"Orxan Sadıqlının əziyyətini yerə vurmaq istəmirəm, amma mənə elə gəlir ki, onu tez “odun içinə atdılar"
“Sumqayıt”ın qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyevin Sportal.az saytına müsahibəsi
Futbolumuzda mövcud olan problemlərdən biri də qapıçılarla bağlıdır. Belə demək mümkünsə, bütün ölkə futbolu bir Kamran Ağayevin ümüdinə qalıb. Bu vəziyyətə siz necə şərh verərdiz?
Yenə kökü gəlib uşaq futboluna çıxır. Sırf qapıçılarla işləyən peşəkar məşqçilər sarıdan korluq çəkirik. Bir tərəfdən də, imkanlı klublarımız gedib türk mütəxəssislər gətirirlər. Ancaq bu işin metodikasına baxsaz, türklərin özlərində qapıçılar məktəbi indi-indi formalaşır, onların bu işdə təcrübəsi azdır. Bu sahədə iki məktəb var: Avropa və sovet! Bu sahənin inkişaf etməsini istəyiriksə, konsepsiya hazırlanmalı, proqram tərtib edilməlidir. AFFA tərəfindən gətirilən ispan mütəxəssislə keçirilən yekun iclasda da bu məsələni qaldırdıq. Azərbaycanda həmişə yaxşı qapıçılar olub. Həm sovetlər dönəmində, həm də müstəqillik. Mən özüm oynadığım vaxtlarda da rəqabət güclü idi. İndi isə... Mütləq qapıçılar akademiyası yaradılmalıdır. Bu işi sürətlə göməliyik, gecikirik. Və ən əsası fundamenti düzgün qurulmadlır bu işin. Bir klubun yaxşı qapıçısı yoxdursa, bunun əziyyətini mütləq çəkəcək. Buna ən bariz nümunə “Xəzər Lənkəran”dır. Orxan Sadıqlının əziyyətini yerə vurmaq istəmirəm, amma mənə elə gəlir ki, onu tez “odun içinə atdılar”. Mənim rəhbərliyim altında “Sumqayıt”da da gənc qapıçılar var. Amma biz çalışırıq onları mərhələli şəkildə, pillə-pillə inkişaf etdirək.
Bəzi ölkələrdə əcnəbi qapıçıların çıxışına icazə verilmir, yalnız yerli qapıçıların oynamasına şərait yaradırlar. Bizdə bunu etmək olmazmı?
Mən də onun tərəfdarıyam ki, yerli qapıçılara güvənmək lazımdır. Çünki qapıçı yetişdirmək çox çətindir. Lakin bu günkü durum belə bir limitin tətbiq olunmasına imkan vermir. İndiki halda yerli qapıçıları barmaqla saymaq olar.
Ən üzdə olan qapıçımız Kamran Ağayevdir. Ancaq millidə yaxşı çıxış etsə də, klublarda daha çox qyeri-sabit oyunu ilə yadda qalır. Buna necə izah vermək olar?
Mənim fikrimcə, Kamran Ağayevi post-sovet məkanının bir nömrəsidir. Kamran milli səviyyəsində heç kimdən zəif təsir bağışlamır. Onun klubdakı durumuna qiymət verməyim çətindir. Çünki oradakı vəziyyyətdən xəbərim yoxdur. Mənə elə gəlir ki, Kamran Ağayev Azərbaycan çempionatının səviyyəsini aşıb. O, bir neçə il əvvəl xaricə getməliydi. Onun millidə möhtəşəm oyunlarına görmüşəm. Təsəvvür eləyin ki, 6 ay futbolsuz qalan Kamran Ağayev Ronaldonun qarşısına çıxır və həyəcan keçirmirsə, deməli, bu adam psixoloji cəhətdən çox güclüdür. Mən də qapıçı olmuşam. 6 ay futbol oynamasaydım, belə vəziyyətdə mütləq həyəcan keçirərdim.
Son dünya çempionatını çoxları həm də qapıçıların benefesi hesab edirlər. Siz hansı qapıçını bəyəndiz?
Manuel Noyeri. O, bu gün dünyanın bir nömrəsidir. Noyer bir çox yeniliklər gətirib dünya futboluna. Hücum başlmağı, oyun qurmağı, ayaqla oyunu, müdafiəni idarə eləməsi və s. Bizdə bir çox komandaların taktiki məşqlərinə baxın, qapıçılar orada iştirakdan kənar qalır. Almaniyada isə belə deyil. Onlar həm də qapıçının üzərində oyun qururlar. Bu baxımdan da Noyer Almaniya üçün çox xeyirli qapıçıdır.
Emin ABBASOV
saytlarin hazirlanmasi