Bülənt Korkmazın köməkçisi: "Avropada "Qarabağ"a azarkeşlik edəcəm"

19:17 - 14 İyul 2014

 
 
Bir müddət əvvəl "Qarabağ"ın aşağı yaş qruplarına rəhbərlik edən Səbahəttin Təkin şəxsi problemlərinə görə komandadan ayrılmışdı. Mütəxəssis artıq Türkiyədə özünə yeni iş də tapıb. Belə ki, o,bundan sonra Türkiyə Superliqasında çıxış edən "Kayseri Erciyyesspor"da köməkçi məşqçi funksiyasını yerinə yetirəcək. Bu komandaya isə "Bakı"nın sabiq baş məşqçisi Bülənt Korkmaz  rəhbərlik edir.
 
Səbahəttin Təkin yeni işi və digər məsələlər haqda Sportal.az-a danışdı:
 
- Sizi “Kayseri Erciyespor”a kim dəvət etdi? 
- Vaxtı ilə Bülənt Korkmazla bir komandada çalışmışam. “Kayseri Erciyespor”da məni Bülənt Korkmaz dəvət etdi. Azərbaycandan ayrılandən sonra “Tokatspor”dan dəvət aldım və qısa müddətdə orda işlədim. Mövsüm başa çatandan oradan ayrılmaq məcburiyyətində qaldım. Demək olar ki, ayrılığımla “Kayseri Erciyespor”a dəvət üst-üstə düşdü.
 
- Bülənt Korkmazın başçılığı altında “Kayseri Erciyesspor”un uğur qazanacağına ümid bəsləyirsinizmi?
-Onun iş üslubuna yaxından bələdəm. Onun rəhbərliyi altında komandanın uğurlu çıxış edəcəyinə inanıram. Biz də köməkçi məşqçi olaraq ona kömək edəcəyik. İnşallah, yaxşı olacaq. 
 
-Ancaq statistika göstərir ki, Bülənt Korkmazın çalışdırdığı komandalar uğur qazana bilməyib. Bu, elə anlama gəlmir ki, “Kayseri Erciyespor”da baş məşqçiliyi qısa müddətli olacaq? 
-Düzdü, ilk dönəmlərdə Bülənt bəy çalışdığı komandada uğur qazanmayıb, artıq o vaxtlardan xeyli keçib. Digər yandan klub rəhbərliyinin də baş məşqçiyə ehtimat göstərməsi vacib amildi. Klubun prezidenti baş məşqçi ilə görüşündə komandanın güclü formalaşmasına söz verib. İnşallah, güclü transferlər edib komandanı yuxarı qaldıracaq, mən buna çox inanıram.
 
-Bülənt bəy və siz də bir vaxtlar Azərbaycanda işləmisiniz. Növbəti mövsüm komandanızın  planında  görmək istədiyiniz azərbaycanlı futbolçu varmı? 
- Bəli, hal-hazırda Azərbaycanda çox yaxşı, prespektivli futbolçular var, bunu mən hər zaman demişəm. Bülənt Korkmaz istəsə azərbaycanlı futbolçu transfer etmək olar, amma əvvəl biz transfer siyasətimizi dəqiqləşdirməliyik, bu biraz vaxt tələb edir. Biz əlimizdəki heyətdə hələ ki dəyişiklik etmədik. Əvvəl Ərzuruma, sonra isə Avstriyaya təlim məşq toplanışına gedəcəyik, təlim məşq toplanışında bu barədə fikirləşəcəyik.
Mən də, Bülənt bəy də Azərbaycanı, Azərbaycan xalqını çox sevirik. Azərbaycanlı futbolçuların yetişməsində əmək sərf etmişik, bunları yaddan çıxarmaq olmaz.
 
-Bu mövsüm bir neçə azərbaycanlı futbolçu PTT 1-ci liqaya transfer oldular. Onların uğur qazanacağına inanırsınız?
-Uğur qazanacaqlarına çox inanıram. Türkiyədə məndən azərbaycanlı futbolçular haqda soruşanda da onlar haqqında müsbət fikirlər söyləyirəm.Yaxşı futbolçulardı. Ümid edirəm bundan sonra da Azərbaycandan güclü futbolçular Türkiyə super liqasında oynamağa dəvət olunarlar. Türkiyədən də Azərbaycana futbolçuların transfer olunmasına ümid edirəm, bu 2 dövlət arasında futbolun yaxşı əlaqə qurulmasına gətirib çıxardar.  
 
- Nə vaxtsa Azərbaycana qayıtmağı fikirləşirsiniz?
- Mən xeyli vaxt Azərbaycanda “Qarabağ”ın aşağı yaş qruplarına rəhbərlik etmişəm. Ailədaxili səbəblərə görə yenidən Türkiyəyə qayıtmalı oldum. Nə  vaxtsa yenidən  Azərbaycana qayıdacam. Ancaq bu dəfə aşağı yaş qruplarına yox, əsas komandaya baş məşqçilik etmək üçün qayıdacam. 
 
- Sabah sabiq komandanız "Qarabağ" ÇL-də səfərdə Malta "Valetta"sının qonağı olacaq. Bu oyundan nə gözləyirsinz?
- "Qarabağ" Avropada öz sözünü demiş komandadır. bir neçə dəfə "play-off"a kimi gəlib çıxıb. Malta komandasını da keçəcəyinə ümidim böyükdür. Avropa arenasında "Qarabağ"a azarkeşlik edəcəm. "Qarabağ"ın qarşısına ÇL-in "play-off"unda güclü rəqib düşməsə, qrup mərhələsində də iştirak edə bilər. Ancaq "Qarabağ"ın Avroliqada qrup mərhələsinə yüksəlmək şansı olduqca böyükdür.

Xəbər xətti