"Simurq" "Dinamo" ilə qarşı-qarşıya

12:05 - 10 Oktyabr 2014

Komanda Gürcüstana yollanacaq

 

"Simurq" Azərbaycan Premyer Liqasının növbəti turuna hazırlıqları davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, üç günlük istirahətdən sonra oktyabrın 6-da Zaqatalada bir araya gələn "sarı-qaralar" gündə iki dəfə olmaqla məşqə çıxır.

 

Yalnız millinin düşərgəsində olan İlkin Qırtımov, Vadim Abdullayev və Vüqar Mustafayev hazırlıqlarda iştirak etmir. Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalan Murad Səttarlı isə artıq tam sağalaraq məşqlərə başlayıb.

 

Milli komandanın seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən Zaqatala təmsilçisi iki günlük Gürcüstana yollanacaq. Qonşu ölkənin paytaxtında sabah növbəti məşqinə çıxacaq Georgi Çixradzenin futbolçuları oktyabrın 11-də Bakı vaxtı ilə saat 17:00-da Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirəcək. Bundan sonra Zaqatalaya qayıtmağı planlaşdıran "Simurq", bir günlük istirahətdən sonra isə yenidən çalışmaları davam etdirəcək.

 

Qeyd edək ki, "Simurq" Azərbaycan Premyer Liqasının 8-ci turunda "İnter"lə qarşılaşacaq.

Xəbər xətti