"Hücum futbolu ilə xal qazanmaq istəyirik"
Azərbaycan milli komandasının yeni baş məşqçisi Mahmud Qurbanovun müsahibəsi
		- Yeni təyinat barədə Sizi təbrik edirik. Nə deyə bilərsiniz?
		
		- Yığmada çalışmaq şərəfli, amma çətin işdir. Mənə etimad göstərdikləri, inandıqları və şans verdikləri üçün AFFA rəhbərliyinə minnətdaram. Sizin də dəstəyinizlə əlimizdən gələni edəcəyik ki, Norveçlə noyabrın 16-da keçirəcəyimiz oyundan uğurlu nəticə ilə ayrılaq. 
		- Yəqin ki, millidə qalıb işləməyinizin Norveçlə görüşdəki nəticədən asılı olduğunun fərqindəsiniz...
		
		- Mən heç bir rəqibdən qorxmuram. Hazırda əsas diqqətimiz Norveçlə oyuna yönəlib. Düzdür, gələcək karyeranı düşünən insanam. Amma bu gün növbəti rəqibi düşünməliyik, yaxşı nəticə, futbol üçün əlimizdən gələni edəcəyik.
		- Foqtsun İtaliya və Xorvatiya ilə qarşılaşmalara Mahir Şükürovla Vaqif Cavadovu çağırmaması xeyli tənqid olundu. Sizin necə, onları qaytarmaq planınız var?
		
		- Bu barədə plan qurmamışam. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, çağırılacaq. Xarici çempionatlarda çıxış edən legionerlərimizdən yararlanmaq lazımdır. Bu, xüsusən, klubda oyun praktikası və millidə təcrübəsi olanlara aiddir.
		- Bəs onların çıxışlarını yerindəcə izləyəcəksiniz?
		
		- Yəqin ki, legionerlərimizi izləməyə gedəcəyəm. Hələlik qarşıdakı planlarımı tam müəyyənləşdirməmişəm. Dəqiqləşmə olan kimi konkret addımlar atacağıq.
		- Foqtsun vaxtında milliyə cəlb olunmuş əcnəbi futbolçuları Siz də yığmaya çağıracaqsınız?
		
		- Həmişə demişəm ki, yığmada yerli futbolçular yer almalıdır. Yenə də fikrimdə qalıram. Onlardan hardasa biri çağırıla bilər. Təyinat yeni olduğundan, hələ bu barədə düşünməmişəm.
		- Norveçlə oyunda yaxşı nəticə üçün çalışacağınızı dediniz. Konkret, hansı nəticəni nəzərdə tutursunuz?
		
		- Təbii ki, güclü rəqiblə qarşılaşacağıq. Amma hücum futbolu sərgiləyərək, xal qazanmağı düşünürük. 
Mənbə:sportnet.az
     
                    