"Qəbələ"nin hücumçusu iddialı danışdı:"Zaqataladan xalsız qayıtmayacağıq"

01:50 - 12 Sentyabr 2014

Ekiqo Ehiosun: "Arxada qalan 4 oyun haqqında çox şey deyə bilmərəm"
 
"Hər qarşılaşmada olduğu kimi bu dəfə də bütün bacarığımızı meydanda qoyacağıq. Zaqataladakı görüşdə əzmlə mübarizə aparacağıq. Meydanda hər şeyi, o cümlədən son oyunun nəticəsini unudub, yalnız matça köklənirik. Ümid edirəm ki, “Simurq”la səfər oyunundan xalsız qayıtmayacağıq. Uğurları sıralamağa nə qədər tez başlasaq, bir o qədər yaxşıdır".
 
Sportal.az xəbər verir ki,  bu sözləri "Qəbələ"nin futbolçusu Ekiqo Ehiosun klubun rəsmi saytına açıqlamasında deyib.
 
24 yaşlı hücumçu çempionatın ilk 4 turunu da dəyərləndirib: “Arxada qalan 4 oyun haqqında çox şey deyə bilmərəm. Hər ötən oyun növbəti qarşılaşmada nələrisə daha yaxşı etmək üçün bir addımdır. Bu da çox yaxşı olmasa da, pis də deyil”.
 
“Qəbələ”də debütü mövsümün startına təsadüf edən Ekiqo Premyer Liqanın 4 oyununda meydana çıxıb. Nigeriyalı qarşıdakı turlarda komandaya daha faydalı ola biləcəyini düşünür: "Premyer Liqanın startı mənim üçün Azərbaycanda debütlə əlamətdar oldu. Bu oyunlardakı çıxışımı dəyərləndirsəm, deməzdim ki, yaxşı olmadı. Amma daha da artırmaq üçün potensialım var. 
 
Bunların ilk matçların olduğunu nəzərə alsaq, növbəti oyunlar üçün daha çox çalışmalıyam. Mən də daha yaxşı oynayıb, komandama daha faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycan Premyer Liqası haqda nəsə demək tezdir. Çünki arxada cəmi 4 oyun qalıb. Lakin bu qısa müddətə əsasən çempionatın zəif olmadığını deyə bilərəm. Bir sözlə, bura gəlməyimə dəyərdi".

Xəbər xətti