“Bu, püşkatmadı, Allahın qismətidi, buna biz heç bir narazılıq bildirə bilmərik. Çünki komandalardan hansının bizə rəqib olacağını hələ bilmirik. Rəqibimiz iyulun 10-da müəyyənləşəcək. İyulun 3-də və ya 10-da Sloveniya və ya Monteneqroda keçiriləcək oyunlardan birinə əyani baxmağa hazırlaşıram. Bundan sonra komandalar haqqında tam təsəvvürüm olacaq və rəqib haqda fikir yürüdə biləcəm. Rəqibimiz kim olursa olsun, biz yenə oyuna yüksək əhval-ruhiyyə və qələbə əzmi ilə çıxacağıq. Açığı, bu gün bizim az da olsa, rəqibdən nə qorxacaq, nə də çəkinəcək yerimiz var. Hər şeydən əvvəl komandanı oyunlara düzgün hazırlamalıyıq. Bu yöndə də artıq Boluda işlərimiz başlayıb və sona yetmək üzrədi. Yəqin ki, Avstriya toplanışı zamanı bu məsələlərin hamısına nöqtə qoyulacaq. Rəqibimiz istər Sloveniya, istərsə də Monteneqro komandası olsun, biz meydana yalnız mərhələ keçmək əzmi ilə çıxacağıq. İlk oyunu harada keçirməyimizin fərqi yoxdu, vuranla vurulanın yerini dəyişdikdə hasil dəyişməz. Onsuz da iki oyun keçiriləcək, istər ilk oyun evdə olsun, istər səfərdə... Hər ikisinə hazır olmalıyıq. Əgər Avropada oynayırsa, rəqibimiz zəif ola bilməz, deməli, ölkəsinin yaxşı klublarından biridi. Ona görə də rəqibi qiymətləndiririk, hörmətlə yanaşırıq. Bu oyunlara çox ciddi hazırlaşacağıq”.
Xatırladaq ki, “Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsində “Koper” (Sloveniya) - “Çelik” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 17-də Bakıda, cavab görüşü isə ayın 24-də səfərdə keçirəcək.