Emil Balayev: "Əsas məqsədim Azərbaycan futbolunda bir ad qoymaqdır"
"Araz Naxçıvan" və millimizin qapıçısı Emil Balayevin Sportal.az-a müsahibəsi
- “Araz Naxçıvan”a mövsümün ortalarında qoşuldu. İlk vaxtlar özünü orada necə hiss edirdin?
- Bura gələnə kimi Bakıda qalırdım, bir az Naxçıvana uyğunlaşmaq çətin oldu. Amma kollektivə tez öyrəşdim. Burada əvvəldən tanıdığım futbolçular da var idi, Eşqin Quliyevi “Neftçi”dən tanıyırdım. Həm rəhbərlik, həm də məşqçilər tərəfindən yeni gələnlərə gözəl münasibət var idi.
- “Neftçi”də oyun praktikan az idi. Bura gələndə praktiki cəhətdən çətinlik çəkmədin?
- “Neftçi”də əsas komanda ilə məşq etsəm də, praktikaya görə əvəzedici heyətdə oynayırdım. I Divizionu əvəzedicilərin çempionatı ilə müqayisə etsək, I liqa səviyyə baxımından daha yüksəkdir, çünki burada təcrübəli futbolçular oynayır. Komanda yoldaşlarımdan çoxu əvvəllər əsas liqada oynayıblar. Mənim özümdə burada Premyer Liqa komandalarından “Simurq” və “Xəzər Lənkəran”a qarşı oynadım. Burada oynamağım praktika qazanmağıma çox kömək etdi.
- “Araz Naxçıvan”a “Neftçi”dən icarə əsasında oynayırsan. “Araz Naxçıvan” da Premyer Liqaya vəsiqə qazanıb. “Araz Naxçıvan”da qalmağı, yoxsa “Neftçi”yə qayıtmağı fikirləşirsən?
- Hazırda müqavilə ilə “Neftçi”yə məxsusam. Onlar qərar verəcəklər: burda qalım, yoxsa qayıdım. Mənim əsas hədəfim davamlı oynamaqdır. Ancaq “Neftçi”dən də mənə deyiblər ki, səni qaytarmaq fikrimiz var. Bakıya qayıtdıqdan sonra bu barədə ətraflı danışacağıq.
- “Araz Naxçıvan” Emil Balayevə nə qazandırdı?
- Bura gəlməyim karyeramda böyük addım oldu. Komanda olaraq, əsas liqaya vəsiqə qazandıq, kubokda ¼ final mərhələsinə kimi irəlilədik. “Xəzər Lənkəran”la oyunla da onlarla layiqli mübarizə apardıq. Çox adam elə fikirləşirdi ki, onlar bizi asanlıqla məğlub edəcək.
- “Araz Naxçıvan” bu heyətlə əsas liqada mübarizə aparmaq gücünə malikdirmi?
- Bu barədə mənim nəsə deməyim düzgün çıxmaz. Bunu baş məşqçimiz Əsgər Abdullayev daha yaxşı bilər. O, kənardan görür ki, komandanın hansı mövqeyində problem var və onları aradan qaldırmaq lazımdır. Amma ümumi götürsək, hamı gördü ki, biz Premyer Liqa komandaları ilə pis mübarizə aparmadıq. Bu heyətlə də oynamaq olar, amma bir də təkrarlayıram, bunu baş məşqçi daha yaxşı bilər.
- Yeni mövsümdə “Araz Naxçıvan” Premyer Liqaya yeni rəng qata biləcəkmi?
- Əlbəttə, Premyer Liqada daha maraqlı keçəcək. Naxçıvanda idmana, futbola böyük maraq var. Elə I divizionda azarkeşlərimiz həm səfər, həm də ev oyuinlarımızda daim bizə dəstək verirdilər.
- Millimizin heyətinə dəvət almısan. Nə hissllər keçirirsən?
- Bundan əvvəl, İsraillə oyunda da rəsmi olaraq dəvət almışdım. İndi yenə dəvət aldım, əlbəttə, sevinclə qarşıladım. Mənim oyunuma baxıblar, diqqət yetiriblər.
- Millinin heyətində səninlə rəqabətdə Kamran Ağayev, Səlahət Ağayev kimi qapıçılar var. Özünü hazır hiss edirsən onlarla rəqabət aparmağa?
- Çalışacam ki, daha da inkişaf edim, artırım. Kamran Ağayev Azərbaycanda bir nömrəli qapıçıdır. Çalışıram ki, hər dəfə yaxşı mənada ondan nələrsə götürüm. Əsas məqsədim Azərbaycan futbolunda bir ad qoymaqdır. Bu təlim-məşq toplanışında da əlimdən gələni edəcəm ki, millidəki yerimi qoruyum.
- Bayaq qeyd etdin ki, mənim üçün əsas oynamaqdır. “Neftçi”yə qayıtsan, legionerləri əsas heyətdən kənarlaşdıra biləcəkmi?
- “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Orada qapıda dayanmaq böyük məsuliyyət tələb edir. Mən də o məsuliyyəti anlayıram və “Neftçi”nin qapısını qorumağı istəyirəm. Buna görə də çalışacam.
- “Neftçi” də olan zaman rəqabətdə Saşa Stamenkoviçə uduzurdun?
Mən hər kəslə sağlam rəqabətə hazıram. “Neftçi”də olduğum zaman oyun praktikam yox idi, amma indi məşqlər və oyun praktikam qaydasındadır. Saşa ilə indi sağlam rəqabətə hazıram. Onunla meydandan kənar yaxşı münasibətim var, tez-tez əlaqə saxlayırıq.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi