Qurban Qurbanov: "Qarabağ" "Borussiya"ya, onlar isə "Barselona"ya həsəd apara bilər"

15:07 - 29 Aprel 2014

"Reynaldo nə qədər səviyyəli futbolçu olsa da, tək heç nə edə bilməz"
 
Qəzetimiz dərc olunduğu gündən hər dəfə sonuncu səhifəsində həftə ərzində “het-trik”ə imza atan və ya ad gününü qeyd edən futbolçuların, futbol adamlarının posterini yerləşdirir. Qəzetimizin 13 aprel buraxılışının posteri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idi. Həmin gün təcrübəli mütəxəssisin 42 yaşı tamam olurdu. Elə həmin sayımızda növbəti nömrələrimizin birində onunla geniş müsahibəni dərc edəcəyimiz barədə söz vermişdik. Sağ olsun, Qurban müəllim işinin çox, vaxtının isə az olmasına baxmayaraq sözümüzü yerə salmadı, elə ad gününün ertəsi onunla görüşə bildim. 2 saat çəkən söhbətdə uşaqlıq illərindən, futbola gəlişindən, futbolçu həyatından, “Qarabağ”dan və bir çox başqa məqamlardan danışdı. Həmin söhbəti sualsız müsahibə formasında təqdim edirəm.

Amma əvvəlcə həmsöhbətim haqqında qısa informasiya verim - Qurban Osman oğlu Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində dünyaya gəlib. Futbolçu karyerasına “Daşqın”da başlayan Qurbanov müxtəlif vaxtlarda ölkəmizin “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, habelə Rusiyanın “Dinamo” (Stavropol), “Baltika” (Kalininqrad), “Fakel” (Voronej) və “Volqar” (Həştərxan) komandalarının şərəfini qoruyub, 402 rəsmi oyunda 181 qol vurub. Millinin heyətində isə 67 oyunda 14 dəfə fərqlənib. 4 qat Azərbaycan çempionu, 2 dəfə Azərbaycan Kubokunun qalibidir.

Məşqçilik karyerasına 2006-cı ildə “Neftçi”də başlayıb. 2008-ci ildən “Qarabağ”dadır. Ağdam klubu ilə bir dəfə ölkə kubokunu, 1 dəfə çempionatın gümüş, 2 dəfə isə bürünc medallarını qazanıb.
 
“Anamın vurduğu həmin sillə heç vaxt yadımdan çıxmaz”

Yaşlaşdıqca ad günlərinə bir o qədər də önəm vermirik. Hər il ömürdən gedir. Bu ad günümü evdə, ailəmlə birgə qeyd etdim. Hədiyyələr... Qiymətindən asılı olmayaraq hər bir hədiyyəyə böyük önəm vermişəm. Ən yaddaqalan ad gününə gəldikdə isə, 30 yaşımı qeyd edərdim. Həmin vaxt Voronejdə idim və xəbər gəldi ki, oğlum dünyaya gəlib, mənimlə eyni gündə – aprelin 13-də. Yəqin ki, bir də belə ad günü və ad günü hədiyyəsi olmayacaq.
İki övladım var – Musa və Zəhra. Oğluma qardaşım Musanın adını qoymuşam. 12 yaşı var, “Neftçi”nin aşağı yaş qrupunda futbolla məşğul olur. Perspektivləri haqqında danışmaq, böyük potensialı olduğunu demək hələ tezdir. Elə futbolçular olub ki, məsələn Messi, 7 yaşından potensialı üzə çıxıb. Amma bizdə elə futbolçular tapmaq hələki mümkün deyil.
Futbolla yanaşı oxuması da vacibdir. Hər iki övladım 6 saylı məktəbdə təhsil alır. Maşallah, indi evə o qədər dərs verirlər ki, Musa hərdən məşqləri buraxmalı olur.
Ailədə 6 uşaq olmuşuq – 2 bacı və 4 qardaş. Ən kiçik uşaq – sonbeşik mənəm. İndi fərqli dövrdə yaşayırıq. O vaxtın uşaqları daha saf idilər. Heç nədə gözümüz yox idi, naşükür deyildik, qohum-qonşu ilə mehribançılıq var idi, kin-küdurətin nə olduğunu bilmirdik. İndi nə qədər desək ki, naşükür deyilik, hər şey varımızdır, baxırsan ki, daha çoxunu istəyirik. Uşaq vaxtından hamımız zəhmətə qatlaşmışıq. Zaqatalada dünyaya gələn uşaq böyüyəndə ya müəllim olmalı idi, ya da tütünçü. Bizim zonada tütünçülük və baramaçılıq inkişaf etmişdi. Kəndimizdəki sovxoz da məhz bu sahələr üzrə ixtisaslaşmışdı. Baramaçılıq 2-3 ay çəkirdi. Amma tütünçülükdə bütün ilboyu iş olurdu. Tütünü əkmək, yetişdirmək, yığmaq, qurutmaq... hamısı zəhmət tələb edirdi. Yay-payız aylarında səhər saat 6-dan axşam 9-a kimi işləyirdik. Tütünçülüyün çox ağır iş olmasına baxmayaraq, yorulmurduq, heç nədən də narazı deyildik. Amma indi nəsə bir iş görəndə hərdən yorğunluq hiss edirsən, baxırsan ki, tənbilləşibsən. Bir sözlə, o vaxtla bu günü müqayisə etsək, fərqlilik çoxdur. İndiki işimdə keçmişin böyük təsiri var. Hərdən yorulanda, pessimizmə qapılanda keçmişi yada salaraq naşükürlük etməməyə çalışıram. Amma istər-istəməz hərdən özümüzü “buraxdığımız” vaxtlar da olur. Hərdən naşükürlük də, riya da gələndə yenə də həmin günləri yada salmaq lazım olur.
Tütünün bol olduğu yerdə böyüyəsən, dadına baxmayasan? Bir-iki dəfə dadmışam. O da uşaq olanda. Amma meylli olmamışam. Heç vaxt siqaret çəkməmişəm.
Bizim kənddə iki məktəb var idi - 5 saylı səkkizillik və 3 saylı onillik. Evimizə yaxın olduğu üçün 8-ci sinifə kimi 5 saylı məktəbdə təhsil almışam, oranı fərqlənmə ilə bitirmişəm. Oxuyan uşaq idim, bütün qiymətlərim “5” olub. 9-10-cu sinifləri 3 saylı məktəbdə oxumuşam. Həmin vaxt artıq futbolla məşğul olduğuma görə dərslərə daha çox vaxt ayıra bilmirdim. Amma 8 ildə aldığım təhsil 9-10-cu sinifləri də yola verməyə bəs etdi. Ona görə də artıq “5”lərin arasına “4”lər də peyda olmağa başlamışdı.
Uşaqlıqla bağlı xatirələr çoxdu. O qədər dalaşmışıq ki... Hansını danışsam daha maraqlı olar? Qış ayları idi. Həyətdə mal-qaranı yemləmək üçün ot tayası var idi. Yabamız qırılmışdı. O vaxtlar vəziyyət belə idi ki, tütünə görə ildə 1-2 dəfə pul alırdıq. Qalan müddətdə pul qurtaranda bazar gununu gözləməli idin. Çünki, bazar həftədə bir dəfə işləyirdi və  nağd pul əldə etmək üçün evdə olan buğdadan, fındıqdan orada sata bilirdin. Şənbə günü idi. Səhər valideynlərim öz aralarında ertəsi gün bazara gedib yaba almaq üçün bir az fındıq satmalı olduqlarından danışırdılar. Mən də yarıyuxulu halda söhbəti eşitdim. O dəqiqə də beynimə bir fikir gəldi – qonşumuz Mustafa dayının 3 yabası var, birini özümüzə götürə bilərəm. Ümumiyyətlə, uşaqlıqdan qonşular xətrimi çox istəyirdilər deyə, onlara gediş-gəlişdə heç bir problemim yox idi. Rəhmətlik Mustafa kişinin ailəsi də belələrindən idi.  Haradasa 10 yaşım olardı. Nə isə, gün ərzində yabanın birini götürmək üçün fürsət axtardım. Axır ki, axşamüstü istəyimə çatdım. Evin arxasından ən yaxşı yabanı götürüb gətirdim və tövləmizin yanına qoydum. Bazar günü səhər tezdən evdə hamı yabadan danışırdı – kim gətirib? Heç kimin də xəbəri yox idi. Axır ki, anama yabanı mənim gətirdiyimi dedim. Biləndə ki, yaba Mustafa kişinindi və ondan xəbərsiz gətirmişəm, qulağımın dibinə bir sillə vurdu – apar yabanı götürdüyün yerə qoy! Ağlaya-ağlaya gəldim Mustafa dayının evin. Tərslikdən kişi həyətdə idi. Nə qədər gözlədimsə, yabanı yerinə qoymağa imkan tapmadım. Axırda hasarın üstündən yabanı həyətə atdım. Anamın vurduğu həmin sillə heç vaxt yadımdan çıxmaz.
Atam Osman kişi 1989-cu ildə rəhmətə gedib. Anam Güləbatın isə şükür Allaha əli üstümüzdədi. 76 yaşı var. Tez-tez görüşə bilməsək də, demək olar ki, hər gün əlaqə saxlayırıq. “Simurq”la oyunu səbirsizliklə gözləyirəm (söhbət ötən həftə olub – red.). Zaqatalaya çatan kimi kəndimizə gedib anama baş çəkəcəm.
Azərbaycanı bölgələrə ayırmaq istəməsək də, hər bir insanın dünyaya gəldiyi yer ona daha doğma olur. Zaqatalada dünyaya göz açmışam, uşaqlığım, gəncliyim Zaqatalada keçib. Zaqatalanın mənim qəlbimdə yeri başqadı. Bu səviyyəyə çatmağımda Zaqatalada yaşadığım həyatın böyük rolu var. Hər dəfə orada olanları yada saldıqda burada özümü “yığışdırıram”.
 

“Musa həm qardaşım, həm də dostumdur”

Demək olar ki, 15 yaşından sonra futbola başlamışam. Zaqatalada kəndlərarası çempionat keçirilirdi. Məşqçi Şaban Şirdanov həmin çempionatda oyunumu görmüşdü və məni “Daşqın”a dəvət elədi. 16 yaşından “Daşqın”ın əsas heyəti ilə məşq etməyə, 17 yaşından isə Azərbaycan çempionatında oynamağa başladım. Futbola həvəsim hədsiz dərəcədə çox idi. Məni evdə tapmaq müşkül məsələydi. Harada futbol oynayırdılarsa, orada olurdum. Bizim dövrdə bütün ailələrdə olduğu kimi bizdə də təhsilə böyük önəm verirdilər. Valideynlərim futboldan çox dərslərimə fikir verməmi tələb edirdilər. Futbolçu olmağımda qardaşım Musanın böyük payı var. Yaşda böyük olması valideynlərimə nəyisə izah etməsi üçün daha rahat idi və Musanın sayəsində futbola gələ bilmişəm.
Futbola gəlişimdə bu iki insanın böyük əməyi olub. Hər ikisi öz karyeralarından çox mənim karyeramı düşünüblər. Şaban müəllim mənim üçün fərqli bir insandı. İşlə bağlı tez-tez əlaqə saxlaya bilmirəm. Hətta bu müddət bir il olsa belə, ondan özümə qarşı bir inciklik hiss etməmişəm. Onda incimək xarakteri yoxdu. Çünki, futbolun içində olan bir adamdı və belə şeyləri normal qəbul edir. Bəlkə də onun yerində başqa adam olsaydı, məndən küsərdi. Ümumiyyətlə, xarakterimdə belə bir zəif cəhət var – elə olur ki, heç evdəkilərlə bir neçə gün əlaqə saxlamaq imkanı olmur. Ona görə hamısından halallıq almışam – buna görə məndən inciməsinlər. Hər dəfə Bakıya gələndə zəngləşib görüşürük, dərdləşirik. Münasibətlərimiz çox yaxşıdır.
Musa həm qardaşım, həm də dostumdur. Başqaları səhvimi bir dəfə, Musa isə 2-3 dəfə deyir. Etiraf edim ki, gənc yaşlarımda elə vaxtlar olub ki, etdiyim səhvləri çox sərt şəkildə mənə irad tutub. Buna görə 1-2 saatlıq incidiyim vaxtlar olub, amma sonradan fikirləşəndə görmüşəm ki, düz edir. Şükür Allaha, indiyə kimi Musaya heç vaxt iradlarına görə cavab qaytarmamışam.
“Daşqın”ın heyətində ilk oyunumun hansı komandaya qarşı olduğunu xatırlamıram, amma meydana müdafiəçi kimi çıxdığım yadımdadı. Komandada müdafiəçi problemi var idi və məcburiyyət qarşısında məni sol cinah müdafiəçisi kimi meydana buraxdılar. Çıxışım pis alınmamışdı. Sonradan öz yerimə qaytardılar və oyundan-oyuna “artırmağa” başladım. Bir ara Gürcüstanda da oynamışam. Zaqatala Laqodexi ilə sərhəd rayonudur. Əvvəl gürcülər Musanı dəvət elədilər. Laqodexinin komandasının məşqçisi Maxaradzenin “Mertsxali” komandasına keçəndə qardaşımı da özü ilə ora apardı. Həm Musanın qardaşı olduğumdan, həm də oyunumu bəyəndiklərindən “Mertsxali”yə ikimizi də dəvət eləmişdilər. Orada 6 ay oynadıq. Sonradan maliyyə problemlərinə görə “Daşqın”a qayıtdıq. Bir ara hərbi xidmətlə əlaqədar MOİK-də də oynamışam. Yeri gəlmişkən, əsgərlikdə cəmi 40 gün olmuşam. 1990-cı ildə. Hərbi anddan sonra Zaqatalaya qayıtmışdım. Amma MOİK-in oyunları olanda məni çağırırdılar.
1993-cü il idi. “Turan”dan Şahin Mehdiyev və İman Həsənov bizimlə danışıq aparmaq üçün kəndimizə gəlmişdi. Sonradan Bakıya gəlib Vidadi Əhmədovla görüşdüb və beləcə Tovuza yollandıq. O vaxt 2 illik müqavilə üçün mənə “VAZ-2109”, Musaya isə “06” vermişdilər. Tovuz həmişə yaddaşımda qala biləcək bir yer oldu. Hər bir futbolçunun ən böyük arzularından biri çempion olmaqdı. Bu arzuya ilk dəfə 21 yaşım olarkən Tovuzda çatdım. İlk dəfə Tovuzda düşünmədiyim futbolu oynamağa başladım. Vidadi Rzayev, İlham Məmmədov, Nizami Sadıqov kimi futbolçuların arasında olmaq özü böyük bir məktəb idi. Tovuz futbolundan başqa yadımda gözəl yerləri ilə də qalıb. Təbiətinə görə Zaqatal ilə oxşarlıqları çoxdur. Azarkeşlərinə isə söz ola bilməz. Tovuz camaatı bilsin ki, Qurban Qurbanovun onlara böyük hörməti var. Nə qədər futboldayam, nə qədər yaşayıram, onları unutmayacağam.
“Turan”da oynadığım dövrü xatırladıqda ilk yada düşənlərdən biri Gəncədə “Kəpəz”ə qarşı oyunumuz olur. Çempion olmaq üçün həmin oyunda mütləq qalib gəlmək lazım idi. Matçdan əvvəl bizə qarşı olan təzyiqlər, hərbçilərin özbaşınalıqları... Hətta bəzilərinə məni, Musanı, digər futbolçuları vurmaq barədə göstərişlər də verilmişdi. Bütün bunlara baxmayaraq 3:1 hesabı ilə qalib gəldik. Qolların ikisini mən, birini isə Musa vurmuşdu. Bundan sonra isə futbolçuları əməlli-başlı döymüşdülər. Nizami Sadıqovun vəziyyəti daha acınacaqlı idi. Bir-iki təpik də mənə dəymişdi.

“Neftçi” də mənim üçün doğma komandadır. O vaxtlar bu komandada oynamaq hər bir futbolçunun arzusu olub. Şükür Allaha, “Neftçi”də oynamaq mənim də qismətimdə varmış. Futbolçu kimi yetişməyimdə “Turan” kimi “Neftçi”nin böyük rolu olub. Başqa bir komanda, başqa bir yaşayış tərzi, yeni-yeni futbolçular...  “Neftçi” həm də ölkə xaricinə getmək və respublikada daha da tanınmaq üçün bir tramplin rolunu oynadı.  
Ölkə xaricində ilk dəfə Stavropolun “Dinamo” komandasında oynamışam. Onda Rasim Abuşov “Dinamo”da idi və onun köməyi ilə Stavropola getdim. Komanda 1-ci dəstədə mübarizə aparırdı və çempionatın sonunda 5-ci yeri tutduq. Milliyə görə bir neçə oyunda iştirak edə bilməməyimə rəğmən, 17 qol vurmuşdum.  Bombardir isə 23 qolla bir braziliyalı futbolçu olmuşdu. Belə baxanda, normal göstərici idi. Amma Kalininqrada oyunum o qədər də alınmadı. Yarım il “Baltika”da çıxış etdikdən sonra Voronejin “Fakel” komandasından dəvət gəldi. “Fakel”də ilk 4 oyun qol vurdum. Özü də qələbə qollarını. 5-ci oyunumda ayağımı sındırdılar. Zədəmi sağaltdıqdan sonra yenə də normal çıxış edirdim. Amma yenidən zədələndim. Bu dəfə topuğumdan. Geri dönəndə isə artıq komandada yeni hücumçular var idi. Bu üzdən bir qədər çətin oldu. Həmin ərəfədə komandada maddi vəziyyət pisləşdiyindən icarə əsasında “Neftçi”yə keçdim. Onda Ramiz Mirzəyev komandaya prezident təyin olunmuşdu və “Neftçi”də maddi durum yaxşı idi. Yarım ildən sonra vəziyyət dəyişdi – “Neftçi”də problemlər yarandı, “Fakel”də isə əksinə. Yenidən Voronejə qayıtdım. Rusiyada sonuncu komandam Həştərxanın “Volqar”ı olub. Təəssüf ki, orada özümü göstərə bilmədim. Qismətdən yoxlama oyunlarında qol vursam da, rəsmi matçlarda bir dəfə də olsun fərqlənmədim. Üstəlik, ikinci dövrənin əvvəlində belimdə ağrılar hiss etməyə başladım. 7 aya yaxın futboldan uzaq düşdüm. Nəticədə yenidən “Neftçi”yə qayıtdım.  
“İnter”ə keçəndə belimdəki ağrılar artıq xroniki hal almışdı. Nə qədər müalicə olunsam da, keçmədi, getdikcə daha da şiddətləndi. Konkovla məsləhətləşdikdən sonra 33 yaşımda karyeramı bitirmək qərarına gəldim və “İnter”də qalaraq idman direktoru kimi fəaliyyət göstərim.
Karyeram ərzində çox qol vurmuşam. Ən yaddaqalanını deməkdə çətinlik çəkirəm... “Neftçi”də olarkən Bakıda “Turan”la oynayırdıq. Onda keçmiş komandamın yaxşı heyəti var idi və oyunun gedişində məğlub olurduq. Hesabı bərabərləşdirəndən sonra 87-ci dəqiqədə qapıçıdan qayıdan topu qapıdan keçirdim. Baxımlı olmasa da, həmin qolun böyük əhəmiyyəti var idi və fərqli hisslər yaşamışdım. Əgər “Xəzər Lənkəran” Gəncədə xal itirsəydi, çempion olacaqdıq. Həm də karyeramın sonu olduğu üçün bacardıqca çox uğur əldə etmək istəyirdim. Elə oldu ki, lənkəranlılar da qalib gəldi və çempionu müəyyən etmək üçün “qızıl oyun” keçirildi və qalib gələrək çempion olduq. Ümumiyyətlə, bu komanda ilə 3 dəfə çempion olmuşam.
 

“Birdən Yunis dedi ki, deyəsən, İlham Əliyev də buradadı”

Birlik Kubokunda “Pünik”ə qarşı keçirdiyimiz oyunu yaddan çıxarmaq olmaz. Həmin vaxt zədəli olduğumdan meydanda deyildim. Kaş, meydanda olardım. Oyunu kənardan izləmək daha çətin idi. Şükür Allaha, ermənilərə qalib gəldik və vətənə alnıaçıq döndük. Bakıya qayıtdıqdan sonra Prezident İlham Əliyev bizi qəbul etmişdi... Bu, prezidentlə 3-cü görüşüm idi. Buna kimi “Neftçi”də məşqçi işləyəndə “Xəzər Lənkəran”la Lənkəran stadionunun açılışı zamanı qarşılaşmışdıq. İlk dəfə görüşəndə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti idi. 1996-cı ildə millinin heyətində İsveçrə ilə oyundan qayıdırdıq. Yeri gəlmişkən, həmin oyunu 0:5 hesabı ilə məğlub olmuşduq. Yunis Hüseynovla bir yerdə Frankfurt hava limanında təyyarəmizi gözləyirdik. Birdən Yunis dedi ki, deyəsən, İlham Əliyev də buradadı. Düzü, əvvəlcə inanmadım. Sonra yaxınlaşıb gördük ki, səhv etməmişik. Tanışlıq verdik, bir qədər söhbət etdik. Zarafatla, “Yaxşı oynadınız, amma uduzdunuz, deməsi yadımdadı.  
Milli komandada ilk oyunumu Gəncədə Gürcüstana qarşı keçirmişəm. Həmin oyunda 1:0 hesabı ilə qələbə qazanmışdıq. Qolu Nazim Süleymanov vurmuşdu. Həmin oyunda cəmi 15 dəqiqə meydanda olmuşdum. O vaxt milli komandada 5 nəfərdən ibarət məşqçilər korpusu fəaliyyət göstərirdi. Hesab 0:0 olarkən oyuna daxil oldum. Qol vurduqdan sonra isə yenidən əvəzlədilər. Oyunum pis alınmamışdı. Əvəz olunduğuma görə bir qədər incimişdim. Amma bu, futboldu, belə hallar olur.
Millinin heyətində ən yaddaqalan oyunlarımdan biri Serbiya ilə səfər oyunu idi. 2 top fərqi ilə geridə olarkən, hesabı bərabərləşdirmək... İlk qolu vuranda bir qədər bəxtimiz gətirmişdi. Samir Əliyev cərimə zərbəsini o qədər də yaxşı yerinə yetirmədi və top ayağıma dəyərək qapıdan keçdi. Həmin an topun mənə sarı gəldiyini gördüm. Düzü, ayağımı topun qarşısında götürmək istəyirdim, amma alınmadı. Elə yaxşı ki, alınmadı. Amma ikinci qol zəhmətimizin nəticəsi idi. Topu başla Samirə ötürdüm, o da bir toxunuşla qapıçı ilə təkbətək çıxardı. Yeri gəlmişkən, aprelin 12-də Emin Quliyevin, aprelin 14-də isə Samirin ad günüdü.
Samirlə bir yerdə az olmağımıza baxmayaraq, bir-birimizi gözəl başa düşürdük. Samirdən  başqa Vidadi Rzayev, Yunis Hüseynov, Mahmud Qurbanovla bir yerdə oynamaq rahat idi. Boş zonaya açıldınsa, topu ayağında görürdün.
İngiltərə ilə Nyukasldakı oyun da heç vaxt yadımdan çıxmaz. Tanınmış futbolçular, möhtəşəm azarkeşlər, İngiltərə ab-havası... Həmin qarşılaşma, oyunun atmosferi digər oyunlardan çox seçilirdi.
İstər klublarda, istərsə də millidə hava toplarının çoxunu “götürə” bilirdim. Yəni, başla pis oynamamışam. İtaliya, İngiltərə kimi yığmalara qarşı oyunda uzun ötürmələrin xeyli hissəsini başla götürə bilirdim. Amma Finlandiya ilə oyunda...  Təsəvvür edin ki, oyunda qarşıma bir məqsəd qoymuşdum – irəli ötürülən topların heç olmasa birinə birinci mən toxunum. Sami Hyupya imkan vermədi. Bütün toplarda ona uduzdum.

Kapitanlıq böyük məsuliyyətdir. Kapitan olmaq hər bir futbolçunun arzusudur, amma əvvəlcə gərək həmin futbolçu bu məsuliyyəti hiss etsin. Hərdən bəzi kapitanların komanda daxilində baş verən “çp”lərdə iş başında olduğunu görürük. Amma əsl kapitan meydanda, məşq zamanı, davranışda, ümumiyyətlə, bütün hallarda digər futbolçulardan seçilməli, onlara örnək olmağı bacarmalıdır. “Neftçi”də, yığma komandada müəyyən vaxtlar komandanın kapitanı olmuşam və çalışmışam ki, öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirim.

“Stabil komanda yaratmaq üçün vaxt lazımdır”

“Qarabağ”a gəlişim 2008-ci ilə təsadüf edir.  “Qarabağ”ın o vaxtkı baş məşqçisi Rasim Kara çempionatın başlamasına 1 həftə qalmış istefa verdi və “Xəzər Lənkəran”a getdi. Həmin vaxt işsiz idim. Hamıya PFL prezidenti Ramin Musayevlə dost olduğum məlumdu. Onun təşəbbüsü ilə rəhbərliklə görüşdüm və “Qarabağ”a gəldim. Həmin mövsüm komandanın qarşısına Avrokuboklarda iştirak etmək məqsədi qoyulmuşdu. İlk mövsümdə Azərbaycan Kubokunu götürdük və Avrokuboklara vəsiqə qazana bildik. Həmin il komanda UEFA Kubokunda yüksək səviyyədə çıxış edə bildi. Əvvəl “Rusenborq” kimi güclü bir rəqibi mübarizədən kənarlaşdırdıq. Ardınca Finlandiyanın “Honka” klubuna qalib gəldik. Təəssüf ki, “pley-off”da “Tvente”yə məğlum olduq. “Honka” ilə cavab oyunu Ağdamın işğalı gününə təsadüf edirdi. Həmin oyunlar məşqçilik karyeramda ən yaddaqalan oyunlar olub. Oteldən stadiona gələnə kimi azarkeşlərin stadiona doğru getdiyinin şahidi olmuşdum. Oyunun başlamasına 1 saat qalmış artıq stadion tam dolmuşdu.
Karyeramın ən xoş və gözlənilməz anları prezident İlham Əliyevin mənimlə əlaqə saxlaması olub. Bu səviyyədə zəng gələcək fəaliyyətimdə mənə əlavə bir stimul oldu. “Honka” ilə oyunun ertəsi günü əvvəl Elxan Məmmədov, ardınca nazirlikdən əlaqə saxladılar ki, prezident səninlə əlaqə saxlayacaq. Bir qədər sonra Prezident Aparatından gözlənilən zəng oldu. Əvvəlcə İlham Əliyevlə danışmaq mənə bir qədər qəribə gəlirdi. 4 dəqiqəyə yaxın səmimi söhbətimiz oldu. Buna kimi prezidentin futbolla maraqlandığını eşitmişdim, amma bu qədər futbolumuzu bilməsindən xəbərsiz idim. Mənim kareyramdan, vurduğum qollardan danışdı, uğurlar arzuladı. Bir daha əmin oldum ki, İlham Əliyev futbolumuza biganə deyil. Bunu son illər onun tərəfindən futbolumuza ayrılan diqqət və qayğıdan da görmək olar.

Hər bir məşqçinin və futbolçunun arzusu mövsümü çempion kimi başa vurmaqdır. Mənim qarşıma qoyduğum məqsəd isə başladığım işimi tamamlamaqdır. Bu haqda klub rəhbərliyi ilə xeyli danışıqlarımız olub. Əvvəl işimizi düzgün qurmağa çalışmalıyıq. Bu gün məğlub ola bilərik, amma əsas gələcəkdir. “Qarabağ”a gələndə əsas vəzifə kimi qarşıma öz sistemimizi, fəlsəfəmizi, oyun üslubumuzu yaratmağı qoymuşdum. Ola bilər ki, bu, 3-5 il alınmasın. Stabil komanda yaratmaq üçün vaxt lazımdır. Bundan başqa bayaq da qeyd etdiyim kimi, “Qarabağ”ın məşqçidən asılı olmayan oyun üslubu olmalıdı. Fərqi yoxdur, sabah Qurban Qurbanov “Qarabağ”da olacaq, ya yox. Fikir verirsinizsə, bu ilin yanvarından etibarən klubun aşağı yaş qruplarında məşqlər əsas komandanın keçdiyi məşq prosesinə uyğun aparılır. Bunun özü çox vacibdir. Bu gün Azərbaycan böyük futbol ölkəsi, “Qarabağ” isə böyük klub deyil. Dediklərimi həyata keçirmək üçün 4-5 il çox azdır, daha çoxu lazımdır. İnanıram ki, illər sonra indi qurduğumuz işlərin bəhrəsini görə biləcəyik. Həmçinin, Azərbaycan futbolunun 5-10 ildən sonra daha yüksək səviyyəyə çatacağını düşünürəm. Bunun üçün hər bir şəraitimiz, imkanımız var və ən  əsası dövlət tərəfindən futbolumuza qayğı göstərilir.

6 il əvvəl “Qarabağ”a gələndə rəhbərliklə bu haqda danışığımız olmuşdu və klub rəhbərliyi fikrimə hörmətlə yanaşdı, mənə etimad göstərdi və qarşıya qoyulan məqsədə çatmaq üçün hər cür köməklik etdi. Rəhbərlik üçün nəticə yox, ideyalarımı həyata keçirmək daha önəmli idi. Buna baxmayaraq, geridə qalan müddətdə “Qarabağ” cəmi bir il Avrokuboklara vəsiqə qazana bilmədi. Avropa səhnəsində iştirak etdiyimiz illərdə əldə etdiyimiz nəticələr isə hamıya məlumdur.

Klubun prezidenti Abdulbari Gözəl haqqında çox danışmaq istəmirəm. Çünki, nə mən kimisə tərifləməyi xoşlamıram, nə də Abdulbari bəy tərif eşitməyi. Tərif deyəndə onun gördüyü işlər göz önündədir. Azərbaycana gələn insan ölkəmiz üçün bu qədər iş görürsə, onun haqqında danışmağa dəyməz. Onun açdığı şirkətdə nə qədər həmvətənimiz çalışır, ailəsini dolandırır. O, “Qarabağ”ı ən yaxşılardan biri etmək istəyir...

“Rəşad mənim üçün dəyərli bir insandır”

Reynaldo kimi futbolçularımızın hər biri mənim üçün önəmlidir. Hər biri öhdəsinə düşən işi lazımınca yerinə yetirməyə çalışır, komandanın qələbə qazanması üçün əlindən gələni edir. Atalar məsəli var – tək əldən səs çıxmaz. Reynaldo nə qədər səviyyəli futbolçu olsa da, tək heç nə edə bilməz. Həmişə bizə lazım olmasa belə, oyunumuza uyğun futbolçuları axtarmışıq. Əgər belə bir perspektivli futbolçu rastımıza çıxsa, onu komandaya gətirməyə çalışırıq. Reynaldonu bizə təklif edəndə son vaxtlar “Anderlext”də işlərinin qaydasında getmədiyni, icarə əsasında digər komandalarda oynadığını bilirdik. Bundan başqa zədəli olduğundan da xəbərimiz var idi. Amma buna rəğmən Reynaldonun əvvəlki oyunlarını izlədik və onda perspektiv gördük. Zədəli olması bizim işimizi daha da asanlaşdırdı. Qətiyyətlə onun “Qarabağ”a gəlməsini istədik, hətta klubuna müəyyən məbləğ də ödədik. Yadınızdadırsa, 2-3 ay komandaya uyğunlaşa bilmədi. Hətta o vaxt həkimlər onun müalicəsini düzgün aparmadıqlarından bir qədər də vaxt itkisi ilə üzləşdik. Getdikcə, özünü doğrultdu. Bu gün ondan razıyam. Amma Reynaldo hələ potensialını tam ortaya qoya bilməyib. Bu haqda onunla söhbətlərim olub – bir qədər də ciddi, bir qədər də artıq işləsə daha yaxşı oynaya bilər.
Rəşad Sadıqov haqqında çox danışmağa ehtiyac görmürəm. Məni tanıyan hər kəsin Rəşadla yaxın dost olduğumuzdan xəbəri var. Rəşad mənim üçün dəyərli bir insandır. Ətrafımdakılar haqqında geniş danışmağı xoşlamıram. Rəşad haqqında qısaca onu deyə bilərəm ki, gözəl insan, layiqli dost və istedadlı futbolçudur.
Namaz hər bir müsəlmanın boynunda olan vacib əməldir. Gözümü açandan anamı namaz qılan görmüşəm. İbadət etməyin nə olduğunu və vacibliyini uşaqlıqdan bilirdim. Düzdür, namaz qılmağa bir qədər gec başlamışam. Haradasa, 2004-05-cü illər olardı. Şükür Allaha, gec də olsa bu baş verdi.
Təəssüf ki, bu gün futbolumuz azarkeş sarıdan korluq çəkir, oyunlar çox vaxt boş tribunalar önündə keçirilir. Millinin heyətində Uelslə, məşqçi kimi isə Dortmund “Borussiya”sına qarşı keçirilən oyunları unutmaq mümkün deyil. Elə bir atmosferdə futbol oynamağın özgə ləzzəti var. Təbii ki, Avropa ölkələri istər azarkeş, istərsə də futbolun səviyyəsinə görə bizi üstələyir. Onlara çatmağımızı xeyli vaxt lazımdır. “Borussiya” ilə oyun mənim üçün əsl təcrübə məktəbi oldu. Baxmayaraq ki, həmin oyunda məğlub olduq, 75 min azarkeş qarşısında oynamaq özü bir üstünlük idi. “Siqnal İduna Park” çox vahiməli bir yer idi. Hətta oyundan əvvəl 1-2 futbolçumuz “mandraj”da idi. Əslində, buna normal baxmaq lazımdı. Yenidən orada oynamağı çox istərdim.

Həmin oyundan bir müddət sonra “Borussiya”nın bazasında oldum, məşqlərini izlədim, baş məşqçi Yurgen Klopla 2 dəfə görüşdüm. Onunla rəqib olmuşdum deyə, məni yaxşı tanıyırdı. Klopla 1 saatlıq söhbət 1 illik məşqçi fəaliyyətinə bərabər idi. Onların şəraitini görəndə “Borussiya” ilə “Qarabağ”ın arasında nə qədər fərqin olduğumu gördüm. 1-2 ay sonra “Barselona”nın düşərgəsində olanda “Barselona” ilə “Borussiya”nın səviyyə fərqini hiss etdim. “Qarabağ” “Borussiya”ya, onlar isə “Barselona”ya həsəd apara bilər.  

Söhbətləşdi:
İlqar TAĞIYEV
“Het-trik news”

Xəbər xətti