daha iki əla oğlan gəldi: Eldəniz Yusifov və Səbuhi Səfiyarlı. Mahir Rüstəmli bizə jurnalistikanı, Vüsal Mahmudov mövzu tapmağı, araşdırmağı, Rövşən Sultanov isə yeyib-içməyi öyrətdi. Beləcə bir-birimizi tanıdıq, bağlandıq, dəyər verdik, ömürlük dostlar qazandıq.
15 il ötüb, biz yenə birgəyik. Kədərimizi də, sevincimizi də bir bölürük. Mən hüqüqşünas, Elnur ilahiyyatçı, Vaqif kitabxanaçı, Elşən isə dövlət və bələdiyyə idarəçisi olmadı. “Futbol+” bizi jurnalistikaya bağladı, mənən sağlam, sözə, qələmə dəyər verən ruhda, ləyaqətli bir jurnalist kimi böyütdü. Mən uşaqlıq xəyallarımın qəhrəmanları olan “Mehman”ı, “Seyfi”ni birdəfəlik “dəfn etdim” və buna peşman olmadım. Yəqin ki, dostlarım da. Çünki biz həyatda bir-birimiz tapdıq.
Təbriklər dostlar, badələrinizin doldurun, 15 illiyin şərəfinə!!!
İlkin FİKRƏTOĞLU
saytlarin hazirlanmasi