"Azərbaycan çempionatı futbolçudan misal üçün Polşadakından daha texnikalı oyun tələb edir" MÜSAHİBƏ

11:45 - 25 Avqust 2014

Adam Banas: "Burada özünü təhlükəsiz hiss edirsən"

“Simurq”un bu mövsüm yeni transferlərindən olan Adam Banas ilk müsahibəsini klubun rəsmi saytına verib.
 
Sportal.az xəbər verir ki, polşalı müdafiəçi ölkəmizə gəlməsindən, “Simurq” və Zaqatala haqqında fikirlərini bölüşüb. Təcrübəli futbolçu yeni klubunun rəsmi saytına bildirib ki, uğur qazanmaq üçün rəqibin kimliyi, onun gücü haqqında düşünməməlidirlər.

- İlk öncə bilmək istərdik ki, “Simurq”dan təklif alan vaxt Azərbaycan, komanda haqqında hansısa informasiyan var idi?
- Elə də çox məlumatım yox idi. Təklif gəldiyində Pavel Kapsa ilə əlaqə saxladım. Mənə “Simurq”, Azərbaycan, çempionat barəsində ətraflı məlumat verdi. Komandanın peşəkar olduğunu, çempionatın yüksək səviyyədə keçdiyini, güclü komandaların və futbolçuların çıxış etdiyini bildirdi. Avstriyada təlim-məşq toplanışına qoşulduğumda hər şeyin deyildiyi kimi olduğunu gördüm. Həm məşqçilərin, həm rəhbərliyin, həm də burada çıxış edən futbolçuların düşündüyümdən də yüksək səviyyədə olduğunun şahidi oldum. Əvvəllər gəlim və ya gəlməyib fikirləri arasında qalmışdım. Ancaq toplanışa qoşulandan sonra tamamilə düşüncələrim dəyişildi və qərar verdim ki, müqavilə təklif olunsa, razılaşım. Karyeramda ilk dəfə olaraq legioner həyatı yaşayacaqdım. İndi bu qərarımın düzgün olduğunu düşünürəm. Çalışacağam ki, hər oyunda “Simurq”un uğuru üçün meydanda sona qədər mübarizə aparım. Mənə olan inamı, dəstəyi doğruldum.

- “Simurq”da polşalı futbolçuların oynadığını eşitmişdin?
- Əlbəttə, Martsin Burkhardtın, David Petjkeviçin, Pavel Kapsanın Azərbaycanda oynadıqlarını bilirdim. Onlara qarşı bir vaxtlar Polşa çempionatında rəqib kimi oynamışdım. Həmçinin internetdən bir neçə dəfə burada çıxış etməkləri barəsində məlumat oxumuşdum. Oyunlarına baxmışdım.

- Premyer Liqanın, komandaların səviyyəsi necə, gözlədiyin kimidir?
- Hətta deyərdim ki, artıqdır. Azərbaycan çempionatı futbolçudan misal üçün Polşadakından daha texnikalı oyun tələb edir. Bizdə əsasən fiziki güc önəmli rol oynayır. Ancaq burada elə deyil. İlk oynumuza (AZAL ilə oyunu nəzərdə tutur – red.) qardaşım da Polşadan internet vasitəsilə baxırdı. Oyundan sonra bu barədə danışdıq. O da mənimlə eyni fikirdə idi ki, Azərbaycan çempionatı futbolçudan texnikalı və çox sürətli oyun tələb edir.

- Fikrincə, komandamızın uğur qazanması üçün nələr lazımdır?
- Hazırda heyətdə çıxış edən futbolçular, məşqçilər korpusu, hər kəs komandanın qarşısına hansı hədəfin qoyulduğunu çox yaxşı bilir. Fikrimcə, biz bu məqsədə çatası gücdəyik. Ancaq işimiz bununla bitmir. Biz hər bir oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. Sona qədər mübarizə aparmalıyıq. Hər kəs üzərinə düşən işin öhdəsindən maksimum gəlsə, uğur bizim olacaq.

- Komandaya uyğunlaşmaqda çətinlik çəkmədin?
- Yox, elə də çətinlik çəkmədim. “Simurq” bir ailədir. Bütün günü komanda yoldaşlarımla birlikdəyik. Birgə yeyirik, gəzirik, istirahət edirik. Çox gözəl atmosfer var.

- Azərbaycan yeməkləri ilə bağlı problemin olmadı?
- Burada yaşamaqda çətinlik çəkəcəyimi düşünürdüm. Çünki fərqli bir mədəniyyətlə tanış olacaqdım. Həm də ilk dəfədir ki, karyeramı ölkəmdən kənarda davam etdirəcəkdim. Ancaq hər şey fərqli oldu. Qısa bir vaxtda buraya öyrəşdim. Artıq hər şey yaxşıdır. Yeməkləriniz çox yaxşı və ləzzətlidir. Hər cür şərait yaradılıb. Bizə isə yalnız məşqlərimiz və oyunlarımız haqqında düşünmək qalır.

- Zaqatala haqqında fikirlərini də bilmək maraqlı olardı.
- Çox gözəl və kiçik bir şəhərdir. Gəzmək, harasa getmək elə də çətin deyil. Burada özünü təhlükəsiz hiss edirsən. Yaşamaq üçün hər cür şərait var. Hətta qısa bir zamanda ailəmi də bura gətirmək istəyirəm. Ancaq hazırda havalar çox istidir. Buna görə gözləyirəm.

Xəbər xətti