Təcrübəli məşqçi danışdı
Torsten Spittlerin “Bakı”ya idman direktoru təyinatından sonra təcrübəli yerli məşqçi Məqsəd Yaqubəliyev almana köməkçi təyin edildi.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bakı Akademiya"sında əsas koordinator kimi işləri quran həm də “Bakı”nın əvəzedici heyətinə rəhbərlik edən Məqsəd Yaqubəliyevlə olan müsahibəni təqdim edirik:
- İki aydı ki, yeni mövsümə hazırlıqlar başlayıb. Hazırkı vəziyyətdə akademiyanın işini necə qiymətləndirirsiz?
- Bildiyiniz kimi, maliyyə çətinlikləri səbəbindən komandalarımızın yığışaraq çempionatlara hazırlaşmasında xeyli gecikdik. Futbolda hazırlıqsız komanda üçün çempionata başlamaq çox çətin olur. Sevindirici haldı ki, akademiyamızı təmsil edən komandalar ilk turlarda zəif təsir bağışlasa da, tədricən toparlandılar. Klubun köklü olması, ənənələrə əsaslanmasından irəli gələrək rastlaşdığımız kritik vəziyyətdən çıxmağı bacardı. Bunu ilk olaraq əsas komandamızın ilk oyunları ilə bugünkü çıxışı arasında fərq sübuta yetirir. Biz məşqçilərimizin savadına inanırıq. Hər həftə almaniyalı idman direktorumuzun rəhbərliyi altında məşqçilərin savadının artırılması məqsədi ilə onlara bir sıra mövzularda seminarlar keçirik. UEFA-nın məşqçilərlə bağlı ən son tövsiyyələrini onlara çatdırırıq. Bu, artıq ənənə halını alıb. Bundan başqa hər bir məşqçi öz keçirdiyi məşqlərin təhlilini aparır və bu barədə hesabat verir. Yaş qrupları üzrə bütün məşqlərə ciddi nəzarət edirik. Problemlərimiz da var. Narahat edici məqamlardan biri də uşaqlarımızın məşqlərə məsuliyyətsiz münasibətidi. Bu istiqamətdə tədbirlər görürük.
- Əvəzedicilərdə işləriniz necə gedir? Əsas heyətə yeni namizədlər kimlərdi?
- Əvəzedilərin qarşısında iki vəzifə qoyulub. Birincisi, gənclərin yetişərək əsas heyətdə oynaması, digəri isə əsas heyətdə zədə və ya cəza səbəbindən oyun praktikası olmayan futbolçuların yenidən formaya düşməsi üçün oynamasıdı. Hər iki istiqamətdə işlər sintez halında yerinə yetirilir. Biz nəticəni önə çəkmirik. Əsas qarşıya qoyulan vəzifələrin icrasıdı. İşlər düzgün gedirsə, uğurlu nəticə də mütləq olacaq. Əsas komandaya namizədlərə gəlincə, Umar Akmurzayev, Azamat Qazayev, Yusup Xakimov və Renat Ağaverdiyev yaxın vaxtlarda öz adlarından söz etdirə biləcəklər. Onlar əsas komandaya real namizədlərdi.
- Son turlarda “Bakı” əvvəlcə “Araz Naxçıvan”a, sonra isə iddialı “Simurqa”a qalib gəlməklə Premyer Liqaya layiq klub olduğunu göstərdi. Bu mövsümdən nə gözləmək olar?
- Rəhbərliyin diqqəti nəticəsində “Bakı” gəncləri futbola bəxş etməkdə davam edir. Ötən turda Mahir Mədətov və Valeh Seyidovun çempionatda debütü bizi çox sevindirdi. Onların arxasınca Ülvi Süleymanov, Nicat Əsgərov, Aydin Mustafazadə və s. gənclərın də tezliklə meydana çıxaraq özlərini göstərəcəklərinə inanırıq. Bu gün “Bakı” fiziki və texniki hazırlıq səviyyəsinə görə heç bir komandadan geri qalmır. İlk turlardan fərqli olaraq komanda bəzi komponentlərdə rəqiblərindən daha üstündü. Unutmayaq ki, onlar bizdən bir ay, ay yarım öncə hazırlıqlara başlamış, əksər klublar isə təlim-məşq toplanışlarını ölkə xaricində keçirmişdilər. Akademiyanın önəmi burada da özünü göstərir.
- Akademiyanın yetirmələrinin bəziləri digər Premyer Liqa klublarında top qovmaqdadı...
- Bu, bizi çox sevindirir. “Simurq”da Vadim Abdullayev və Vüqar Mustafayev, “Qarabağ”da Namiq Ələsgərov, Şəhriyar Əliyev və Hacı Əhmədovun, eləcə də “Xəzər Lənkəran”da çıxış edən Elşən Rzazadənin futbolçu kimi yetişməsində “Bakı”nın xüsusi rolu olub. Türkiyədə çıxış edən Rəhman Hacıyevi də yaddan çıxarmayaq. Digər klublarda da vaxtilə burada çıxış etmiş və ya klubun yetirməsi olmuş futbolçularımız var. Bütün bunlar klubun gənclər siyasətinin, məşqçilərin işinə peşəkar yanaşmalarının, akademiyada işlərin düzgün qurulmasının nəticəsidi. Onların sayı ildən ilə daha da artacaq.