Draqan Çeran: "Göstərdiyimiz nəticələrdən heç də razı deyiləm"
“Simurq”un serbiyalı legioneri Draqan Çeran klubun rəsmi saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, hazırda klubun ən məhsuldar futbolçusu olan Çeran, “Simurq”a gəlişindən və cari mövsümdəki oyunlar haqqında sualları cavablandırıb:
- Draqan, necə oldu ki, “Simurq”a gəlməyə razı oldun?
- Mövsümün əvvəlində bir çox təkliflərim var idi. Ancaq bir gün menecerim zəng etdi və soruşdu ki, Azərbaycanda oynamaq istəyərsən? “Simurq”dan sənə rəsmi təklif var. Mən də müsbət cavablandırdım və komandanın düşərgəsinə qoşuldum. Danışıqlar apardıq və müqavilə imzaladıq.
- Bu qərarına görə peşman deyilsən?
- Xeyr, əksinə vaxt ötdükcə düzgün qərar verdiyimə əmin oluram. Buradakı vəziyyətimdən çox razıyam.
- Hücumçu kimi oynamaq rahatdır, yoxsa pleymeyker?
- Hücumçudan hər kəs hər zaman qol gözləyir. Bu zaman da, futbolçu üzərində daima təzyiq hiss edir. Ancaq pleymeyker oynamaq mənə çox rahatdır. Çünki “Simurq”a qədər karyeram ərzində yalnız o mövqedə oynamışam. Ancaq bura gəldikdən sonra məşqçi mənə hücum xəttində şans verir. Çalışıram ki, bu işin öhdəsində bacardığım qədər gəlim. Oyunlarda göstərir ki, bu mövqedə də pis deyiləm (gülür).
- Geridə qalan oyunları “Simurq”üçün necə dəyərləndirirsən?
- Bəzi oyunlarda çox yaxşı nəticələr qazandıq, bəzilərində isə yox. Ümumi baxsaq, göstərdiyimiz nəticələrdən heç də razı deyiləm. Hətta elə oyunlarda oldu ki, meydanda rəqibdən üstün oynadığımız halda məğlub olduq və ya heç nədən xal itirdik. Bu da bizə turnir cədvəlində pis təsir etdi. Ancaq ümidsiz deyiləm. Hələ qarşıda bizim səkkiz oyunumuz var.
- Artıq mövsümün sonuna yaxınlaşırıq. Karyeranı burada davam etdirmək istəyərsən?
- Hazırda bu məsələ açıq qalıb. Ancaq niyə də olmasın. “Simurq”da özümü çox yaxşı hiss edirəm. Komandada yaxşı insanlar çalışır. Klub prezidentindən və məşqçilərimdən razıyam. Əgər “Simurq” növbəti mövsümdə məni heyətində saxlamaq istəsə, bunu müsbət dəyərləndirəcəyəm.
- “Simurq”un heyətində ən çox yadında qalan oyun hansıdır?
- Heç bir oyunu unutmaq istəmirəm. Fikrimcə, istədiyim səviyyədə oynamaq üçün geridə qalan qarşılaşmaları yaddan çıxarmamalıyam. Etdiyim səhvləri xatırlayıb, onları düzəltməyə çalışmalıyam. Ancaq belə qalib gəldiyimiz heç bir qarşılaşmanı unutmamışam
- Komandanın ən məhsuldar futbolçususan. Çempionatın sonuna qədər qollarının sayını çoxaltmaqla bağlı hədəfin var?
- Vurduğum bütün qollar mənim yox, bütün komandanın məhsuludur. Əlbəttə, oyunda fərqləndiyim vaxt çox sevinirəm. Ancaq qol vurmaqdan çox, hər zaman komandamızın sonda qazanacağı müsbət nəticəni fikirləşirəm. Mənim üçün əsas hədəf “Simurq”un qələbəsidir.
- Zaqatalada günlərin necə keçir?
- Düzün desək, Zaqatalada yaşamaq çox çətindir. Ancaq biz professionalıq. Buna görə də, ancaq futbol haqqında düşünməliyik və bütün diqqətimizi buna yönəltməliyik.
- Azərbaycan yeməkləri ilə aran necədir?
- Yeməkləriniz çox yaxşıdır. Böyük əksəriyyətini bəyənirəm.
- Azarkeşlərimiz haqqında nə deyərdin?
- Onlar möhtəşəmdirlər. Harada oynamağımızdan asılı olmayaraq gəlib bizi dəstəkləyirlər. Hər bir qələbəmizdə onların rolu böyükdür. Buna görə təşəkkür edirəm və bizi daima dəstəkləmələrini istəyirəm.
- Səncə “Simurq” mövsümü neçənci pillədə başa vuracaq?
- Biz hələ Avroliqaya düşmək şanslarını itirməmişik. Buna görə də, son oyuna qədər mübarizə aparacağıq. Qarşıda səkkiz tur var və bu görüşlərdən maksimum xal toplamağa çalışacağıq. Bu, futboldur. Hər şey ola bilər. Həvəsdən düşməməliyik.
saytlarin hazirlanmasi