İlqar Qurbanov: "Necə ola bilər ki, Şahin Diniyev kimi məşqçiyə Azərbaycanda iş tapılmır?"

17:05 - 9 Sentyabr 2014

"Dar günümdə "Qarabağ" mənə qapı açdı"

 

ÇL-in təsnifat mərhələsində həm “Valetta”ya qarşı oyunlarda, həm də “Zalsburq”la ev matçında yaxşı oyun sərgilədin.

Hə, bu hazırlıq dönəmini yaxşı keçirdim, təlim-məşq toplanışında çox çalışdım. “Zalsburq”la burdakı görüş karyeramın ən gözəl oyunlarından biri oldu.  Bu matçda hər şey oldu – qollar, qırmızı vərəqələr. Mən oyuna sonradan daxil oldum. Ancaq hiss edirdim ki, qələbə bizim olacaq. Oyunun sonları idi. Rəqibdən topu aldım və hiss elədim ki, sürətim hesabına cinahdakı digər “Zalsburq”lu futbolçunu keçə bilərəm. Yəqin ki, onun özü üçün də mənim bu keçidim gözlənilməz oldu. Mən ötürməni verdim, qalanını isə Reynaldonun ustalığı həll etdi.

 

Amma yaxşı forma yığdığın bir məqamda zədə ilə üzləşdin. Anlayıram, belə anda belə bəxtsizliklə üzləşmək hər bir idmançıya ağır gəlir.

Təsəvvür elə ki 6-7 il idi mən zədələnmirdim. Və belə bir zamanda zədələndim. Şükürlər olsun, zədəm o qədər də ağır deyil. Həm də futbolda belə şeylər çox olur. Karyeramda bir dönəm çox klublar dəyişdim, buna görə çox geri düşdüm. Ancaq dar günümdə “Qarabağ” mənə qapı açdı. Əvvəllər oyun praktikası sarıdan çox əziyyət çəksəm də, son 1 ildə artıq kifayət qədər meydanda oluram. Yenidən formamı bərpa eləyib məşqçidən şans gözləyəcəm.

 

Milli komandanın heyətinə baxanda, sənin dəvət almamağın adama təəccüblü görünür. Səncə, Fotqs niyə səni milliyə çağırmır?

İnanmıram ki, Foqtsun mənimlə qərəzi olsun. Ola bilər ki, oyunumu bəyənmir. Hətta mən Türkiyədə “Boluspor”da komandanın lideril olduğum zamanlar da dəvət almırdım. Mən daha bu mövzuda danışmaq da istəmirəm. Təbii ki, istəyərdim millidə oynayım. Ən azından o himni oxumaq üçün meydanda olmaq istəyərdim.

 

Şahin Diniyevin dönəmində milli komandanın aparıcı oyunçularından idi. O vaxt Diniyev Yol Polisinin stadionunda məşq edə-edə, şəraitsiz vaxtlarda 5 xal topladı. Amma bu gün bizdə belə bir məşqçiyə heç bir iddialı klubdan dəvət gəlmir. Onu yaxından tanıyan biri kimi bunun səbəbini nədə görürsən?

Şahin Diniyev cox güclü mütəxəssisdir. İstər məşq prosesləri, istər oyun zamanı gedişləri dərhal onun biliyindən xəbər verir. Onda ən bəyəndiyim xüsusiyyət o idi ki, qorxaq futbol oynatmırdı. Uduzsa da, gözəl oyun tələb edirdi bizdən. Anlamıram, necə ola bilər ki, Şahin Diniyev kimi məşqçiyə Azərbaycanda iş tapılmır? Ona yaxşı büdcəsi olan klub versələr, mütləq yaxşı nəticələr qazanar.

 

İlqar, sənin Türkiyə təcrübən böyükdür. Bizim milli üzvlərimiz Türkiyənin 1-ci divizionuna üz tuturlar. Bəziləri bunu alqışlayır, bəziləri isə yox. Bu, futbolçularımız üçün irəliləyişdir, yoxsa geriləmə?

Türkiyənin 1-ci divizonun küçümsəməsinlər. Orada oynamaq çox çətindir. Bunu orada oynayan futbolçular anlayar. Güzəştsiz mübarizə, azarkeşlərlə dolu stadionlar. Elə klubların büdcəsinə də baxın. Məsləhət görərdim ki, xüsusilə cavan futbolçularımız imkan daxilində Türkiyənin 1-ci divizonuna getsinlər.

 

Emin ABBASOV

Xəbər xətti