"Foqts bunu daha yaxşı izah edə bilər" MÜSAHİBƏ

12:30 - 5 İyun 2014

"Çempionatda 10 komanda var və onlardan 5-i legionerlərlə işləməyə üstünlük verir"
 
AZAL klubunun sabiq baş məşqçisi Elxan Abdullayev "Çempion"a müsahibə verib. Sportal.az sizi həmin müsahibə ilə tanış edir.


- Millimiz ABŞ-a məğlub oldu. Oyunçularımızın bu matçdakı mübarizəsini necə dəyərləndirmək olar? Potensialları ancaq buna imkna verir?
- Sözün düzü, mən oyuna canlı baxa bilməmişəm. Azərbaycanda yox idim, həmin vaxt Rusiyada idim. Ona görə də, oyuna canlı baxmaq imkanım olmamışdı. O ki qaldı nəticəyə, düzdür, məğlub olduq. Amma mənə elə gəlir ki, belə oyunlarda hesab önəmli deyil. Yoldaşlıq görüşü olduğundan milli üçün çox yaxşı təcrübə oldu. Mənə elə gəlir ki, ABŞ kimi komandalarla oynamaq bizə çox kömək edə bilər. Mən tərəfdarıyam ki, belə görüşlər daha çox keçirilsin. Nəticə böyük rol oynamadığı üçün əsas məsələ oynamaqdır. Çünki ABŞ güclü komandadır və dünya çempionatında çıxış edəcək. Ona görə də, mən ABŞ-dakı toplanışa müsbət yanaşıram.


- Yenə ənənəvi formada müdafiə oyununa üstünlük verdiyimiz üçün eyni problemlərlə üzləşdik və komanda 70-ci dəqiqədən sonra qollar buraxmağa başladı. Sizin fikrinizcə, problemi necə yoluna qoymaq lazımdır ki, komandamız sona kimi qapımızı toxunulmaz saxlaya bilsin?
- Futbolda hər şey mümkündür. Mən deyə bilmərəm ki, bizimkilər heç-heçəyə oynayırlar. Düzdür, bizdə matçın gedişi elə olur ki, həmişə sona doğru qollar buraxırıq. Amma bu məsələni mən izah edə bilmərəm. Çünki mənə aid deyil. Bunu baş məşqçidən soruşmaq lazımdır. O bunu daha yaxşı izah edə bilər. Çünki mən bilmirəm ki, millinin hazırda fiziki durumu nəyə imkan verir, taktiki və psixoloji vəziyyəti necədir. Bütün bu faktorlar oyunda böyük rol oynayır. Yalnız komandaya yaxın adamlar bu suala cavab verə bilərlər. Biz ancaq kənardan baxırıq.


- Mövsüm artıq yekunlaşıb və indi futbol ictimaiyyəti klublarımızın avrokubokdakı oyunlarını gözləyirlər. Sizcə, “Qarabağ”, “İnter”, “Neftçi” və “Qəbələ” hansı nəticələrə imza ata bilərlər?
- Bunu cavablandırmaq üçün ilk növbədə püşkatmanı gözləməliyik. Rəqiblərimizin adları məlum olduqdan sonra nəsə proqnoz verə bilərik. Çünki indidən söz demək çətindir. Axı bilmirik ki, püşk komandalarımıza hansı klubları rəqib edəcək. Əlbəttə, istəyirik klublarımız bizi sevindirsinlər. Mən Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 kluba da inanıram. Nəsə edə biləcəklər.


- Növbəti mövsümdə çempionatın yenə 10 komanda ilə keçiriləcəyi dəqiqləşib. Bu barədə AFFA prezidenti Rövnəq Abdullayev açıqlamasında bildirib. Sizcə, hazırkı sistem yaxşıdır, yoxsa komanda sayının çox olması futbolumuzun inkişafına daha çox töhfə verər?
- Əlbəttə ki, xeyirlisi daha çox komandanın olmasıdır. Mən inanıram ki, həm Rövnəq müəllim, həm də Ramin müəllim daha çox komandanın olmasını istəyirlər. Amma bu artıq bizlik deyil. Hamı istəsə də, indi aşağıdan gələcək hazır komanda yoxdur. Ona görə də, hələlik məcburuq bu sistemlə oynayaq. Amma mən çox komanda olmasını bu sistemdən üstün sayıram.


- Gələn mövsüm yüksək dəstədə “Araz Naxçıvan”ı da izləyəcəyik. Sizcə, bu komanda yüksək dəstəyə ayaq uydura biləcəkmi?
- Açığı, indiyə kimi “Araz Naxçıvan”ın heç bir oyununa baxmamışam. Amma mənə elə gəlir ki, yüksək dəstədə oynamaq üçün onlara yeni futbolçular, legionerlər lazımdır. Çünki orada daha çox gənclərdən qurulmuş heyət var idi. Futbolçu biri var “Neftçala” və ya “Şahdağ”a qarşı onasın, bir də var “Neftçi”, “Qəbələ” və “Qarabağ” kimi komandalara qarşı. Hər şey büdcədən asılı olacaq. Nə qədər çox büdcə olsa, o qədər yaxşı iş görmək mümkün olacaq. Ona görə də, maddi vəziyyətdən asılı olaraq güclü komanda qurmaq olar. “Araz Naxçıvan”ın yüksək dəstəyə gəlməsində müsbət hallar da çoxdur. İlk növbədə öz stadion və azarkeşləri var, region komandasıdır. Bir iş qalıb, o da komandanı komplektləşdirmək. Çempionatın başlanmasına hələ xeyli vaxt var. İnanıram ki, Naxçıvan təmsilçisi rəqabət apara biləcək.


- Rusiyada olduğunuzu vurğuladınız. Hər hansı bir təklif var idi, yoxsa şəxsi işlərlə əlaqədar?
- Yox, Rusiyada olmağım tamamilə şəxsi işlərimlə əlaqədar idi.


- Bəs hələ də heç bir təklif yoxdur?
- Xeyr, Azərbaycanda olan komandaların heç biri maraqlanmayıb. Hələ gözləyirik. Baxaq görək, axırda necə olacaq. Bizim işimiz budur da. Gərək kimsə işimizi təhlil etsin.


- Siz də daxil olmaqla, ölkəmizdə işsiz mütəxəssislərin sayı çoxdur. Bunu necə dəyərləndirmək olar? Qiymət verilmir, yoxsa tamam başqa amillər əsas rol oynayır?
- İndi elə vəziyyətdir ki, çempionatda 10 komanda var və onlardan 5-i legionerlərlə işləməyə üstünlük verir. İş yeri azdır. Ona görə də bizim kimi məşqçilər işsiz qalıblar. Bizim I Divizion güclü olsaydı, şərait əl versəydi, bu adamlar evdə oturmazdılar, gedib orada işləyərdilər. Amma harada özünü göstərə bilsin? İş yerinin az olması üzündən hazırkı vəziyyətə düşmüşük. Gözləməliyik. Bundan sonra gedib sənət dəyişə bilmərik ki. Gör neçə ildir bu işlə məşğuluq. Dəyişmək də olar, amma nəyə görə 25-30 illik sənəti atmalıyıq? Atıb başqa işlə məşğul olmaq da düzgün deyil. Başqa əlac olmadığı üçün ancaq gözləməliyik.

Xəbər xətti