Zaqatala təmsilçisi “Qəbələ”nin tarixi ərzində ən çox qol vurduğu komandadır
Qəbələ" Azərbaycan Premyer Liqasının V turunda “Simurq”un qonağı olacaq.
Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisi “Qəbələ”nin tarixi ərzində ən çox qol vurduğu komandadır. Belə ki, “qırmızı-qaralar” bu rəqiblə oyunlarda 28 top vurub. Komanda heç bir başqa komandaya bu qədər qol vura bilməyib. Bu həftə keçiriləcək görüşdə “Qəbələ” ən azı 2 qol vursa, ikinci top bu duellərdə yubiley xarakteri daşıyıb, 30-cu olacaq.
Görüşdə vurulacaq ilk top isə “Qəbələ” – “Simurq” duellərində 50-ci top kimi tarixə düşəcək. Çünki arxada qalan matçlarda “qırmızı-qaralar” 28, rəqibi 21 dəfə fərqlənib. Səfərdə oynayacaq komandanın 28 topundan biri zaqatalalıların avtoqoludusa, digər 27 topa 24 oyunçu imza atıb. Yalnız üç futbolçu - Deon Barton, Daniel Subotiç və Kristian Torres hərəyə 2 dəfə fərqlənib. Sonuncu iki matçda, digərləri isə bir oyunda qollarını “Simurq”un qapısından keçirib.
Vurulan 49 qol rəqiblərin 26 qarşılaşmasında qeydə alınıb. İlk dəfə 2006-cı ildə I dəstədə üz-üzə gələn komandalar aşağı divizionda iki, Azərbaycan kubokunda 2, Premyer Liqada 22 dəfə görüşüb. Top fərqində olduğu kimi qələbə sayında da üstünlük “Qəbələ”dədir. “Qırmızı-qaralar” 11 dəfə qalib gəlibsə, 7 heç-heçə edib və 8 dəfə uduzub. “Simurq” son 4 qarşılaşmada qələbəyə həsrət qalıb. Zaqataladakı son iki duel isə qolsuz bərabərliklə nəticələnib.