Sportal.az həmin müsahibəni təqdim edir:
- Luko, protokola əsasən oyuna Antonio Soldo başlamalı idi. Hətta UEFA-nın saytında da belə göstərilmişdi. Bəs son anda dəyişikliyin baş verməsi nədən irəli gəlirdi?
- Əslində, elə nəzərdə tutulmuşdu. Baş məşqçi heyəti açıqlayan zaman Soldonun oynayacağı bildirildi. Amma o, oyunöncəsi məşqin sonlarına yaxın özünü yaxşı hiss etmədi. Nəticədə meydana mən çıxmalı oldu.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin qarşılaşma oldu. Birinci hissədə zəif çıxış etdik. Buna görə də, “Qəbələ” topa daha çox nəzarət edirdi. Fasilədə baş məşqçi fərqli şəkildə oynamağımızın gərək olduğunu bildirdi. Nəticədə iki top vurduq və qələbə qazandıq.
- Bu nəticədən sonra cavab oyununun formallığa çevrildiyini düşünmək olarmı?
- Hələ heç nə bitməyib. Daha bir 90 dəqiqə var. Cavab oyununda çox şey dəyişə bilər. Buna görə də indidən mərhələni adladığımızı düşünmürük. Əksinə, sona qədər oynamağa borcluyuq.
- Hesabın bu cür olacağını gözləyirdinizmi?
- Açığı, gözləmirdik. Bizim üçün səfərdə top buraxmadan heç-heçə də sərfəli nəticə sayılacaqdı. Bunun artığını bacardıq. Yenə deyirəm, arxayınlaşmaq olmaz.
- Yəqin “Qəbələ” haqda məlumat toplamışdınız. Komandamız gözlədiyiniz oyunu nümayiş etdirə bildimi?
- Əlbəttə, rəqibimiz olduğuna görə, “Qəbələ”nin oyunlarını izləmişdik. Nə gizlədim, izlədiyimiz “Qəbələ”ni bu gün meydanda görmədik. Bu dəfə zəif komanda gördük. Görünür hələ tam hazır deyillər. Həm də, Daniyel Subbotiç kimi hücumçunun yoxluğu da hiss olundu. O olsaydı, hücumda da fəal ola bilərdilər.