"Bu da "Xəzər Lənkəran" adına faciədir"

16:37 - 16 May 2014

Orxan Sadıqlı: "Dənizlinin tək məqsədi “Xəzər Lənkəran”ı ayağa qaldırmaq idi"
 
"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının Sportal.az-a müsahibəsi
 
-    Bildiyimiz qədər zədəlisən. Zədənin son vəziyyəti haqqında məlumat verərdin?
-    Zədəm ciddidir, Başımdan zərbə almışdım, belə ki, rəqibin futbolçusu Salif Ballo topa sürüşsə də, butsisi gicgahıma dəydi. Hazırda da oyunla bağlı heç nə xatırlamıram. “Qarabağ”la oyunu buraxmalı olacam, amma vəziyyətim getdikcə yaxşılaşır. Yəqin ki, 21 yaşlılardan ibarət milli komandanın toplanışında iştirak edəcəm.

 
-    Mövsümün başa çatmasına bir tur qalıb. Bu mövsümü komandan üçün necə dəyərləndirərdin?
-    Gözləmədiyimiz bir mövsüm oldu, uğursuz nəticələr əldə etdik. Növbəti mövsüm avroliqada çıxış edə bilməyəcəyik. Bu da “Xəzər Lənkəran” adına faciədir.

 
-    Bu faciənin baş verməsinə səbəb nə oldu?
-    Səbəblər çoxdur, amma ən başlıcası bu mövsüm stabil oyun oynaya bilmədik. Son iki ildə çempionatda ancaq uğursuz nəticələr göstəririk.

 
-    Stabil oynaya bilməməyiniz səbəbi heyətdə baş məşqçi dəyişiklikləri və yeni futbolçuların komandaya qoşulması ola bilər?
-    Bəli, razıyam. Həm də çempionata yaxşı balaya bilmədik. “Makkabi” faciəsini unudub oyunlara tam köklənə bilmirdik. Sözsüz, məşqçi dəyişiklikləri və komandaya çox sayda yeni futbolçuların qoşulması da bizə təsir etdi.

-    Bəzən mətbuatda yazılır ki, Dənizli futbolçuları çox “sıxır”. Bununla bağlı nə deyə bilərsən?
-    Dənizlinin tək məqsədi “Xəzər Lənkəran”ı ayağa qaldırmaq idi. Nəzərə alın ki, çempionat ağır qrafiklə keçirilirdi, hər 3-4 gündən bir oynayırdıq. Hansı məşqçi olsaydı, belə edərdi. Belə halda məcbur futbolçulara az istirahət verilirdi.

 
-    Komandaya yeni futbolçular qoşulmasına baxmayaraq, heyətdə yetəri qədər boşluqlar var idi..
-    Bəli, bəzi mövqelərdə boşluqlar var idi. Həm də yetəri qədər cəzalı və zədəli futbolçularımız oldu. Bu da komandanın oyununa təsirsiz ötüşmədi.

 
-    Transfer siyahısında komandaya yeni bir qapıçının qoşulacağı gözlənilir. Bu, səni rəqabətdən çəkindirmir?
-    Transfer siyahısında qapıçının olduğunu ilk dəfə sizdən eşitdim. Amma mənim üçün problem yoxdur. Həmişə istənilən qapıçı ilə rəqabətə hazıram.

 
-    Ötən mövsümdə qapıçılar arasında elə də rəqabət yox idi və sən asanlıqla əsas heyətdə yerini təmin edirdin.
-    Bu fikirlə razı deyiləm. Çünki bizim Toni Doblas və Duqlas Leyte kimi təcrübəli qapıçılarımız var idi. Hər iki qapıçı ilə rəqabət çətin idi. Onlardan çox şey öyrəndim, onlar da sağolsunlar bildiklərini mənə öyrədirdilər.
 
Yusif HÜSEYN

Xəbər xətti