"Bakı"ya qol vura bilsəydim özümü xoşbəxt hiss edərdim"

00:07 - 23 Avqust 2014

Mendi: "Çox qol vurmağa davam edəcəyəm"
 
Premyer Liqanın III turunda “Qəbələ” “Bakı” ilə qarşılaşacaq. Paytaxtda keçiriləcək görüş “qırmızı-qaralar”ın təcrübəli futbolçusu Viktor Mendi üçün əlamətdar olacaq. Seneqallı hücumçu Premyer Liqada 90-cı matçına çıxacaq.
 
Sportal.az xəbər verir ki, Mendi gabalafc.az-a açıqlamasında bu yubileyin sevindirici olduğunu qeyd edib: “Çox sevinirəm ki, bu müddət ərzində yaxşı oyun sərgiləmişəm. Mən ümid edirəm ki, yenə də yaxşı oyunumla komandamıza xeyir verəcəyəm. Bununla da “Qəbələ”nin mövsüm ərzində uğurlar əldə etməsinə yardımçı olacağam”.

Mendi “Qəbələ”nin heyətində vurduğu 25 qoldan 5-ni “Bakı” ilə görüşlərdə rəqib qapısından keçirib. “Qırmızı-qaralar”ın heyətində paytaxtın eyniadlı təmsilçisinə ən çox qol vuran hücumçu bu uğurunu davam etdirmək iddiasındadır: “Ümid edirəm ki, çox qol vurmağa davam edəcəyəm. Bu komandaya qol vura bilsəydim özümü xoşbəxt hiss edərdim. Hücumçu üçün ilk qol önəmlidir. Çünki adətən ilk qolu vurduqdan sonra davamı da olur”.

Seneqallı hücumçu rəqib haqda da danışıb: “Bakı” ilə oyunumuz çətin olacaq. Bu komandadan çox oyunçular gedib. Amma biz yenə də çalışacağıq ki, qalib gəlib, növbəti 3 xalımızı əldə edək”.

Mendi II turun “Araz-Naxçıvan”la oyununda sonradan meydana daxil olmuşdu. Hücumçu həmin görüşdəki 1:0 hesablı qələbənin növbəti uğurlar üçün təkan olacağını düşünür: “Çox yaxşı oyun oldu. Premyer Liqada ilk 3 xalımızı qazandıq. İndi bu 3 xalı növbəti oyunlardakı uğurlarla artırmalıyıq”.

 

 

Xəbər xətti