"Qəbələ"nin vitse-kapitanı iddialı danışdı: "Hamının gözlədiyi "Qəbələ"ni görəcəyik"

10:50 - 30 İyul 2014

"Əhval-ruhiyyəmiz də düzəlib"
 
Hollandiya toplanışını yekunlaşdıran "Qəbələ" iki gün öncə vətənə dönüb.
 
Sportal.az xəbər verir ki, komandaya mövsümlərarası fasilədə qoşulan yerli futbolçu- Ruslan Abışov toplanışın ardından hazırlıq prosesi barədə fikirlərini gabalafc.az-la bölüşüb:

"Avropa Liqasındakı məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət o qədər də yaxşı deyildi. Amma Hollandiyada baş tutan təlim-məşq toplanışı komandanın toparlanması, özünə gəlməsi baxımından önəmli rol oynadı. Məşqlərimiz çox yararlı keçdi, güclü komandalarla qarşılaşdıq. Hal-hazırda komanda yaxşı vəziyyətdədir. Əhval-ruhiyyəmiz də düzəlib. Premyer Liqanın ilk oyununda - "İnter"lə matçda yaxşı nəticə göstərib çempionata uğurlu start vermək istəyirik. Bununla da bu uzun marafona hazır olduğumuzu göstərmək niyyətindəyik. Düzdür, komanda yeni formalaşıb, heyətdə yeni futbolçular çoxdur. Bu baxımdan komandanın tam formaya düşməsi, komplektləşməsi üçün biraz zamana ehtiyacımız var. İnanıram ki, çempionatın bir neçə turundan sonra hamının gözlədiyi "Qəbələ"ni görəcəyik".

Xəbər xətti